Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İlk döyüş gününün şəhidi

İlk döyüş gününün şəhidi

Tarix: 19 Noyabr 2021 23:56

Nizaməddin nəinki Bala Bəhmənli kəndinin, Füzuli rayonunun ilk şəhidi idi. Sentyabrın 27-də günortadan sonra onun nəşi böyük bir maşın karvanının müşayiəti ilə kəndə gətirilib.

Anası Nabat oğlu haqqında bunları söyləyib: "Onun hərbi işə çox böyük həvəsi var idi. Hərbi hissədəki əsgərləri öz doğma balası kimi çox sevirdi. Məzuniyyətdə olanda da evdə otura bilmir, tez-tez "gedim uşaqlara dəyib gəlim" deyirdi.

Sonuncu dəfə gələndə layiq görüldüyü medalı da özü ilə gətirmişdi. Vətən müharibəsi başlamamışdan üç gün əvvəl idi. Səhər tezdən saat 6-da formasını geyinib hərbi hissəyə tələsirdi. Mən həyət darvazasına qədər onu ötürdüm. Maşına minəndə əlimi kürəyinə qoyub "Allah əmanətində ol, Nizaməddin" dedim. O, çox kövrək və məhrəm baxışlarla mənə sarı dönərək "sağ ol, ana!" dedi. Sən demə, bu, bizim son görüşümüz imiş...".

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Nizaməddin 2016-cı ilin aprelində Lələtəpə uğrunda gedən döyüşlərdə də iştirak edib. Ailə üzvləri bu barədə sonradan xəbər tutublar. Anası da oğlunun həmin döyüşlərdə olduğundan xəbərsiz olub. Lakin bu dəfə o, oğlunun şəhid olmasından sanki bir ana həssaslığı, ana duyğusu ilə xəbər tutub: "Səhər tezdən çox güclü atəş səsləri eşidilməyə başladı. Tankların, topların gurultusu, partlayan mərmilərin səsi kənddə də eşidilirdi. Həmin vaxt çox dəhşətli bir atəş səsi eşitdim. Elə bil ürəyimə dəydi. Özümdə qəribə bir istilik hiss elədim. Tez gedib həyat yoldaşımı yuxudan oyatdım ki, elə bil nəsə olub. Mənə elə gəlir ki, Nizaməddin həmin vaxt düşmən gülləsinə tuş gəlmişdi...

Hər gecə yatmamışdan əvvəl arzu edirəm ki, kaş gecə yuxuma girsin. Həyatda onu doyunca görə bilmədim, heç olmasa yuxuda görüm. Təəssüf ki, yuxuda da onu görmürəm...".

Onu da qeyd edək ki, Nizaməddin hərbi xidmətdə olduğu 23 ilin təxminən 4 ilini İraqda sülhməramlı qüvvələrin tərkibində olub. Bir il əvvəl təqaüdə çıxmaq vaxtı olsa da, xidmət müddətini daha 2 il artırıb.

Atası İsmayıl xatırlayır: "Elə bil o, bu dünyaya əsgər kimi gəlmişdi, əsgər kimi də getdi. Təqaüdə çıxmaq istəmədi. İraqdan qayıdandan sonra doğma rayondakı hərbi hissədə xidmət etməyə başladı. Vətən müharibəsi başlayan gün Aşağı Əbdürrəhmanlı kəndində uğurlu əməliyyat nəticəsində ermənilərin səngərini ələ keçiriblər. Geri çəkilən düşmən əsgərləri səngəri artilleriya atəşinə tutublar, atılan mərmilərdən biri onun ayaq və kürəyindən dəyib. Yanında olan əsgərlərdən də şəhid olan da olub, yaralanan da".

Oğlunun yadigar şəkillərinə tamaşa edərək onun itkisinə təəssüflənən anası deyir: "Məni, balalarını, xanımını gözüyaşlı qoyub getdi. Nə deyim, o yolu özü seçmişdi, o yolda da şəhid oldu. Elə bil ölümünü gözləyirdi. Evdən çıxıb hərbi hissəyə gedəndə qardaşı arvadına vəsiyyət edib və ona bir şəkil verib. Deyib ki, ölsəm başdaşıma bu şəkli qoyarsız. Şəhid olandan sonra həmin şəkli böyütdürdük. Şəhid olanadək yeddi medal almışdı, üçünü də şəhid olandan sonra aldı...".

Ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Nizaməddin İsmayılovun oğlanları İsmayılın 9, Yusifin 8 yaşı var.

Şəhid doğma Bala Bəhmənli kəndində dəfn olunub.

Milli.Az


Etiketlər:  İlk döyüş gününün şəhidi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ