Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Noyabr 2021 22:02
Donuz qripi kimi tanınan qripp növü 1930-cu ildə amerika alimi Riçard Şoup tərəfindən aşkar olunub.
Bu qripin bir neçə müxtəlif növü var. İnsanlar arasında bu qripin H1N1 növünə təsadüf edilir. Donuz qripi sağlam insana bu qripə yoluxmuş donuzdan və ya insandan keçə bilər. Donuz qripi hava-damcı yolu ilə yayılır.
Donuz qripinin simptomları:
- yüksək hərarət (39-40 C kimi)
- öskürək
- boğazda ağrılar
- zökəm
- əzələ və oynaq ağrıları
- baş ağrıları
- üşümə
- ümumi zəiflik, yorğunluq
- 1/3 xəstələrdə ürəkbulanması, ishal, qusma
- ağır formalarda - təngnəfəsliyin inkişafı, döş nahiyəsində ağrılar, dərinin göyərməsi, bayılma, qıcolmalar. Bu çox təhlükəli simptomlardır.
Donuz qripi əksər hallarda asan keçir və fəsadların inkişafına səbəb olmur. Lakin müəyyən qrup insanlar üçün bu qripp çox təhlükəlidir və çox ağır fəsadların inkişafına səbəb ola bilər. Bu insanlar arasında:
- 5 yaşına qədər uşaqlar,
- yaşlı insanlar (65 yaşından yuxarı)
- hamilə qadınlar
- bəzi xəstəlikləri olan insanlar (xərçəng xəstəliyi, qan xəstəlikləri, xroniki ağ ciyər xəstəlikləri - astma, xroniki obstruktiv ağciyər xəstəliyi, şəkərli diabet, ürək, böyrək, qaraciyər xəstəlikləri, bəzi sinir sistemi xəstəlikləri)
- immun sistemi zəif olan insanlar.
Donuz qripi bu qrup insanlarda ağır keçə bilər və fəsadlar verə bilər. Lakin hətta tam sağlam və cavan insan xəstəliyin ağır keçməyindən sığortalanmayıb. Bu səbəbdən xəstəliyin ilk simptomlarında həkimə müraciət etmək lazımdır.
Donuz qripi bu kimi ağırlaşmalara səbəb ola bilər:
- pnevmoniya (sətəlcəm). Virus mənşəli pnevmoniya şox ağır keçir və xəstənin tez bir zamanda həlak olması ilə nəticələnə bilər
- ürək iltihabları
- böyrək çatışmazlığı
- otit (orta qulağın iltihabı)
- sinusitlər (haymorit, frontit).
Donuz qripinin müalicəsində virus əleyhinə preparatlar istifadə olunur. Həmçinin müalicə zamanı hərarətsalan, iltihabəleyhinə preparatlar, vitaminlər istifadə oluna bilər.
Donuz qripinin fonunda xəstənin immun sistemi zəifləyir və nəticədə bakterial infeksiya qoşula bilər. Bu halda xəstəyə antibiotiklər təyin olunur.