Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Fevral 2022 21:09
"Dünya ağlını itirib" frazası müxtəlif dövrlərdə dilə gətirilib, o cümlədən bu sözlərə mahnı qoşanlar, rep oxuyanlar da tapılıb. Lakin son illər vəziyyətin getdikcə gərginləşdiyi, yeni-yeni münaqişə ocaqlarının, qaynar nöqtələrin meydana çıxdığı bir vaxtda bu sözlər indi heç vaxt olmamış kimi aktual görünür. Dünya düzəni öz relsindən çıxıb və qarşıdurmalar güclənib.
Sonxeber.net virtualaz.org-a istinadən bildirir ki, bəlli olduğu kimi hazırda beynəlxalq ictimaiyyətin bütün nəzərləri Ukrayna ətrafındakı gərginliyə yönəlib. Rusiya ötən ilin payızından etibarən bu ölkə sərhədləri boyu iri qoşun qruplaşmaları cəmləşdirib, Moskva Ukraynaya hücum planlarının olduğunu təkzib etsə də təhlükəsizlik təminatı barədə ultimativ xarakterli tələblərini Qərbə çatdırıb. Bu tələblərə Ukraynanın NATO üzvlüyünün istisna edilməsi və ümumən alyansın Şərqi Avropada 1997-ci il sərhədlərinə çəkilməsi də daxildir. Bu tələblər artıq ABŞ və NATO tərəfindən rədd edilib. Nəticədə qarşıdurma daha da güclənib və Rusiyanın Ukraynaya hücum edəcəyi haqda Qərb mənbələri bir-birinin ardınca xəbərlər yaymaqdadır.
Təəccüblü deyil ki, başda ABŞ olmaqla Qərblə Rusiya arasında şiddətlənməkdə olan bu geosiyasi çəkişmədə hər iki tərəf öz tərəfinə mümkün qədər çox müttəfiq cəlb etməyə çalışır. Əsas nəzərlər isə şübhəsiz ki, müstəqil siyasət yürüdən, bu və ya digər qütbdə yer almaq istəməyən ölkələrə yönəlir. O cümlədən Azərbaycan da indi Cənubi Qafqazın lider ölkəsi olaraq xüsusi diqqət mərkəzindədir.
Bəs Azərbaycan belə vəziyyətdə hansı mövqe tutmalıdır? Qərb-Rusiya qarşıdurmasında kimin tərəfində dayanmalıdır, yaxud öz siyasətini necə qurmalıdır ki, həm öz milli təhlükəsizlik maraqlarını risk altına atmasın, həm nüfuzlu, etibarlı tərəfdaş imicini saxlasın? Axı Azərbaycan xarici siyasətini öz milli maraqları üzərində qurub və heç bir qlobal güc mərkəzindən asılı olmayan müstəqil siyasət yürütmək xəttini götürüb, eyni zamanda Avropanın mühüm energetika tərəfdaşına çevrilib və Rusiya ilə möhkəm strateji tərəfdaşlıq münasibətləri qurub.
Bu cür mürəkkəb geosiyasi situasiyada Azərbaycanın hansı mövqe tutmalı olduğu barədə müxtəlif mülahizələrin, rəylərin olması təbiidir. Lakin bir amil də var ki, indi o xüsusilə aktuallıq kəsb etməkdədir. Bu, Azərbaycanın Qoşulmama Hərəkatına üzvlüyüdür. Azərbaycan məlum olduğu kimi, 2011 ci ildə Qoşulmama Hərəkatına üzv olub və hərəkatın sıralarında olduqca səmərəli fəaliyyət göstərib, hazırda ona sədrlik edir.
Azərbaycan dünyada sülhə, təhlükəsizliyə töhfə verən, beynəlxalq hüququn aliliyini önəmli mexanizm kimi dəyərləndirən və öz xarici siyasətində bu dəyərlərə, qanunlara riayət edən ölkədir. Bunu öz xarici siyasətində, müxtəlif dövrlərdə istər regionda, istər dünyada yaranmış böhranlı situasiyalarda dəfələrlə sübut edib.
Azərbaycan heç vaxt kiminsə tərəfində kiməsə qarşı mövqe tutmur, bütün məsələlərlə bağlı öz mövqeyi, bütün proseslərə öz baxışı var. Bu mövqe ilk növbədə beynəlxalq hüququn aliliyinə, ədalət prinsiplərinə əsaslanır.
Azərbaycan indi də Qoşulmama Hərəkatının prinsiplərini rəhbər tutur və belə görünür ki, qarşıdakı dövrdə də bu siyasi xətti davam etdirəcək. Bu və digər qütbə meyillənməmək, bütün tərəfdaş ölkələrlə normal, qarşılıqlı maraqlara əsaslanan münasibətlər qurmaq və eyni zamanda beynəlxalq hüququn aliliyini, dövlətlərin ərazi bütövlüklərinin və suverenliklərinin müdafiə olunmasının vacibliyi, bir-birlərinin daxili işlərinə qarışmamaq prinsipləri "ağlını itirməkdə olan" indiki dünyada Azərbaycan kimi müstəqil siyasət yürüdən ölkələr üçün ən rasional yanaşma olardı.