Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bolqarıstanda Rusiya qazı Azərbaycan qazına mane olur

Bolqarıstanda Rusiya qazı Azərbaycan qazına mane olur

Tarix: 13 Yanvar 2022 21:36

Ötən ildən etibarən Azərbaycan qazı Bolqarıstana Rusiya qazından daha ucuz başa gəlir, amma inşaatçılar Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGBI qaz kəməri) tikintisini ləngitdikləri üçün həmin qazı tam həcmdə (ildə 1 milyard kubmetr) almaq mümkün olmur.

Sonxeber.net virtualaz.org-a istinadən bildirir ki, bu haqda Bolqarıstanın "Bulgargaz" dövlət qaz təchizatı şirkətinin idarə heyətinin üzvü Svyatoslav Delçev Bloomberg.tv-nin bolqar redaksiyasına müsahibəsində danışıb.

O xatırladıb ki, ötən il "Cənub Qaz Dəhlizi" işə düşəndə Bolqarıstan ildə 1 milyard kubmetr Azərbaycan qazı almalıydı. Bunun üçün Yunanıstanla Bolqarıstanı birləşdirən yeni qaz kəməri tikilirdi. Lakin layihə ləngidiyindən Bolqarıstan ucuz Azərbaycan qazını ala bilmir, həmin həcmin cəmi üçdə birini Rusiya qazını Bolqarıstan üzərindən Yunanıstana ötürən qaz kəməri vasitəsilə, revers rejimində almaq mümkün olub.

"Bu, bizim indiki marşrutla ala biləcəyimiz maksimal qaz həcmidir. Yunanıstandan Bolqarıstana qaz kəmərinin tikintisinin ləngiməsinə görə Bolqarıstan ziyanla üzləşir, ölkəmiz Azərbaycan qazını əvvəlcədən razılaşdırılmış qiymətə ala bilmir", - Delçev deyib.

Onun sözlərinə görə, hazırda Bolqarıstanın Rusiyadan aldığı qaz Azərbaycan qazından bahadır. Və Azərbaycan qazını tam həcmdə almaqla bazarda qiyməti indikindən 10-15 faiz aşağı salmaq mümkün olardı. "Qazprom"un Bolqarıstana satdığı qazın qiyməti hazırda Avropa birjalarındakı kotirovkalara bağlıdır, amma Delçev hesab edir ki, Azərbaycan qazı bazara tam həcmdə daxil olsa "Qazprom" qiyməti endirməli olacaq.

"Bulgargaz" Azərbaycan qazını müqavilədə göstərilən həcmdə ala bilmədiyindən bu il yanvarın 1-dən etibarən gündə 90 min avro cərimə ödəməliydi. Lakin Delçev bildirib ki, "Bulgargaz" Azərbaycan tərəfi ilə danışıqlara gedib və razılaşma əldə olunub. Bu razılaşmaya əsasən şirkət cəriməni ödəmir və qazın bir qismini hazırkı Bolqarıstan-Yunanıstan kəməri ilə bazar qiymətindən aşağı alır. Amma Azərbaycan tərəfi təchizata dair üzərinə öhdəlik götürmür. Yəni "Bulgargaz" üçün ticari risk var.

Xatırladaq ki, bundan əvvəl Bolqarıstanın energetika naziri Aleksandr Nikolov parlament dinləmələrində bildirmişdi ki, onun ölkəsi Azərbaycandan 1 milyard kubmetr qazın hamısını ala bilmədiyi üçün gündə 750 min avro ziyan etdiyini demişdi. Nazir bildirmişdi ki, Yunanıstan-Bolqarıstan qaz kəmərinin istismara verilməsi üçün son müddət 2022-ci il iyulun 1-i müəyyən edilib və bu müddət yunan tərəfinin israrlarına baxmayaraq uzadılmayacaq.

Həmin dinləmələr zamanı müxalifətdə olan "Dirçəliş" millətçi partiyası isə Yunanıstan tərəfini qəsdən boru kəmərinin tikintisini ləngitməkdə ittiham edib. Hakim koalisiyada təmsil olunan dörd siyasi partiya isə Yunanıstanı ittiham etməsələr də Boyko Borisovun başçılıq etdiyi  əvvəlki hökuməti tikintini qəsdən ləngitməkdə günahlandırıblar. Bu partiyalardan deputatlar bildiriblər ki, Rusiyaya gəlir gətirən və Bolqarıstandan keçən "Türk axını" qaz kəmərinin tikintisi cəmi bir ilə yekunlaşmışdı. Çünki həmin kəmər Borisov üçün prioritet idi.


Etiketlər:  Bolqarıstanda Rusiya qazı Azərbaycan qazına mane olur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ