Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Dekabr 2021 08:30
"Amerikalıların güclü təzyiqinə məruz qaldım. Düzünü desəm, öldürüləcəyimdən qorxdum, çünki sonuncusu Xamis Ubeydi olan bir neçə vəkil öldürüldü. Hakim məni bir neçə dəfə məhkəmə zalından çıxardı".
Sonxeber.net "Report"a istinadən bildirir ki, bu sözləri İraqın sabiq prezidenti Səddam Hüseynin vəkili Büşra Xəlil "RİA Novosti"yə müsahibəsində bildirib.
"Sonuncu dəfə bir amerikalı mənə yaxınlaşıb geri qayıtmaq istəyib-istəmədiyimi soruşdu. Biz danışıqları davam etdirdik və sonda o, yenidən məhkəməyə qayıtmaq istəyib-istəmədiyimi soruşdu, mən də "hə" cavabını verdim. Onda o dedi ki, mən də dostlarım kimi susmalıyam, - Bu onu deməyə əsas verir ki, onlar məhkəmənin quraşdırma olaraq qalması üçün hər şeyi ediblər", - Xəlil bildirib.
Səddam Hüseynin vəkili deyib ki, ABŞ nümayəndələri İraqın keçmiş rəhbərinin müdafiə qrupunun vəkillərinə təzyiq göstərib və xüsusi tribunalın məhkəmə prosesini idarə ediblər.
Onun sözlərinə görə, amerikalılar məhkəmənin özünə təzyiq göstərib: "Onlar hər şeyə cavabdeh olublar və prosesə nəzarət ediblər". Müdafiə komandası başa düşüb ki, prosesə amerikalı hakimlər nəzarət edir və hər kəs sual üçün təhlükəsizlik işçisi vasitəsilə hakimə mesaj göndərir.
İraqın keçmiş liderinin digər vəkili Məhəmməd Munib də "RİA Novosti"yə müsahibəsində ABŞ nümayəndələrinin hakimlərin işinə və Hüseynin bütün mühakiməsinə, o cümlədən müdafiə vəkillərinə öz şərtlərinin qoyulmasına nəzarət etdiyini bildirib.
Qeyd edək ki, bu gün - dekabrın 30-u ABŞ-ın İraqa müdaxiləsindən sonra ölkədə mövcudluğu təsdiqini tapmayan kütləvi qırğın silahlarının axtarışı bəhanəsi ilə Səddam Hüseynin edam edilməsinin 15-ci ildönümü tamam olur.
ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın İraqa hərbi müdaxiləsi 2003-cü ildə baş verib. Prezident Səddam Hüseyn Beynəlxalq terrorizmlə mübarizə və kütləvi qırğın silahlarının axtarışı bəhanəsi ilə devrildi və edam edildi.
İraqın keçmiş lideri 6 aya yaxın amerikalılardan gizlənə bilib, lakin 2003-cü ilin dekabrında doğma şəhəri Tikrit yaxınlığında yaxalandı. Xüsusi tribunalın ilk iclası 2004-cü ilin iyulunda baş tutub. Məhkəmə Hüseyni təqsirli bilib və 2006-cı il noyabrın 5-də asılaraq edam cəzasına məhkum edib.