Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qüdsdə erməni problemi varmı?

Qüdsdə erməni problemi varmı?

Tarix: 27 Yanvar 2022 23:12

İbrahimi dinlərin ortaq müqəddəs şəhəri, bəşər tarixində özünəməxsus yer tutan Qüds İsrail dövlətinin qurulması ilə Fələstin-İsrail münaqişəsinin episentrinə çevrildi. Lakin bu, unikal şəhərdəki yeganə etnik-dini problem deyil: Qüdsün erməni məhəlləsində mütəmadi olaraq baş verən toqquşmalar daha bir etnik-dini münaqişə potensialı daşıyır.

Sonxeber.net politicon.co-ya istinadən bildirir ki, Şərqi Qüds 4 məhəllədən ibarətdir: üç səmavi dinin məhəllələri və erməni məhəlləsi. Aralarında ən kiçiyi olan bu məhəllənin təxminən 3400 sakini var. Ermənilərin Qüdsə gəlişi və Şərqi Qüdsdə erməni məhəlləsinin əsasının qoyulması IV əsrdə baş verib. Məhz bu dövrdə ermənilər xalq olaraq xristianlığı qəbul edir və bir qrup erməni keşişi xristianlığın müqəddəs şəhəri olan Qüdsə köçmək qərarına gəlir. Şəhər əsrlər boyunca bütöv formada Bizans, Xilafət, Osmanlı, Britaniya və başqa imperiyaların hakimiyyəti altında olsa da, 1948-ci ildə İsrail-Ərəb müharibəsi nəticəsində iki hissəyə bölünür. Erməni məhəlləsinin də yerləşdiyi Şərqi Qüds bu bölünmə nəticəsində İordaniyanın nəzarətinə keçir. 1967-ci il İsrail-Ərəb müharibəsi nətiəsində Şərqi Qüds İsrail tərəfindən ələ keçirilir. Ermənilərin böyük əksəriyyəti İsrail vətəndaşlığını qəbul etsə də, bəziləri ərəb ökələrinə səyahət şanslarını itirməmək üçün hələ də İordaniya pasportlarını saxlamaqla erməni məhəlləsində yaşayırlar.

Ağlama divarına gedən əsas yollardan biri erməni məhəlləsidən keçdiyindən burada mütəmadi olaraq etnik-dini zəmində qarşıdurmalar müşahidə olunur. Bu qarşıdurmalar, əsasən, milli və ya etnik kimliyini digərlərindən üstün tutan müəyyən qruplar arasında baş verir. Bu yolu həm də şəhərə gələn turistlər, xüsusilə də zəvvarlar intensiv istifadə edir. Şərqi Qüdsün 3 müxtəlif (Xristianlıq, İslam və İudaizm) dinlərdə əhəmiyyətli yeri olduğunu nəzərə alsaq, burada yaşayanlar və qonaqlar arasında da müəyyən münaqişələr olma ehtimalı var, hətta şəhərin sakitliyini poza biləcək xırda bir hadisə böyüdülərsə, bu, geniş tərkibli etnik münaqişəyə gətirib çıxara bilər. Birinci və İkinci İntifadalarda bu nümunənin şahidi olmuşuq.

Bu il mayın 18-də Qüdsün erməni küçəsində 3 yəhudi yeniyetmə erməni keşişlərə hücum edib. Hadisəyə polis müdaxilə edərək şübhəli şəxsləri saxlayıb. Baş vermiş hadisənin erməni və yəhudi mediasındakı təsviri tamamilə fərqlidir. İsrail mediası hadisəni məişət zəminli cinayət hadisəsi kimi təqdim edib və şübhəlilərin həbs edildiyini vurğulayıb. Lakin hadisə ilə bağlı Qüdsdəki erməni patriarxının paylaşımına diqqət yetirsək, erməni icmasının fərqli reaksiya göstərdiyini görərik. Erməni patriarx öz paylaşımında insidentin xüsusi olaraq yəhudilər tərəfindən törədildiyini qeyd edir. Hadisəni törədənlərin milliyyətinin ön plana çəkilməsinin erməni və yəhudilər arası gərginlik yarada biləcəyini nəzərə alsaq, patriarxın bu açıqlamasını məqsədli şəkildə etmə ehtimalı yüksəkdir.

Bu hadisə yəhudilər və ermənilər arasında Şərqi Qüdsdə ilk hadisə deyil. 18 iyun 2019-cu ildə erməni məhəlləsində təxminən 60 nəfər erməni gənc 3 yəhudiyə hücum edərək xəsarət yetirib. Hücuma səbəb kimi yəhudilərin erməniləri təhqir etməsi iddia edilsə də, hadisə yerindəki təhlükəsizlik kameralarına baxış keçirən İsrail polisi xəsarət yetirən erməniləri həbs edir. Erməni mediası bu hadisəyə də sərt reaksiya verərək iddia edib ki, polisin dini seminar keçirilən zala daxil olaraq həmin gəncləri həbs etməsi qeyri-qanunidir.

Erməni icması və mediası baş verən insidentləri "Qüdsdəki xristianların yəhudilər tərəfindən sıxışdırılması" kimi də təqdim etməklə özlərini "əzilənlər" kateqoriyasına daxil etməyə çalışır. Lakin ermənilərlə Qüdsdə problemlər yaşayan təkcə yəhudilər deyil. Hətta Qüdsün xristian yunan icması ilə də ermənilər arasında qarşıdurmadalar müşahidə olunur. Bu da erməni icması ilə bağlı problemlərin dini ayrılıqdan qaynaqlanmadığını sübut edir.

Qüdsdəki erməni icmasının "əzilənlər" imicini yaratmaq istəyini İsrail-Fələstin münaqişəsi səbəbilə dünya ictimaiyyətində fələstinlilər haqqında mövcud yanaşma ilə əlaqələndirmək mümkündür. Məlum olduğu kimi, İkinci Dünya Müharibəsindən sonra yəhudi milli və dini kimliyi anti-semitizm (yəhudilərə qarşı ayrı-seçkilik) və Holokost (yəhudilərə qarşı soyqırımı) ikilisinin üzərində inşa olunub. Erməni milli kimliyinin "təəssübkeş"ləri də analoji terminlərdən istifadə etməyə çalışır. Bu səpkidə "erməni soyqırımı" və "ermənilərin əzilməsi" Holokost və anti-semitizm terminləri rəqabət aparmağa çalışan narrativlər kimi qarşımıza çıxır.

Erməni məhəlləsinin digər məhəllələrdən balaca olması, oradakı ermənilərin saylarının ildən-ilə azalması ermənilərdə "yox olmamaq üçün mübarizə aparmaq" hissiyyatı yaratmışdır. Daima "erməni soyqırımı"ndan bəhs etmək, özlərinə qarşı baş vermiş ən kiçik bir hadisəni belə anti-erməni siyasəti kimi təqdim etməklə Qüds erməniləri əslində həm erməni məhəlləsindən köç etmək istəyənləri "erməni irqini qorumaq üçün" mübarizə aparmağa çağırır. Digər tərəfdən, ermənilər "yox olmama" mübarizələrini digər xalqların və dövlətlərin diqqət mərkəzində saxlamağı hədəfləyirlər. Bu həm də "ermənilərin mübarizəsi" narrativini "fələgünstinlilərin mübarizəsi" ilə assosasiya etməyə, yarışdırmağa cəhddir. Lakin reallıq budur ki, fələstinlilərdən fərqli olaraq Qüds erməniləri İsrail tərəfindən "milli təhlükəsizlik problemi" hesab olunmur. Ona görə də, Qüds ermənilərinin "yox olmama" narrativi müəyyən kampaniyalara xidmət etməkdən başqa məna kəsb etmir.

Qüdsün erməni icması İsrail-Fələstin münaqişəsində neytral mövqe tutduqlarını bildirsələr də, Qüdsün erməni patriarxı Qüds bölünərsə, erməni məhəlləsinin İsrail tərəfdə qalmasından narahat olmasını dilə gətirmişdir. Bundan başqa, erməni mediası İsraili erməni məhəlləsində ermənilərin sayını azaltmağa cəhd etməkdə, məhəlləni ermənilərin əlindən almaq istəməkdə, yəhudilərin erməni məhəlləsində saylarının çoxalmasında, ümumi olaraq isə anti-erməni sentimentlərdə günahlandırır. Həmçinin, Qüdsdəki erməni patriarxı mətbuata açıqlamasında İsraildə III dərəcəli vətəndaşlar kimi yaşadıqlarını və İsrail hökümətinin hətta sadə sənədləşmə işlərində belə onları incitdiklərini iddia etmiş, müqayisə üçün isə İordaniyanın onlara daha yaxşı qayğı göstərdiyini bildirmişdi.

Qüdsün erməni icmasının şikayətlərində daha bir maraqlı məqam isə israilli yəhudilərlə birlikdə azərbaycanlıların (dağ yəhudilərinin) da onlara qarşı qeyri-etik davrandıqları barədə ölkə anti-semit sentimentləri "qidalandırmaq" üçün sui-istifadə etdiyini irəli sürmək olar. Bu da Qüdsdəki etnik konfliktin miqyasını daha da genişləndirmək cəhdi kimi dəyərləndirilə bilər. Eləcə də, Azərbaycan-İsrail arasında yaxın münasibətlərin formalaşmasında azərbaycanlı yəhudi icmasının xüsusi rol oynadığını nəzərə alsaq, azərbaycanlı yəhudilərin adlarının hallandırılmasının səbəbini daha aydın başa düşmək olar.

Digər tərəfdən, məlumdur ki, Ermənistan Cənubi Qafqaz regionun ən anti-semitist ölkəsidir. Bu səbəbdən erməni mediasının Qüdsün erməni icması ilə bağlı mövzuları ölkədə anti-semit sentimentləri "qidalandırmaq" üçün sui-istifadə etdiyini irəli sürmək olar. Azərbaycanın isə anti-semit tarixi olmayan bir ölkə olması İsrail mediasının diqqətindən yayınmır. Ermənistanda anti-semitizmin önə çəkilməsinin səbəblərindən biri də İsraillə Azərbaycan arasındakı sıx münasibətlərdir, ona görə də, erməni mediası üçün İsrail düşmənçiliyini və ya anti-semitizmi isti saxlamaq əlverişlidir.


Etiketlər:  Qüdsdə erməni problemi varmı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ