Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Dekabr 2021 15:42
"Hər şeydən öncə o nəzərə alınmalıdır ki, tənzimləmə prosesində irəliləyiş ya da müsbət nəticəyə istiqamətlənmiş qığılcımlar yaranan kimi Ermənistanın hərbi-siyasi rəhbərliyi müxtəlif avantüralara əl atır. Diversiya qrupu, sərhəddə təxribatların törədilməsi, ərazilərimizin davamlı atəşə tutulmasına edilən cəhdlər kimi. Hamısının da qarşısı qətiyyətlə alınır. Ermənistan bunu Soçi görüşündan əvvəl də etmişdi, Brüssel görüşü öncəsi də eyni addımları atır. Bu, Ermənistanın illər ərzində ortaya qoyduğu real simasıdır".
Bunu Sonxeber.net-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.
O bildirib ki, Brüssel görüşündən Azərbaycanın mövqeyini zəiflədəcək heç bir şey gözlənilmir:
"Nikol Paşinyan ciddi cəhdlə çalışırdı ki, Rusiyanın təşəbbüsü ilə görüş baş tutmasın. Hansı ki, görüşlə bağlı Kremldən mövqe və tarix də, demək olar ki, bəlli idi. Nəticə etibarilə, görüş yubansa da, hesab edirəm ki, Moskvadan olan təzyiq nəticəsində Soçi görüşü baş tutdu. Əsas məsələ isə görüşdə əldə olunmuş razılıqların icrasıdır. Bəs icra olunurmu? Qəti şəkildə yox. İlin sonuna qədər delimitasiya və demarkasiya ilə bağlı konkret işlər görülməli idi, heç nə edilmir. Baş nazirlərin müavinləri səviyyəsində görüş olsa da ciddi addımlarla müşaiyət olunmur.
Ermənistan burada yenə də ikili oynayır, ağzını açıb Qərbdən gələn mesajları gözləyir. Belə ki, Paşinyanın özünün müstəqil qərar qəbuletmə mexanizmi olmadığı üçün qərar qəbul edicilərinin mesajlarına uyğun olaraq situativ addımlar atır. Burada bir məsələni qeyd edib, ona müvafiq də bənzətmə səsləndirmək, zənnimcə, daha məqsədə uyğun olar. Necə ki, Ermənistan illər ərzində ya da elə müharibə dövrünün özündə tarixə qovuşmuş Ermənistan-Azərbaycan, "Dağlıq Qarabağ" münaqişəsini ərazi münaqişəsi kimi deyil, dünya ictimaiyyətinin fikrini yayındıraraq dini zəmində olan münaqişə kimi təqdim etməyə cəhd edirdisə, ya da müharibə zamanı guya meydanda Türkiyənin olduğunu iddia edərək NATO ölkəsi ilə üz-üzə qaldığı kimi absurd iddialar, daha sonra KTMT-ini cəlb etmək istəyi, bunlarla da münaqişənin ya da müharibənin arealının genişləndirilməsinə yönəlik cəhdlər edirsisə, indi də Qərblə, ABŞ-la Rusiyanı yenə üz-üzə qoyaraq bu məsələdən də Azərbaycana qarşı istifadə etmək cəhdləri edir. Belə ki, Brüssel görüşündə Paşinyan fon yaradacaq ki, ABŞ-da keçiriləcək sammitdə iştirak edir. Əsas məqsədi odur ki, bu sammitdə iştirakından Azərbaycana qarşı təzyiq göstərmək üçün istifadə etsin. Bununla da "ağıllı" Paşinyan guya öz aləmində Brüssel səfərinin gündəliyini müəyyən etməyə çalışır ki, görüşə "demokratik" ölkənin "demokratiya" sammitinə dəvət alan "demokrat" lideri gedir, Azərbaycan isə dəvət almayıb. Belə olan halda beynəlxalq fikrə sırısın ki, Ermənistan demokratikdir, Azərbaycan isə deyil. Paşinyan anlamır ki, əlində Azərbaycana təzyiq etmək üçün güclü nəsə yox, heç nə yoxdur. Demokratiya sammitinə dəvət alanların siyahısı da özü bunun cavabını verir.
Hər bir halda, düşünürəm ki, Brüsseldə əsas məqsəd odur ki, tərəflər arasında hər hansı bir razılaşma əldə olunsun. Hətta ola bilsin ki, 26 noyabrda Soçidə imzalananan sənədin qüvvədə saxlanılmasını təkrar edən bir sənədin də imzalanmasına cəhd etsinlər. Bununla da Qərb Rusiyaya mesaj versin və göstərsin ki, tənzimləmə prosesində tək Rusiya yox, Qərb də, ABŞ da var. Bu isə realdırmı? sualını qaldırdığımız zaman, düşünürəm ki, yox. Fəallıq ola bilər, amma daha ciddi anlaşmanın imzalanacağına inanmıram. Müharibə dövrünə baxsaq Fransa və ABŞ daha çox müşahidəçi qismində idi. Müharibə və postmüharibə dövründə əsas oyunçular Rusiya və Türkiyədir. Digər tərəflər isə daha çox Ermənistanı qızışdırmaq, yanlış, öz maraqlarına xidmət edəcək istiqamətə yönəldirlər. Brüssel görüşündən Azərbaycanın mövqeyini zəiflədəcək heç bir şey gözləmirəm, qəti olaraq da ola bilməz. Daha çox humanitar məsələlər gündəlikdə saxlanılacaq. Məqsədlərdən biri, birincisi ATƏT-in Minsk qrupuna ikinci nəfəs verilməsidir. Burada əsas məqsəd odur ki, status məsələsini gec-tez yenidən gündəmə gətirsinlər. Statusla və siyasi təsisat olaraq ATƏT-in Minsk qrupu ilə bağlı da Azərbaycan qəti mövqeyini ortaya qoyub. Bunu bütün tərəflər aydın bilir. Brüssel görüşündən böyük bir gözləntim yoxdur. Əsas amal odur ki, Qərb çalışır ki, "outsider" vəziyyətindən çıxsın".
Təhməz Əsədov