Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda Dmitri Sitkovetskinin ustad dərsləri keçirilib - VİDEO - FOTOlar

Bakıda Dmitri Sitkovetskinin ustad dərsləri keçirilib - VİDEO - FOTOlar

Tarix: 21 Noyabr 2021 16:57

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında müasir dövrün görkəmli musiqiçisi, violin ifaçısı və dirijor Dmitri Sitkovetskinin ustad dərsləri keçirilib.

D.Sitkovetski Bakıda doğulub boya-başa çatmış və ailəsi Azərbaycan musiqi incəsənəti ilə çox sıx bağlı olan irsi musiqiçidir. Baba - Qriqori Sitkovetski musiqi müəllimi, nənə - Lüsi Ratner isə SSRİ Azərbaycan Əməkdar artisti, M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının konsertmeysteri idi. Valideynləri isə görkəmli musiqiçilər - haqqlı olaraq dünya çapında şöhrət qazanmış parlaq violin ifaçısı Yulian Sitkovetski və bərabər dərəcədə parlaq pianoçu Bella Davidoviç olub.

Dmitri Sitkovetskinin özü gənc yaşlarında "Konsertino Praqa" adlı ilk gənclər müsabiqəsindəki qələbəsi sayəsində məşhurlaşıb. 1979-cu ildə Vyanada keçirilmiş nüfuzlu V.Kreysler adına beynəlxalq violin müsabiqəsində qalib gəlməsi musiqiçinin tərcümeyi-halında mühüm mərhələ olur. Sonralar D.Sitkovetski əvvəlcə violin ifaçısı, 1990-cı illərin ortalarından isə dirijor kimi ABŞ və Avropada bir çox konsertlər həyata keçirmiş, musiqi festivallarına və müsabiqələrinə rəhbərlik etmişdir. D.Sitkovetskinin repertuarına J.S.Baxın bütün solo violin sonataları və partitaları, Bramsın bütün violin sonataları, Mozart, Prokofyev, Şostakoviçin konsertləri, o cümlədən müasir bəstəkarların əsərləri daxildir. O, orkestr və simli ansambllar üçün bir sıra transkripsiyaların müəllifidir. Bundan başqa musiqiçi "Yeni Avropa simliləri" orkestrinin yaradıcısı olub.

D.Sitkovetski artıq 20 ildir ki, Vətəni Azərbaycanda olmamışdı. Musiqiçinin sözlərinə görə, bütün bu illər ərzində o, Qarabağın geri qaytarılacağını gözləyirdi. Onun fikrincə doğma ölkəsinə musiqi mədəniyyətin, təhsilinin dirçəldilməsi və inkişafı kimi mühüm missiyada yardımçı olmaq çox vacibdir. Məhz bu səbəbdən musiqiçi Azərbaycanın gənc və istedadlı ifaçıları üçün ustad dərsləri keçirməyi arzulayıb.

Ustad dərslərində Bakı Musiqi Akademiyasının magistratura pilləsinin I kurs tələbəsi Ləman Əsədova (professor Z. Quliyevanın sinfi),  III kurs tələbəsi Osman Mustafazadə (professor Z. Quliyevanın sinfi), o cümlədən,  Bülbül adına OİMM-nin 11-ci sinif şagirdi Cabbari Özcan (F. İdiatullinanın sinfi) iştirak etmişdir. Musiqiçilər İ.Bramsın 3 nömrəli Sonatasını, S.Prokofyevin 1 nömrəli konsertinin birinci hissəsini və Q.Ernstin "Yayın sonuncu gülü" etüdünü ifa ediblər. Xüsusi qeyd edək ki, tələbə Ləman Əsədova BMA-nın rektoru, Xalq artisti F.Bədəlbəylinin müşayiəti ilə çıxış edib. Ustad dərsləri üç saatdan çox davam edib. Bu müddət ərzində D.Sitkovetski gənc musiqiçilərlə nəinki ifaçılıq sənətinin sirlərini bölüşmüş, həm də hər bir ifaçı üçün hərtərəfli inkişafın və tərbiyənin vacibliyini vurğulamışdır. Çünki musiqiçi təkcə texniki bacarıqlara malik olmamalı, həm də tamaşaçılarla söhbət etməli, klassik kompozisiyaların yeni şərhinin müəllifi olmalıdır. Musiqiçinin öz praktikasında və musiqi sənəti klassiklərinin təcrübəsindən qeydləri canlı metafora və nümunələrlə müşayiət olunurdu. 

Qeyd edək ki, tədbirdə qonaq qismində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndələri, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin nümayəndələri, habelə, BMA-nın professor-müəllim heyəti və tələbələri iştirak edib.

Milli.Az


Etiketlər:  Bakıda Dmitri Sitkovetskinin ustad dərsləri keçirilib VİDEO FOTOlar


RƏYLƏR