Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aspirin ürəyə zərər verirmi?

Aspirin ürəyə zərər verirmi?

Tarix: 24 Dekabr 2021 22:57

Almaniyanın "Bild" qəzetində aspirin (asetilsalisil turşusu) preparatının ürəyə təsiri ilə bağlı yazı dərc olunub.

Sonxeber.net novator.az-a istinədən bildirir ki, alimlər aspirinin bəzi pasiyentlər üçün zərərli ola biləcəyi qənaətinə gəliblər. Mütəxəssislər preparatın müəyyən xəstəlikləri olan adamlarda ürək çatışmazlığı yaradacağından şübhələnirlər. Ancaq alimlər deyirlər ki, risk qrupuna daxil olmayan pasiyent aspirinin qəbulundan imtina etməməli, istənilən halda həkimlə məsləhətləşməlidir.

Yazıda vurğulanır ki, aspirin ürək-damar xəstəliklərinin müalicəsində ən çox istifadə olunan dərmandır. Ancaq bu yaxınlarda alimlərdə şəkərli diabetdən, piylənmədən əziyyət çəkən, habelə qanında xolesterinin səviyyəsi yüksək olan xəstələrə aspirinin faydası məsələsində şübhələr yaranıb.

Tədqiqatın ilkin nəticələri göstərib ki, aspirindən uzun müddət istifadə edən insanların 26 faizi xroniki ürək çatışmazlığı riski ilə üzləşə bilər.

Löven Katolik Universitetindəki alimlər qrupu 12 ölkədən 30 min 827 pasiyentin müayinəsinin nəticələrini təhlil edib. Yaşı 40-dan yuxarı olan həmin şəxslərin hər biri artıq çəki, yüksək qan təzyiqi, şəkərli diabet və nikotin asılılığı kimi xəstəliklərin ən azı birindən ciddi əziyyət çəkib. Araşdırmaya cəlb edilən 30 min 827 pasiyentin dörddə biri davamlı olaraq aspirin qəbul edən pasiyentlər olub.

Alimlər 5 il ərzində tədqiqata cəlb etdikləri 30 min 827 nəfərin hamısının vəziyyətini izləyiblər. 1330 nəfərdə ürək xəstəliyinin getdikcə pisləşib ürək çatışmazlığına çevrildiyi müşahidə edilib. Ürək çatışmazlığı əmələ gələn pasiyentlərin 26 faizi müntəzəm şəkildə aspirin qəbul edən adamlar olub.

Alimlər düşünürlər ki, ürəyində çatışmazlıq əmələ gələn pasiyentlərin heç də hamısı yox, hətta yarısı da yox, yalnız 26 faizi müntəzəm aspirin qəbul edən olsa da, istənilən halda bu dərmanla ürək çatışmazlığı riski arasında əlaqədən şübhələnməyə dəyər. Bu şübhəyə rəvac verən faktorlardan biri də odur ki, əvvəl ürək xəstəliyi olmayan, müntəzəm aspirin qəbul edən pasiyentlərin də bəzisinin ürəyində problemlərin baş qaldırdığı müşahidə edilib. Ona görə alimlər hesab edirlər ki, artıq çəki, yüksək qan təzyiqi, şəkərli diabet və nikotin asılılığı kimi xəstəliklərin ən azı birindən ciddi əziyyət çəkən, bu kimi faktorların yalnız biri üzrə də olsa risk qrupundan sayılan pasiyent müntəzəm aspirin qəbul edirsə, ehtiyatlı davranmalı, həkimi ilə məsələhətləşməlidir.

Mütəxəssislər hesab edirlər ki, tədqiqatın nəticələri aspirinin profilaktik məqsədlər üçün istifadəsinin şərtlərinə yenidən baxılmasına da gətirib çıxara bilər. Ancaq onlar hələ tələsməməyi tövsiyə edir, vurğulayırlar ki, əldə etdikləri nəticələri tam təsdiqləyə bilmək üçün risk qrupuna daxil olan pasiyentlər üzərində daha geniş kliniki tədqiqatlara ehtiyac var.


Etiketlər:  Aspirin ürəyə zərər verirmi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ