Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanda vaksinasiyanın əlçatanlığı üçün hansı tədbirlər görülür? - ARAŞDIRMA

Azərbaycanda vaksinasiyanın əlçatanlığı üçün hansı tədbirlər görülür? - ARAŞDIRMA

Tarix: 5 Dekabr 2021 21:32

Sanitar-gigiyenik qaydalara riayət olunmaq şərti ilə səyyar peyvəndləmə məntəqələrinin insanların sıx olduğu məkanlarda fəaliyyət göstərməsi təqdir olunur. COVİD-19 bəlasından qurtulmağın yeganə yolu vaxtlı-vaxtında vaksinasiya olmaqdır.

Bu barədə Kaspi qəzeti məqalə dərc edib.

Dünya COVID-19 pandemiyası ilə mübarizə aparır. XXI əsrin yeni bəlası sayılan bu xəstəliyin kökünü birdəfəlik kəsmək mümkün olmasa da, peyvənd olunmaq hələlik yeganə çıxış yoludur. Bütün ölkələr öz əhalisini peyvənd etdirir, kütləvi immunitetin yaranmasına çalışır. Səhiyyə müəssisələri, tibb işçiləri bu məqsədlə səfərbər olunub. Qarşıya qoyulan hədəfə çatmaq üçün atılan addımlardan biri də səyyar tibb məntəqələrinin, briqadaların yaradılması, əhalinin sıx toplaşdığı məkanlarda qısa zaman kəsiyində peyvəndləmənin həyata keçirilməsidir. Bu təcrübə Azərbaycanda da tətbiq olunurmu? Əhalinin səyyar tibb məntəqələri və briqadalar vasitəsilə peyvənd prosesinə cəlb olunması koronavirusa qarşı mübarizədə effektiv addım sayılırmı?

Bu kimi suallara aydınlıq gətirmək üçün əvvəlcə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu göndərdik. Sorğumuzu cavablandıran TƏBİB əməkdaşı Elnarə Baxış bildirdi ki, cari il yanvarın 18-dən ölkəmizdə vaksinasiya prosesinə start verilib. Hazırda Azərbaycanda "Coronovac", "Vaxzevria", "Sputnik V", "PfizerBionetch" peyvəndindən istifadə olunur.

TƏBİB nümayəndəsinin sözlərinə görə, peyvəndləmə prosesi tam sürətlə, vaksinasiya strategiyasına uyğun davam etdirilir:

"Vətəndaşlar "randevu sistemi"ndən istifadə etməklə peyvəndlənə bilərlər. Bununla belə, tibb məntəqələrində sıxlığın qarşısının alınması, vaksinasiya prosesinin sürətləndirilməsi məqsədi ilə TƏBİB tərəfindən aprelin 2-dən səyyar briqadalar vasitəsilə də müxtəlif dövlət və özəl qurumlarda, universitetlərdə, iri ticarət mərkəzləri və supermarketlərdə peyvəndlənmə aparılır. Son statistikaya görə, səyyar briqadalar vasitəsilə, ümumilikdə 82 mindən artıq şəxs peyvənd olunub. Səyyar briqadalar fəaliyyətlərini ölkə üzrə hazırda davam etdirirlər. Ölkəmizdə koronavirusa qarşı aparılan vaksinasiya prosesinin sürətləndirilməsi, vətəndaşların peyvəndə əlçatanlığının təmini məqsədilə TƏBİB-in təşkilatçılığı ilə səyyar vaksinasiya briqadaları mobil avtobuslar vasitəsilə də xidmət həyata keçirib.  Paytaxtın bir neçə ərazisində səyyar avtobus məntəqələrində peyvəndlənmə aparılıb. Hər bir vətəndaşımızdan özünü və ətrafındakıları qoruması üçün vaksin olunmağı xahiş edirik".

Azərbaycan Tibb Universitetinin (ATU) müəllimi, həkim-mütəxəssis Şirazi İbrahimov bildirib ki, hər hansı hadisəyə insanların baxış bucağı, yanaşması, münasibəti fərqli ola bilir. Onun sözlərinə görə, məhz buna uyğun olaraq müxtəlif üsullar tətbiq edilir:

"Təhsil müəssisələrində, ictimai iaşə obyektlərində səyyar vaksinasiyanın tətbiqi ayrı-ayrı ölkələrdə sınaqdan keçirilir, müsbət və mənfi tərəfləri öyrənilir. Azərbaycanda əhali birinci dəfə vaksinasiyadan keçdikdən sonra ikinci dəfə peyvəndləmədən müxtəlif səbəblərdən vaxtında keçə bilmir. Bu, məhdud vaxtdan, səhlənkarlıqdan, tənbəllikdən, yaxud digər səbəblərdən baş verir. Nəticədə, zaman keçir, vaksinasiya üçün müəyyən olunan müddətin üstündən xeyli vaxt ötür və vətəndaş ikinci dəfə vaksinasiya üçün müraciət edir. Belə olan halda vətəndaşa vurulan peyvənd ikinci və ya üçüncü doza sayılmır, o, yenidən birinci doza peyvənd vurdurmuş olur. Çünki həmin vətəndaş birinci dozadan sonra ikinci dozanın vurulması üçün nəzərdə tutulan bir aylıq müddəti ötürüb, gecikib. Orqanizmdə müəyyən proseslər baş verib, birinci doza öz effektini itirib. Ona görə də, vətəndaş yenidən birinci dozanı vurmaq məcburiyyətində qalır. Bütün bunlar nəzərə alınaraq ölkəmizdə səyyar peyvəndləmə məntəqələri fəaliyyət göstərir".

Həkim-mütəxəssis deyib ki, səyyar briqadaların təşkili, əhalinin könüllü peyvəndləməyə cəlb olunması gözəgörünməz düşmənə qarşı mübarizədə daha bir uğurlu addımdır:

"Burada məqsəd əhalinin sağlamlığına xidmət etmək, onları koronovirus adlı bəladan qorumaqdır. Təsəvvür edin ki, metroya, iri ticarət obyektinə, təhsil müəssisəsinə və sairə daxil olursunuz, səyyar peyvənd məntəqəsini görən kimi dərhal yadınıza peyvəndlənmək düşür, vaxt itirmədən oradaca peyvənd olunur, yolunuza davam edirsiniz. Sanitar-gigiyenik qaydalara riayət olunmaq şərti ilə belə səyyar peyvəndləmə məntəqələrinin insanların sıx olduğu məkanlarda fəaliyyət göstərməsi yalnız təqdir edilir. COVID-19 bəlasından qurtulmağın yeganə yolu vaxtlı-vaxtında vaksinasiya olmaqdır. Bir həkim kimi vətəndaşları birinci, ikinci və üçüncü, hətta zərurət yaranarsa, dördüncü doza vaksin vurdurmağa səsləyirəm".

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universitetinin tibb elmləri doktoru Nuran Abdullayev də hesab edir ki, elmin təsdiq etdiyi, yüksək effektivliyi olan peyvəndlərin ölkəmizdə bu gün səyyar formada insanlara təklif edilməsi olduqca vacibdir. Alimin fikrincə, belə qənaətə gəlmək üçün nəinki peyvəndlərin yüksək effektivliyi, eyni zamanda Azərbaycandakı hazırkı yoluxma sayı əsasdır:

"Vacib olan məqam yüksək effekti olan peyvəndlərin tətbiq olunmasıdır. Peyvənd olunan insanlar gələcəkdə koronavirusa yoluxsalar belə, əksəriyyət onu yüngül formada keçirir, ölüm riski ilə üzləşmirlər. Bu baxımdan səyyar peyvəndləmə məntəqələrinin olması ümumi prosesə töhfədir. Bir il öncə bu mövzuda fikir bildirərək qeyd etmişdim ki, səyyar peyvəndləmə məntəqələri nəinki paytaxt Bakı şəhərində, eləcə də bütün regionlarda təşkil edilməlidir. Elmin təsdiq etdiyi kimi, müvafiq yaş qruplarına görə peyvəndləmə zamanında aparılmalıdır. Yalnız bu yolla ölkə əhalisinin kütləvi peyvənd olunmasını təşkil etmək, xəstəliyə qarşı effektiv immunitet yaratmaq olar".

Milli.Az


Etiketlər:  Azərbaycanda vaksinasiyanın əlçatanlığı üçün hansı tədbirlər görülür ARAŞDIRMA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ