Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Yanvar 2022 20:42
Artıq Azərbaycandan xaricdə oynanılan mərc oyunlarına pul qoymaq mümkün olmayacaq. Çünki, yerli banklar buna görə məhdudiyyət tətbiq edəcək. Ölkə daxilində də mərc oyunları təşkil edənlərin cəzası ağırlaşdırılır. Yeni dəyişikliklərə əsasən həmin şəxslər cinayət məsuliyyətinə cəlb oluna bilərlər.
Xarici mərc saytlarına pul köçürülməsi və uduşların qəbulu qadağan edilib. Bu qadağa İnzibati Xətalar Məcəlləsində ölkə xaricində təşkil olunan mərc oyunları ilə əlaqədar edilmiş dəyişikliklə mümkün olub. Dəyişikliyə əsasən, banklara məxsus kartlara bəzi əməliyyatlar üzrə məhdudiyyətlər tətbiq edilib. Ölkəxarici mərc oyunları saytlarında qeydiyyat üçün ödənişlərin aparılması, uduşların və pul vəsaitlərinin qəbulu, həmçinin uduş-mükafat və digər gəlirlərin verilməsi qadağan edilib.
İqtisadçı ekspert Elşad Məmmədov deyir ki, dəyişikliklər kibercinayətkarlıqla mübarizədə də effektiv olacaq. Bir çox hallarda vətəndaşların bank kartlarından oğurlanan vəsaitlər xarici mərc oyunlarına yönləndirilirdi. Artıq bu dəyişikliklə belə halların da qarşısı alınacaq.
Daxili İşlər Nazirliyinin əməkdaşı Nurlan Əliyev isə deyir ki, qanunsuz mərc oyunları təşkil edənlərə qarşı da qaydalar sərtləşdirilib. Onun sözlərinə görə, qaydaları pozan şəxslər cinayət məsuliyyətinə cəlb oluna bilərlər.
Dəyişikliklərə əsasən, qumar oyunlarında iştirak üçün mərclərin qəbul edilməsi, pul vəsaitlərinin, əşyaların və qeyri-maddi əmlak nemətlərinin qəbulu, köçürülməsi, ödənməsi, uduşların, mükafatların və ya digər gəlirlərin verilməsi, bunların təşkili və bunlarla əlaqədar xidmətlərin göstərilməsinə görə fiziki şəxslər 5 min manat, vəzifəli şəxslər 10 min manat, hüquqi şəxslər 50 min manat məbləğdə cərimə ediləcəklər.
Qeyd edək ki, "Lotereyalar haqqında" qanunda müəyyən edilmiş qaydada keçirilən lotereyalar və "Bədən tərbiyəsi və idman haqqında" qanunla müəyyən edilmiş qaydada keçirilən idman mərc oyunları ilə bağlı bank əməliyyatlarına heç bir məhdudiyyət tətbiq edilməyəcək.