Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Noyabr 2021 10:42
Zəngəzur dəhlizi İqtisadi Əməkdaşlıq Təşkilatının ən strateji layihəsinə çevrilir.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu sözləri amerikalı ekspert Endryu Korıbko Axar.az-a danışarkən deyib.
Ekspertin fikrincə, bu, Əfqanıstan, Mərkəzi Asiya respublikaları və Pakistanın Avropa Birliyinin nəhəng bazarına çıxışını asanlaşdıra bilər:
"Onlar öz məhsullarını Xəzər dənizindən keçirərək Azərbaycan-Gürcüstan-Türkiyə ticarət dəhlizi ilə həmin bloka sala bilərlər, lakin Zəngəzur dəhlizi xərcləri və vaxtı azalda bilər. Bundan əlavə, onun geniş tətbiqi blokun üzvləri arasında bu layihənin Azərbaycan tarixində ən mühüm layihə olduğunu nümayiş etdirən güclü həmrəylik siqnalı verəcək".
Ekspert bildirib ki, İran Hindistanla Şimal-Cənub nəqliyyat dəhlizini Mərkəzi Asiya respublikalarının qlobal bazara çıxışı üçün əlverişli alternativ kimi təqdim etməyə çalışır:
"Lakin ABŞ-ın İslam Respublikasına qarşı sərt iqtisadi və maliyyə məhdudiyyətlərinə məhəl qoymayan ölkələri ikinci dərəcəli sanksiyalarla təhdid etməsi bu ölkələri belə bir əməkdaşlıqdan çəkindirir. Sözügedən ölkələrin Zəngəzur dəhlizindən istifadə etmələri ilə bağlı isə heç bir məhdudiyyət yoxdur. Buna görə də hesab edirəm ki, bu layihənin böyük potensialı var və İƏT üzvlərinin qlobal iqtisadiyyatla daha fəal əlaqə qurması üçün bundan istifadə etmək lazımdır".
Amerikalı ekspertin qeyd etdiyi digər məqam da budur ki, bu, Çin və Rusiyanın çoxqütblü baxışını tamamlayır:
"Mərkəzi və Cənubi Asiya ilə Qərbi Asiya və AB arasında iqtisadi əlaqələrin genişləndirilməsində Zəngəzur dəhlizinin təşviqi irəli sürülür. Bu layihənin əleyhinə olanlar Çin və Rusiyanın baxışlarına qarşı olanlardır. Bu layihəyə qarşı çıxmaq eyni zamanda Ermənistanın milli iqtisadi maraqlarına da ziddir. Başqa sözlə, Zəngəzur dəhlizinə qarşı çıxmaq düşmən qüvvələrin Avrasiyada "parçala, hökmranlıq et" maraqlarını təbliğ etməkləridir".