Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bir qalanın sirri - Xızı dağlarında gizlənən möhtəşəm qala-şəhər haqqında reportaj - VİDEO - FOTO

Bir qalanın sirri - Xızı dağlarında gizlənən möhtəşəm qala-şəhər haqqında reportaj - VİDEO - FOTO

Tarix: 12 Yanvar 2022 23:12

Gözəlliyi mahnılarda vəsf olunan Xızı dağları, eyni zamanda, qədim tariximizin izlərini özündə qoruyub saxlayır. Bu reportajımızda Xızı dağlarının sıx meşəlik ərazisində gizlənən qala-şəhər haqqında məlumat verəcəyik.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, V-VII əsrlərə aid olduğu ehtimal olunan qala-şəhər Xızının Altıağac qəsəbəsindən 3 kilometr şərqdə yerləşir.

Altıağac Milli Parkı ərazisində yerləşən qədim qala haqqında bundan əvvəl mətbuatda məlumata rast gəlinmir.

Qalaya Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Şabran Regional İdarəsinin Xızı bölgəsi üzrə baş mütəxəssisi Tural Babayev və Altıağac Milli Parkının mühafizə yegeri Elvin Ələkbərovun bələdçiliyi ilə qalxdıq.

Dəniz səviyyəsindən təxminən 1200 metr yüksəklikdəki qala-şəhərin qalıqları olan əraziyə çatmaq üçün 2-3 saat piyada yol qət etmək lazımdır. Qalaya gedən yol Milli Parkın 9 nömrəli turizm marşrutu üzərində yerləşir. Çətin keçilən meşə cığırları ilə iki kilometrdən çox yol qət etdikdən sonra qala divarlarının ilk qalıqlarına rast gəlinir.

Mütəxəssis Tural Babayev bildirir ki, tarixi abidə qala divarları və qalıqlarından ibarətdir. Qala çay və qayadan qoparılan daşlarla əhəng məhlulu ilə tikilib. Yerli sakinlər arasında Qız qalası və Şamil qalası kimi adlandırılır.

"Burada salamat qalan qala bürcləri üç formada - dairəvi, yarımdairəvi və aypara şəklindədir. Qala-şəhər cənub və qərbdən sıldırım qayalarla şimal və şərqdən isə müdafiə divarları və bürclərlə əhatə olunub. İlkin ehtimala görə, qala-şəhərin ümumi ərazisi 90 min kvadratkilometrdir. Müqayisəli şəkildə qeyd edilsə, bu qala-şəhər İçərişəhərin azqala yarısı böyüklükdədir. Qala müdafiə xarakterlidir. Bu məlumatlar ilkin ehtimallarımızdır. Təsdiqlənmiş məlumatlar üçün ərazinin arxeoloqlar, tarixçilər və digər aidiyyəti üzrə mütəxəssislər tərəfindən araşdırılması lazımdır", - deyə Tural Babayev söyləyir.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Şabran Regional İdarəsinin mütəxəssisləri qala-şəhərə ilk dəfə 2021-ci ilin noyabr ayında baxış keçirib. Müəyyən olunub ki, qalanın günümüzədək gəlib çıxan iki böyük hissəsi mövcuddur. Şimal istiqamətdə qala divarları 6 hektar ərazini əhatə edir. Qalanın giriş qapılarının da bu istiqamətdə olduğu ehtimal edilir. Zirvəyə doğru 500 metr məsafə qət etdikdən sonra qala divarlarının salamat qalan daha bir hissəsinə rast gəlinir.

Tural Babayev bildirir ki, qala şimaldan gələn yadelli işğalçılardan qorunmaq və ətraf yolları nəzarətdə saxlamaq üçün nəzərdə tutulub: "Qala divarları ilə əhatə olunmuş müxtəlif növ tikintilər mövcudur. Qalanın mərkəzində, torpaq təbəqəsinin altında saxlanc və ya digər məqsədlər üçün nəzərdə tutulan otaqlara rast gəlinir. Tikintidə istifadə olunan qaya daşları elə yaxınlıqdakı ərazidən daşınıb. Ətraf qayalara baxanda bunun izlərini görmək olur. Bişmiş kərpicdən və əhəng məhlulundan da istifadə olunub. Yonulmuş daşlar nömrələndiyini müşahidə edirik".

Mühafizə yegeri Elvin Ələkbərovun sözlərinə görə, qalanın qalıqlarının yerləşdiyi relyef mürəkkəb, meşə cığırları ilə hərəkət çətin olsa da, Altıağac Milli Parkına gələn turistlər tarixi məkana səyahət edirlər. Əraziyə aparan turizm marşrutu üzrə bələdçilərin müşayiəti ilə hərəkət etmək tövsiyə olunur.

Xızı tanınmış turizm məkanlarından olan Altıağac qəsəbəsi rayon mərkəzindən 12-14 kilometr aralıdadır. Vaxtilə Şamaxını Dərbəndlə birləşdirən qədim karvan yolu buradan keçib. Altıağac yolçuların və dəvə karvanlarının düşərgə salıb dincəldikləri yer kimi göstərilir.

Milli.Az


Etiketlər:  Bir qalanın sirri Xızı dağlarında gizlənən möhtəşəm qala şəhər haqqında reportaj VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ