Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Fevral 2022 15:18
Fermerlər narahatdırlar. Çünki əkib-becərdikləri torpaq sahələri hər ötən il bir azda çox şoranlaşır. Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, nəticədə torpaq öz münbitliyini itirir, istifadə çətinləşir və hədsiz duz , məhsulu məhv edir. Aidiyyəti qurumlar məsələyə aydınlıq gətirib. Məlum olub ki, hazırda ölkəmizdə 40 min hektar torpaq sahəsi ciddi şoranlaşmaya məruz qalıb.
Ölkəmizdə əkinə yararlı 40 min hektar torpaq sahəsi, yəni bu qəbildən olan sahənin 2,8 faizi ciddi şoranlaşıb. 252 min hektar torpaq sahəsində isə orta dərəcəli şoranlaşma müşahidə olunur.
Fermerlər narahatdırlar. Deyirlər ki, hər ötən il şoranlaşma daha da artır. Nəticədə torpağın münbitliyi azalır, istifadəsi çətinləşir. Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan İstifadəyə Nəzarət şöbəsinin müdiri Firudin Tağıyev deyir ki, ölkəmizdə torpaqlar şorlaşmaya meyillidir. Sözügedən problem, əsasən, Kür-Araz ovalığı və Aran rayonlarında müşahidə olunur. Neftçala, Salyan və Biləsuvarda isə qrunt suları torpaq səthinə daha yaxın olduğu üçün şoranlaşma kütləvi hal alıb. Qurum rəsmisi bu məsələdə, əsasən, fermerləri qınayır. Deyir ki, istifadə olunan selləmə, ənənəvi, izafi suvarma torpağı təkrar şorlaşdırır.
"Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov deyir ki, şoranlaşmanın qarşısını alan ən effektiv üsul kollektor-drenaj sistemləridir ki, bunların da hamısı hazırda işlək vəziyyətdədir.
Qurum rəsmisinin sözlərinə görə, bu cür torpaqlara duz sevən bitkilərin əkilməsi də torpağı münbitləşdirir.