Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cons, Kobeyn və əfsanəvi “27-lər klubu”

Cons, Kobeyn və əfsanəvi “27-lər klubu”

Tarix: 5 Yanvar 2022 23:08

Fevral ayında dünyaya gəlmiş ingilis Brayn Cons və amerikalı Kurt Kobeyn insanı ovsunlayan, möhtəşəm musiqiləri ilə şöhrətlənib ulduz olandan sonra 27 yaşında dünyalarını dəyişdilər.

Gözlənilməyən bir təsadüf nəticəsində, "The Rolling Stones" və "Nirvana" qrupunun yaradıcıları eyni vaxtda səhnəyə gəlib və az bir müddətdə məşhurlaşıb, rok tarixində ən yaxşı ifaçılar kimi yadda qaldılar. Cimi Hendriks, Canis Coplin, Cim Morrison və Emi Vinhaus kimi nəhənglər məhz bu iki qrupun üzvləri idilər.

Sonxeber.net AZƏRTAC-a istinadən şöhrətin ən uca zirvəsinə çatmış, lakin 27 yaşlarında dünyasını dəyişmiş ifaçıların faciəvi taleyinə nəzər salan Cons, Kobeyn və əfsanəvi "27-lər klubu" sərlövhəli yazını təqdim edir.

"27-lər klubu" çılğın, nizamsız və ipə-sapa yatmayan musiqiçiləri bir araya gətirərək, onları daha da məşhurlaşdırdı. Ancaq başgicəlləndirici şöhrət, narkotikanın təsiri və musiqi sənayesinin mənfilikləri bu istedadları uçuruma sürüklədi və onlar da üzləşdikləri bəlalardan vaxtında xilas ola bilmədilər.

Cons, Hendriks, Coplin və Morrison biri-birindən üç il fərqlə dünyalarını dəyişdilər, bu da onların, xüsusən də Roknroll sənətçiləri arasında şübhə və dedi-qoduların yaranmasına səbəb oldu.

Cons (1942-1969) kimi tanınmış multi-instrumentalist və bəstəkarın cəsədi İngiltərənin Sasseks şəhərindəki evinin hovuzundan tapıldı. "The Rollings Stones"dan qovulmuş gitaraçının son illərdə narkotikadan güclü asılılığı yaranmışdı. Consun ölüm səbəbini bəziləri astma tutması nəticəsində suda boğulması ilə əlaqələndirirdilər. Ancaq bu, birmənalı qarşılanmamış və digər mülahizələrlə yanaşı, onun öldürülməsi ehtimalı da irəli sürülmüşdü.

Musiqi tarixində ən yaxşı gitara ifaçılarından biri hesab edilən amerikalı Cimi Hendriks (1942-1970) yaxın münasibətdə olduğu bir qızdan aldığı həbləri yüksək dozada qəbul etdiyi üçün dünyasını dəyişdi. Amma cəsədin müayinə edilməsi onu deməyə əsas verdi ki, ifaçının əsl ölüm səbəbi ağciyər emfizeması idi.

Şimali Amerikalı, rok və bluzun ən güclü sənətkarlarından biri Coplin (1943-1970) Los-Ancelesdə heroini yüksək dozada qəbul etməsindən dünyasını dəyişdi.

Ardınca hippi hərəkatının nümayəndəsi, "The Doors" qrupunun vokalçısı, içki düşkünü Cim Morrison (1943-1971) həddindən artıq heroin istifadə etdiyinə görə Parisdə ürək tutmasından öldü.

İngilis yazıçısı və tədqiqatçısı Lesli-Ann Consun sözlərinə görə, "27-lər klubu"nun gənc ulduzlarının qara tale yaşamaları barəsində söz-söhbətlər uzun zaman dövri mətbuatın gündəmindən düşmədi.

Morrisonun vəfatından 23 il sonra, 1994-cü il aprelin 8-də Kobeynin cəsədi Sietldakı (ABŞ) evində təmizlik işləri görən bir xadimə tərəfindən tapıldı. Hüquq-mühafizə orqanları ölüm hadisəsinin sui-qəsd olduğunu müəyyən etdilər. "Nirvana" qrupunun yaradıcısı Kurt Kobeyn özünü tüfənglə vurmazdan əvvəl, həyat yoldaşı Kortni Lava yazdığı məktubda qızına yaxşı baxmasını vəsiyyət etmişdir.

Müğənni və bəstəkar, özünün əfsanəvi "Nirvana" qrupu ilə qranj üslubunu yaradan Kobeyn möhtəşəm ifası ilə öz həmyaşıdlarını heyran etdi. Musiqi sənayesinin çətinliklərinə baxmayaraq "Smells like teen spirit" və "Come as you are" mahnıları ilə tamaşaçıların rəğbətini qazandı.

Kobeyn depressiya və narkotik asılılığından əziyyət çəkirdi, hətta müalicə olunsa da onlardan xilas ola bilməmişdi. Qısaömürlü karyerasına baxmayaraq, Kobeyn milyonlarla diskini dünyanın bir çox ölkələrində sata bilmişdi. Onun ölümü ictimaiyyətdə "27-lər klubu"nun mövcudluğu barədə fikrin irəli sürülməsinə gətirib çıxardı. Yeri gəlmişkən, 17 il sonra bu klubun üzvü, Britaniya Krallığının ən yaxşı ifaçılarından olan Emi Vinhausun "Back to Black" studiya albomu beş dəfə "Grammy" mükafatını qazandı.

Tədqiqatçı Lesli-Ann Consun fikrinə görə, Eminin təkzibolunmaz istedadı, narkotik və içkiyə olan aludəsi, bundan başqa uşaqlıqda psixoloji zədə alması gələcək ifaçının taleyini yazmışdı. Klubun üzvləri çox həssas, eyni zamanda, üsyançı və özlərinə əmin olmayan istedadlı gənclər idi. Belə sənətçilər özlərini həmişə tənha hiss edir, həyatlarının bir çox məqamlarında tənqidə məruz qalırlar. Digər tərəfdən, onlar musiqi sənayesinin qurbanları oldular. İfaçıları ticarət məhsuluna çevirmə cəhdləri onlar üçün pis fəsadlarla nəticələndi. İfaçılar özləri də hiss edirdilər ki, şöhrət onların şəxsi həyatlarını zəhərləyir, arzularını heçə sovururdu.

Səsyazma studiyaları musiqiçilərin etibarını qazanmaq və özlərini layihədə saxlamaq üçün, tez-tez onları istədikləri şeylərlə təmin edir, hətta onlara narkotik maddə ötürürdülər. O da var ki, bu sənətçilərin yaşadıqları dövrü nəzərə almaq lazımdır. Bu dövr azadlıq və sülh istəyən, Vyetnam müharibəsinə yox deyənlərin zamanı idi.

Əlbəttə, 27 yaşında dünyasını dəyişən digər ifaçılar da var, ancaq Cons, Hendriks, Coplin, Morrison, Kobeyn və Vinhaus kimilərinin ölümü o zaman milyonlarla insanı şoka salmışdı.

Yaşasaydı, 2022-ci il fevralın 20-sində Kobeyn 55 yaşını qeyd edəcəkdi, Cons isə 80-ci baharını adlayardı. Klubun digər üzvləri ilə yanaşı, onlar da mahnılarının dinlənilməsi reytinqində zirvəyə yüksələr, yaxud da öz xarizmatik fotoları ilə məşhur jurnalların üzqabığını bəzəyərdilər. Ancaq onlar talesiz olduqlarından sanki sözləşmişdilər ki, həyatdan cavan getsinlər.

Bütün bunlara baxmayaraq, onların əziyyət və böyük zəhmətlə qazandıqları uğur və cazibədar şəxsiyyətləri ətrafında gedən söhbətlər indiyədək səngimir. Nəzərə alsaq ki, "Rolling Stones" hələ də yaşayır, "Nirvana" isə artıq mövcud deyil.


Etiketlər:  Cons Kobeyn əfsanəvi lər klubu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ