Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Noyabr 2021 11:39
44 günlük Vətən müharibəsindən 1 ildən artıq bir müddət keçsə də, bu vaxt ərzində Azərbaycan, Ermənistan və Rusiya dövlət başçılarının iştirakı ilə nə az-nə çox, dünən Soçidə sayca üçüncü (10 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il, 26 noyabr 2021-ci il) üçtərəfli bəyanat imzalandı. Dünən baş tutan Soçi görüşü bir daha göstərdi ki, Ermənistan artıq romantizm, revanşizm mərhələsindən realizm dövrünə doğru addım atmaq məcburiyyətindədir, başqa seçim qalmadı.
Dekabrın 15-də Azərbaycan Prezidenti və Ermənistanın baş naziri arasında Brüsseldə keçiriləcək görüşün anonsundan dərhal sonra Soçi görüşünün daha tez keçirilməsi üçün Moskvanın təcili tədbirlərindən də aydın idi ki, Rusiya Cənubi Qafqazda Qərbin mövcud olması istiqamətində göstərilən səylərdən çox narahatdır. Təbii ki, Moskva Paşinyanın 9 noyabr üçtərəfli görüşündən müəmmalı şəkildə imtinasından sonra Qərbə "hə" deməsini bağışlamaq fikrində deyildi.
Bəlkə də elə bu səbəbdən Soçi görüşü ilk dəqiqələrdən maraqlı məqamları ilə diqqət çəkməyə başladı. Belə ki, üçtərəfli görüşdən öncə Soçi görüşlərinin formatı barədə qısa arayışda öncə Azərbaycan və Rusiya prezidentləri arasında görüş keçiriləcəyi, bu görüşdən sonra Ermənistanın Baş nazirinin də iştirakı ilə üçtərəfli görüşün baş tutacağı, ardınca isə Rusiya və Ermənistan liderləri arasında ayrılıqda görüş keçiriləcəyi qeyd edilsə də, proseslərin axarında başqa hadisələrin şahidi olduq. Putinin ilk ikitərəfli görüş üçün məhz Azərbaycan lideri İlham Əliyevi seçməsi Nikol Paşinyana ilk qulaqburması oldu. Kreml rəhbəri bu qərarı ilə həm də bir daha Bakının mövqeyinin onlar üçün daha önəmli olduğunu göstərdi.
Rusiya, Azərbaycan və Ermənistan liderinin Soçidə üçtərəfli görüşü zamanı Nikol Paşinyanın ritorikası xüsusi diqqət çəkdi. O, çıxışında "Dağlıq Qarabağ məsələsinin nizamlanması ATƏT-in Minsk qrupu çərçivəsində həll olunmalıdır" dedi. Paşinyan hətta bildirdi ki, güya "Azərbaycan ordusu Ermənistanın suveren ərazisinə daxil olub". Lakin çox keçmədi ki, bağlı qapılar arxasında keçirilən görüşdən dərhal sonra yekun bəyanat zamanı Paşinyanın ritorikasında ciddi dəyişkilik diqqətdən qaçmadı.
Soçi səfərinin ümumilikdə rəsmi Bakı üçün uğurlu adlandırmaq olar:
1. Mətbuata açıq üçtərəfli görüşdə Paşinyan Azərbaycanın Ermənistan sərhədlərini pozduğu ilə bağlı ifadələrə yer versə də, "Dağlıq Qarabağ" məsələsinin nizamlanması üçün Minsk Qrupu çərçivəsində işlərin davam etdirilməsinin əhəmiyyətindən danışsa da, bağlı qapılar arxasında keçən üçtərəfli görüşdən sonra Paşinyanın mətbuata bəyanatla çıxışı zamanı bu dedikləri ilə bağlı bir kəlmə də olsun dilə gətirməməsi nəzərdən qaçmadı. Görünür, erməni baş nazirə burada gündəliyi müəyyənləşdirən tərəfin məhz Azərbaycan olduğu Rusiya və Azərbaycan dövlət başçıları səviyyəsində növbəti dəfə detallı şəkildə izah edilib.
2. Soçi görüşü zamanı Putin ilk dəfə açıq şəkildə ikitərəfli təmasların artırılması və problemlərin Azərbaycan və Ermənistan tərəfinin öz aralarında həlli üçün bu təmasların əhəmiyyətini qeyd etməsi Kremlin Ermənistan-Azərbaycan siyasətində bir ilk idi. Putin bu açıqlaması ilə həm Paşinyana, həm də Ermənistan ictimaiyyətinə hazırki vəziyyətdə sülh, inkişaf, sabitlik şəraitində yaşamaq üçün Azərbaycanla dil tapmağın, Azərbaycanla kompromisə gəlməkdən başqa seçimlərinin, yollarının olmadığı mesajını verdi. Bu, bir daha Azərbaycanın Ermənistanın siyası gündəliyi ilə yanaşı bölgənin də gündəliyinə necə təsir imkanlarına malik olduğunu göstərdi.
3. Soçi görüşləri öncəsi Putinin Paşinyan ilə də ikitərəfli görüşünün olacağı bildirilsə də, bu görüşün keçirilməməsi Ermənistan rəhbərliyinə və anti-Rusiya qüvvələrinə növbəti xəbərdarlıq idi. Putin bu qərarla həm Ermənistanın hərbi-siyasi rəhbərliyinə, Qərbyönümlü qüvvələrə, siyasi partiyalara belə davam edəcəkləri təqdirdə Cənubi Qafqazın talehi, gələcəyi ilə bağlı bütün tale yüklü qərarları məhz Ermənistansız da verə biləcəyini göstərdi. O, bununla 44 günlük Vətən muharibəsinin yaratdığı yeni reallığa əsasən bölgənin gələcəyini bəlirləyəcək əsas güc, əsas beyin mərkəzi olaraq rəsmi Bakını göstərmiş olmaqla yanaşı, İrəvanın maraqlarını Paşinyansız da necə müdafiə etməyi, hansı məqamlara diqqət yetirməyi yaxşı bildiyinə işarə etdi. Bu amil Ermənistanın artıq Rusiyanın bir müstəmləkəsi, bir əyaləti olduğuna növbəti bir addım da ola bilər. Rusiya eyni zamanda bununla Ermənistanla bağlı vacib qərarların məhz Moskvadan verildiyini Qərbə nümayiş etdirdi. Kreml rəhbəri bir daha İrəvana anlatmağa çalışdı ki, Ermənistanın faktiki olaraq prosesə başqa gücləri qoşmaq istədiyini çox yaxşı anlayır və buna heç vaxt imkan verməyəcək.
4. Paşinyan 3 gün öncə Facebook hesabından sualları cavablandırarkən Zəngəzurdan dəhliz məsələsinə kəskin reaksiya verərək, buna razı olmayacaqlarını, dəhlizin mümkünsüzlüyünü bildirsə də Putin Soçi görüşünün yekununda mətbuata bəyanatla çıxışı zamanı "Zəngəzur dəhlizi" terminini işlətməsi Ermənistan rəhbərliyinə reallığı, götürdüyü öhdəlikləri xatırlatmaqdan başqa bir şey deyildi.
5. Üçtərəfli görüşdən sonra Paşinyanın mətbuata bəyanatla çıxışı zamanı "Bugünki görüşü mən də bütövlükdə çox müsbət qiymətləndirirəm. Mən Ermənistanın və Ermənistan xalqından mandat almış Ermənistan hökümətinin ölkəmiz üçün, bizim region üçün dinc inkişaf erasının başlanmasına hazır olduğunu təsdiq edirəm" deməsi, onun yenə də Bakının diqtəsi ilə hərəkət etmək məcburiyyətində qaldığını göstərdi. "İnkişaf erası" dedikdə, sözsüz ki, revanşist, müharibə ritorikasının əksi olaraq 10 noyabr və 11 yanvar üçtərəfli bəyanatlarında da nəzərdə tutulan öhdəlikləri - nəqliyyat kommunikasiya məsələsi, Zəngəzur dəhlizi və eləcə də sərhədlərin delimitasiya və demarkasiyası prosesinin əməli-praktiki icrasına başlanılması məsələsi nəzərdə tutulurdu.
Kimin hansı marağının olmasından aslı olmayaraq Azərbaycanın Soçidə də ərazi bütövlüyü, sərhəd və Zəngəzur dəhlizi məsələsində israrlı olduğu diqqətdən yayınmadı. Son anda, Soçidəki üçtərəfli Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşündə razılaşma əldə olunması və bununla bağlı, yekun bəyanatdan bu qənaətə gəlmək mümkündür. İlkin təhlildə görünür ki, bəyanatda bu dövrə aid "Dağlıq Qarabağ", "Dağlıq Qarabağ problemi", "status"u və yaxud "münaqişəsi" ilə bağlı bircə söz belə yoxdur. Belə bir mühüm formata isə təbii ki, Azərbaycan tərəfinin, Prezident İlham Əliyevin təkidi, tələbi ilə gedildiyi şübhə doğurmur. Yekun bəyanatın bu cür tərtib olunmasında növbəti dəfə Prezident İlham Əliyevin qətiyyəti, iradəsi ön plana çıxıb. Paşinyan isə Azərbaycan Prezidentinin diqtə etdiyi sənədə imza atmağa məcbur olub. Bir sözlə, ermənilərin "Artsax" mövzusu da artıq danışıqlar gündəmindən tamamilə çıxarılıb. Sənəddə də göründüyü kimi aktual məsələ regional təhlükəsizlik, sülh və kommunikasiyaların açılmasıdır. Münaqişə artıq gündəlikdə yoxdur. Status-kvonun isə Azərbaycan Prezidentinin dediyi kimi gorbagor olduğu görünür.
Ümumilikdə isə Soçi görüşünü, qəbul edilən bəyanatı Azərbaycanın haqlı tələblərini təmin edəcək sülh razılaşmasına doğru mühüm addım adlandıra bilərik. Sənəddə göründüyü kimi söhbət artıq regional münaqişədən gedir, sərhəd, kommunikasiya və s. Buradan da bir daha görünür ki, Rusiya konkret kommunikasiya xəttlərinin açılmasında maraqlıdır. Kreml indi ayılıb ki, bu problemə görə milyardlarla pul itirib. Bu vacib razılaşma isə, regionda ümumi sülhə, sabitliyə və həm Azərbaycanın haqlı tələblərini təmin edəcək sülhə doğru fundament addımdır.
Ümumilikdə isə Azərbaycan və Rusiya dövlət başçılarının yekun olaraq mətbuata bəyanatla çıxışları zamanı söylədikləri fikirlərin bir-birini tamamlaması, rəsmi Bakı ilə Moskvanın Soçidə ortaq məxrəcə gəlməkdə çətinlik çəkmədiklərini göstərdi. İstər Putinin, istərsə də İlham Əliyevin bənzər "Düşünürəm ki, görüşümüzün yekununun nəticələri yaxşı olacaq, bu nəticələri çox gözləmək lazım gəlməyəcək" ifadələrdən istifadə etməsi Azərbaycanın və Rusiyanın Ermənistana üçtərəfli bəyanatdan yayınmamaq, götürdüyü öhdəliyi yerinə yetirmək üçün son xəbərdarlıqları kimi də qəbul edilə bilər.
Təhməz Əsədov