Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yaponiyada smartfonlardan asılılığın aradan qaldırılması üçün hansı addımlar atılır?

Yaponiyada smartfonlardan asılılığın aradan qaldırılması üçün hansı addımlar atılır?

Tarix: 15 Dekabr 2021 21:50

Bir neçə ay bundan əvvəl Yaponiyada smartfon telefona baxaraq hərəkət edən gənc qadının qəzaya düşərək həyatını itirməsi, son illər insanların telefondan asılılığının çox ciddi problemə çevrildiyini bir daha təsdiq etdi. Məlum oldu ki, hərəkət zamanı fasiləsiz şəkildə telefonun ekranını izləyən insanlar yalnız özləri üçün deyil, həmçinin ətrafdakılar üçün də təhlükə mənbəyinə çevrilirlər.

Milli.Az bildirir ki, AZƏRTAC-ın xüsusi müxbiri həm Yaponiyanın, həm də cənub-şərqi Asiya ölkələrinin hökumət strukturlarının bu təhlükəni aradan qaldırmaq üçün həyata keçirdiyi tədbirləri araşdırıb.

Cari il iyulun 31-də smartfona telefona baxaraq hərəkət edən gənc qadının qatarla vurulması nəticəsində həlak olması Yaponiyanın dövlət strukturlarını bu problemə daha ciddi yanaşmağa məcbur edib. Hökumət strukturları və digər əlaqədar təşkilatlar bu problemin həlli yollarının araşdırılmasına xüsusi diqqət yetirməyə başlayıblar. Tokioda baş verən həmin faciə vaxtı dəmir yolu xəttini keçən 31 yaşlı qadın keçidi tam başa vurmadan dayanıb. Müşahidə kameralarında onun təhlükə zonasını tərk etmədən dayanması, dəmir yolu kənarındakı təhlükəsizlik siqnallarının qatarın yaxınlaşması barədə xəbərdarlığına baxmayaraq, bütün diqqətinin əlindəki smartfonda olduğu aydın görünür. Nəticədə bu qadın elə hadisə yerindəcə keçinib.

Hadisədən sonra kadrları təhlil edən polis əməkdaşları qadının qatarın yaxınlaşdığını hiss etdiyini, lakin təhlükədən kənarda olduğunu düşündüyünü güman edirlər. Polisin qənaətinə görə, qatarın vurduğu qadın təhlükəsizlik xəttini keçməyib və diqqəti bütünlüklə əlindəki smartfonda olub.

Son 10 ilə yaxın dövrdə smartfonların insan gözlərinə təsirini tədqiq edən Aiçi Texnoloji Universitetinin professoru Kozuka Kazuhironun qənaətinə görə, bu, tamamilə mümkündür. Professor hərəkət zamanı smartfonun insanın görmə qabiliyyətinə təsirini araşdırmaq üçün xüsusi qurğudan istifadə edir. Onun tədqiqatları təsdiq edir ki, insan smartfona baxdığı zaman onun fokus dairəsi 96 faizədək azalır. İnsanın smartfona baxaraq hərəkət etməsi zamanı görmə dairəsinin kəskin azalmasını aytrekinq texnologiyası da təsdiq edir.

Yapon professor bildirir ki, belə hərəkət zamanı təhlükə yaradan obyekt sizin görmə dairənizə daxil olsa da, gözləriniz bu obyektə doğru yönəlmədiyinə görə, insan beyni onu qəbul etmir. Bu halda insan ətraflarında baş verənləri səhvən çox yaxşı gördüyünü düşünür. Çünki beyin avtomatik şəkildə digər informasiyanın qarşısını alır. Bu, yalnız gözə deyil, digər hissiyyat orqanlarına da təsir göstərir. Yəni baş verən qəza zamanı həmin qadın təhlükənin yaxınlaşdığı barədə səs siqnallarını da eşidib.

Vaseda Universitetinin beynin fəaliyyəti üzrə eksperti professor Edaqava Yosikuninin qənaətinə görə isə smartfonların əsas funksiyası məhz diqqəti özünə cəlb etməkdir. Həmin qadının bütün diqqətinin smartfonda olması nəticəsində beyin digər informasiyaların qarşısını alıb.

E.Yosikuninin qənaətinə görə, insan beyni eyni vaxtda bir neçə informasiyanı qəbul və təhlil etməyə qadir deyil. Smartfonla əlaqədar hadisə zamanı isə qadın bütün diqqətinin smartfonun ekranına yönəlməsini istəyib. Yəni bizim gözlərimiz və ya qulaqlarımız digər siqnalları qəbul etsə də, beyin heç də hər zaman həmin siqnalları dərk etməyə qadir deyil.

Təhqiqat zamanı bu qadının hər gün həmin yerdən keçərək getdiyi məlum olub. Professorun qənaətinə görə onun ətraf mühiti yaxşı tanıması da onda təhlükəsizliklə bağlı səhv təsəvvür yarada bilər. Nəticədə də o, yaxınlaşan qatarın yarada biləcəyi təhlükə barədə siqnala lazımi reaksiya göstərməyib.

Daxil olan məlumatlar son illər hərəkət zamanı smartfondan istifadə səbəbindən baş verən yol-nəqliyyat qəzalarının sayını artdığını təsdiq edir. Tokio Yanğınsöndürmə Xidmətinin məlumatına əsasən, 2016-2020-ci illərdə piyada və ya velosipedlə hərəkət zamanı smartfondan istifadə edən insanların paytaxtda qəzaya düşməsi ilə əlaqədar 196 dəfə təcili yardım çağırılıb. Hadisənin qurbanları isə müxtəlif yaş qruplarına aid olub.

Bütün bu baş verənlər hərəkət zamanı insanların smartfonlardan istifadə etməsinə qadağanın vaxtının çatdığını deməyə ciddi əsas verir. Hazırda Yaponiyanın müxtəlif şəhərlərində bu istiqamətdə addımlar atılmaqdadır. Məsələn, Kanaqava prefekturasının Yamato şəhərində 2020-ci ildə belə bir qadağa tətbiq edilib. Həmin qadağaya əsasən müəyyən cərimələr nəzərdə tutulmasa da, o öz təsirini göstərib. Belə ki, yollarda tətbiq edilən və smartfondan istifadəni qadağan edən işarələr səmərəli nəticə verməyə başlayıb. Şəhərin hakimiyyət orqanlarının keçirdiyi sorğunun nəticələrinə görə, əgər 2020-ci ilin yanvarında stansiya yaxınlığında gəzən insanların 12 faizi smartfondan istifadə edirdilərsə, qadağa qüvvəyə mindikdən sonra belələrinin sayı 7 faizə enib.

Buna oxşar qərarlar Tokionun Adaçi və Arakava şəhərlərində, həmçinin Osakanın İkeda şəhərində də tətbiq edilir. Qaydalara hörmətlə yanaşan yaponlar cərimə nəzərdə tutulmasa belə hərəkət zamanı smartfondan istifadəni dayandırıblar.

Məlumat üçün qeyd edək ki, Asiyanın başqa ölkələrində də hərəkət zamanı smartfonlardan istifadənin yarada biləcəyi təhlükənin qarşısını almaq üçün müxtəlif üsullardan istifadə edilir. Belə ki, Havay adalarının Qonolulu şəhərində küçəni keçən zaman smartfondan istifadəyə görə 15 dollardan 99 dollaradək cərimə tətbiq edilir.

Cənubi Koreya polisi məsələyə daha müasir yanaşma tətbiq edib. Yəni yolu keçməyə hazırlaşan insanların diqqətini cəlb etmək üçün keçid yerlərində ayaqlar altında işıqforla eyni rənglərdə yanan işıq lövhələri quraşdırılıb. İşıqforla birlikdə dayanmaq və ya hərəkət etmək rənglərində yanan bu lövhələr başıaşağı qaydada hərəkət edən və ya diqqəti smartfonda olan insanların fikrini özünə cəlb edir. Qeyd edək ki, 2018-ci ildən tətbiq olunmağa başlayan bu lövhələr Seulun mindən artıq ən çox hərəkətli yol keçidində quraşdırılıb.

Çinin Çunçin şəhərində isə gəzinti zamanı smartfona baxaraq hərəkət etmək istəyənlər üçün xüsusi sahə ayrılıb.

Yapon professor K.Kazihoru bu təhlükənin qarşısını almaq üçün insanlar arasında izahat işlərinin aparılmasına çağırır. Bildirir ki, bu, siqaretin insan orqanizmi üçün yaratdığı risklərlə bağlı aparılan izahat işi kimi öz səmərəliliyini verə və insanları məsuliyyətə çağıra bilər. Əgər Yaponiyada insanların yalnız xüsusi ayrılmış yerlərdə siqaret çəkməsini və siqaretin tüstüsünün onu çəkməyən insanlara daha çox təsir etdiyini dərk etməsini nəzərə alsaq, bu çağırışın da cəmiyyət üçün nə dərəcədə faydalı ola biləcəyini başa düşmək olar. Yəni bu ictimai təsir vasitəsi smartfonlarla əlaqədar da müsbət irəliləyişə və bu asılılığı azaltmağa səbəb ola bilər.

Beləliklə müxtəlif şəhərlərdə və yaşayış məntəqələrində həyata keçirilən bu tədbirlər deməyə əsas verir ki, Yaponiya smartfonlardan asılılığı azaltmaqla bağlı kütləyə təsir etməklə uzunmüddətli dəyişikliklərə nail ola bilər.

Milli.Az


Etiketlər:  Yaponiyada smartfonlardan asılılığın aradan qaldırılması üçün hansı addımlar atılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ