Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vətəndaşın əlillik statusu problemi - VİDEO

Vətəndaşın əlillik statusu problemi - VİDEO

Tarix: 21 Dekabr 2021 16:18

Biləsuvar rayonu İsmətli kənd sakini İlqar Qurbanov Birinci Qarabağ müharibəsi iştirakçısıdır. Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə ağır yaralanan həmsöhbətimiz hospitalda müalicə alır. Amma müalicəsi başa çatmamış yenidən cəbhəyə yollanır. Bu dəfə Füzuli istiqamətində gedən döyüşlərə qatılır. Amma düşmən zərbəsi yenə ondan yan keçmir.

Sonxeber.net Real TV-yə istinadən xəbər verir ki, 2006-cı ildən ikinci qrup əlil kimi pensiya aldığını deyən həmsöhbətimiz bu illər ərzində heç yerdə çalışmadığını, daha çox müalicələrə vaxt və pul sərf etdiyini bildirir. Bu işlərdə İlqar Qurbanov qardaşının köməyinə arxalanıb. Elə bu çəkilişdə də qardaşı onu tək qoymamışdı. Mart ayında pensiya müddəti başa çatan İlqar Qurbanov yenidən müraciət edir. Amma ona imtina cavabı gəlir.

Bu gün İlqar Qurbanov hər şeydən daha çox özəl ali məktəbdə ödənişli təhsil alan övladına görə narahatdır. Belə ki, əgər əlillik statusu təsdiqlənməsə, övladı üçün 4 min manatlıq ödəniş etməlidir. Halbuki bu, onun imkanları xaricindədir.
Vətəndaşın vəziyyətinə aydınlıq gətirmək üçün Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əlaqə saxladıq. Oradan bizə bildirildi ki, Biləsuvar rayon sakini Qurbanov İlqar Xosrov oğlunun əlilliyi 05.02.2016-cı ildə e-sistem tərəfindən avtomatik olaraq 5 il müddətinə uzadılıb və 05.02.2021-ci il tarixində qanunvericiliyə uyğun olaraq müddət başa çatıb. 10.02.2021-ci il tarixində Biləsuvar Rayon Mərkəzi Xəstəxanası tərəfindən şəxsin əlillik müddətinin uzadılmasına dair elektron sistemə forma 88 daxil edilib. Lakin, Qurbanov İlqarın xəstəliyinin başlanma tarixi 2005-ci il olsa da, əsas diaqnozla bağlı yalnız 2017-ci ildə 8 gün stasionar müalicə alıb, bu səbəbdən vətəndaşın ixtisaslaşmiş klinikada stasionar şəraitdə müalicə olunması barədə qərar verilib. Lakin, şəxsin əlillik səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olduğu üçün o, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə olunacaq və əyani müayinənin nəticəsinə uyğun olaraq vətəndaşın əlilliyinin qiymətləndirilməsi ilə bağlı müvafiq qərar veriləcək. Bununla bağlı artıq vətəndaşla əlaqə saxlanılıb.

Ümid edək ki, İlqar Qurbanovun Agentlikdən eşitdiyi cavab gözləntisinə uyğun olacaq.


Etiketlər:  Vətəndaşın əlillik statusu problemi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ