Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Fevral 2022 03:34
Avropanın təbii qaz anbarlarının doluluq nisbəti ötən ilin yanvar ayının sonuna 52 faiz olduğu halda, bu ilin eyni dövründə 37,5 faizə geriləyib.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Gas İnfrastructure Europe" məlumat yayıb.
Belə ki, keçən ilin yanvar ayında Avropadakı təbii qaz anbarlarında təxminən 60 milyard kubmetr qaz olub və doluluq nisbəti 52 faiz təşkil edib. Cari ilin ilk ayında isə bu göstərici 18 milyard kubmetr azalaraq 42 milyard kubmetrə enib, anbarların doluluq səviyyəsi isə 37,5 faiz olub.
Avropada təbii qaz anbarlarında ən çox ehtiyata malik ölkə 10 milyard kubmetrlə (doluluq nisbəti 47 faiz) İtaliya olub.
Qeyd edək ki, İtaliya TAP boru kəməri ilə idxal etdiyi Azərbaycan qazı sayəsində öz anbarlarını bu həcmdə doldura bilib.
Sonrakı yerlərdə 8,7 milyard kubmetrlə (doluluq nisbəti 35 faiz) Almaniya və 4,4 milyard kubmetrlə (doluluq nisbəti 33 faiz) Fransa qərarlaşıb.
Qaz çənlərinin doluluq nisbətinə görə sıralamada isə 200 milyon kubmetrlik anbarlarının 80 faizinin dolu olduğu Portuqaliya və 750 milyon kubmetrlik anbarlarının 75 faizi dolu olan Böyük Britaniya yer alıblar.
Hazırda Avropadakı qaz anbarlarının doluluq nisbəti 36,6 faiz təşkil edir.
Mütəxəssislərə görə, qitədəki anbarlarda təbii qaz həcmlərinin azalmasına tələbatın kəskin artması və qışın soyuq keçməsi səbəb olub.