Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident İlham Əliyev - Milyonlarla insanın arzusunu reallığa çevirən Lider

Prezident İlham Əliyev - Milyonlarla insanın arzusunu reallığa çevirən Lider

Tarix: 24 Dekabr 2021 00:03

Bu gün, dekabrın 24-də Azərbaycan prezidenti İlham Əliyevin - tarixə müzəffər Ali Baş komandan kimi düşən, əsrlər sonra ölkəmizə məxsus torpaqları ilk dəfə azad edən, milli qürurunu xalqa qaytaran Liderin ad günüdür.

Müasir Azərbaycanın bütün qələbələri, uğurları İlham Əliyevin adı ilə bağlıdır. Təkcə onu demək kifayətdir ki, son 20 ildə ölkə iqtisadiyyatı bir neçə qlobal böhrana baxmayaraq iki dəfə yüksəlib. Prezident İlham Əliyev milli iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sənayesinin inkişafı siyasətinin əsasını qoyub və onun rəhbərliyi altında müxtəlif sahələrdə - makroiqtisadi siyasətdən və biznes mühitindən tutmuş dövlət-vətəndaş münasibətlərinə qədər genişmiqyaslı islahatlar proqramı hazırlanıb. Nəticədə yoxsulluğun səviyyəsi 49 faizdən 5 faizə düşüb, Azərbaycan investisiya cəlbediciliyinə görə dünya reytinqlərində birinci yerə çıxıb, ümumilikdə isə xarici investorlar ölkə iqtisadiyyatına 140 milyard dollardan çox investisiya yatırıb.

Azərbaycan XXI əsrin ən böyük infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizini həyata keçirməklə Avropanın enerji təhlükəsizliyinin təminatçılarından birinə çevrilib. 2004-cü ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə "Regionların İnkişafı üzrə Dövlət Proqramı" qəbul edilib. Ölkənin büdcəsi bir neçə dəfə artıb - sadəcə onu xatırladaq ki, 2003-cü ildə Azərbaycanın dövlət büdcəsi cəmi 1,2 milyard ABŞ dollar idi. Müqayisə üçün qeyd edək ki, 2022-ci ildə dövlət büdcəsinin gəlirləri təxminən 26,8 milyard manat - təxminən 15,8 milyard dollar təşkil edəcək!

Prezident İlham Əliyev Azərbaycanda sabit, dayanıqlı fəaliyyət göstərən və inkişafını davam etdirən iqtisadiyyat qurub və bu, güclü, müstəqil Azərbaycanın özülünə çevrilib. Bunun nəticəsidir ki, bu gün ekspertlər, politoloqlar, analitiklər bəyan edir ki, Azərbaycanla zor gücü ilə danışmaq, kənardan iradəsinə zidd nəsə diktə etmək qeyri-mümkündür.

Qalib Ali Baş Komandanın rəhbərlik etdiyi ölkəmiz ötən ilin payızında öz gücünü nümayiş etdirdi - Azərbaycan Silahlı Qüvvələri cəmi 44 gün ərzində erməni işğalçılarını darmadağın edərək, ölkənin ərazi bütövlüyünü bərpa etdi. Bununla da Prezident İlham Əliyev Qarabağı və Şərqi Zəngəzuru azad etmək kimi tarixi missiyanı yerinə yetirdi! Müharibə illərində istər ölkə daxilində, istərsə də xaricdə milyonlarla soydaşımız İlham Əliyevin ətrafında birləşdi. Vətən Müharibəsində Qələbə tariximizin ən parlaq səhifəsinə, bütün dünya azərbaycanlılarının qürur mənbəyinə çevrildi. Həmin gərgin günlərdə Prezident İlham Əliyev həm hərbi, həm də diplomatik cəbhədə görkəmli strateq istedadını nümayiş etdirdi.

Dövlət başçısı xaricdən gələn misli görünməmiş təzyiqlərə uğurla müqavimət göstərdi, çünki Ermənistan rəhbərliyi Azərbaycanın əks-hücumunu dayandırmaq üçün demək olar ki, hər gün dünyanın ən böyük dövlətlərinin rəhbərlərinə zəng vururdu. Bizə tətbiq edilən informasiya müharibəsində isə Prezident İlham Əliyev ölkəmiz haqqında həqiqətin səsinə çevrildi: buna sübut dünyanın aparıcı KİV-lərinə verdiyi onlarla müsahibədir. Dövlət başçısı həmin müsahibələrində Azərbaycanın ədalətli mövqeyini müdafiə etdi. Müharibədə qazanılan qələbə Cənubi Qafqazda tamamilə yeni reallıq yaratdı - daha nə status-kvo, nə işğal, nə təmas xətləri, nə də "məğlubedilməz" erməni ordusu haqqında mif mövcuddur.

Müharibənin bitməsindən cəmi bir il keçib, lakin azad edilmiş ərazilər artıq yenidən qurulur. Qarabağda miqyası, sürəti və estetikası baxımından misilsiz işlər gedir: xarabalıqlar üzərində kəndlər və şəhərlər salınır, hava limanları, rabitə xətləri inkişaf edir. Azərbaycan işğaldan azad edilmiş ərazilərdə müasir infrastrukturun qurulmasına başlayıb. Bir neçə ay ərzində Füzulidə beynəlxalq hava limanı tikilib istifadəyə verilib, yaxın vaxtlarda daha iki aerovağzal istifadəyə veriləcək. Qarabağda və Şərqi Zəngəzurda dirçələn qəsəbələri və rayon mərkəzlərini birləşdirəcək geniş yol şəbəkəsi tikilir. Azərbaycanın əsas ərazisini Naxçıvan və qardaş Türkiyə ilə birləşdirəcək Zəngəzur dəhlizinin təməli artıq qoyulub. Yalnız qısa zamanda işlərinə başlanılan bu layihələr Azərbaycanın işğaldan azad edilmiş ərazilərini bütün regionun ən böyük tranzit qovşağına çevirəcək, bütün istiqamətlər üzrə tranzit yükdaşımalarını şaxələndirəcək.

Prezident İlham Əliyevin uğurları çoxşaxəlidir, öz əhatə dairəsi ilə diqqəti çəkir və dünya nizamının qurulmasına qeyd-şərtsiz töhfə vermiş qlobal liderin portretini aydın şəkildə özündə əks etdirir. Prezidentin rəhbərlik etdiyi Qoşulmama Hərəkatı ən aktual beynəlxalq proseslərin nüfuzlu aktoruna çevrilib. Onun rəhbərliyi, siyasi iradəsi və təşəbbüsləri sayəsində Qoşulmama Hərəkatı yenidən qlobal problemlərə, o cümlədən pandemiyaya qarşı mübarizəyə dair mövqeyi fəallaşıb və möhkəmlənib. Prezident İlham Əliyev ən yüksək tribunadan "peyvənd millətçiliyi" və dünya ölkələri arasında çox ehtiyac duyulan koronavirus vaksinlərinin paylanmasında ikili standartlarla bağlı problemləri sərt şəkildə qaldırır. Azərbaycan da öz növbəsində Ümumdünya Səhiyyə Təşkilatına ianə verməklə yanaşı, bir sıra ölkələrə humanitar yardımlar edir, oraya pulsuz olaraq koronavirusa qarşı vaksinlər göndərir. BMT isə İlham Əliyevin təşəbbüsü ilə irəli sürülmüş "Pandemiya ilə mübarizədə bütün ölkələr üçün münasib qiymətlərlə peyvəndlərə bərabər, vaxtında, universal əlçatanlığın təmin edilməsi haqqında" qətnamə qəbul edib və qətnaməni 126 üzv ölkə dəstəkləyib.

Son iki onillikdə Azərbaycan qeyri-mümkün kimi görünən layihələr və tapşırıqlar həyata keçirib. Beləliklə, Prezident İlham Əliyev hər kəsə nümayiş etdirdi ki, həlli mümkün olmayan problem yoxdur. Milyonların arzusunu reallığa çevirən Liderin dəmir iradəsi var və sübut etdi ki, onun yolu qələbə və inkişaf yoludur.

Milli.Az media şirkətinin kollektivi Prezident İlham Əliyevin ünvanına dünyanın ən müxtəlif məkanından daxil olan səmimi təbriklərə, arzulara və minnətdarlıqlara qoşulur.

Emin Əliyev
Milli.Az


Etiketlər:  Prezident İlham Əliyev Milyonlarla insanın arzusunu reallığa çevirən Lider


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ