Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Fevral 2022 23:42
Milli Məclisin deputatı Məlahət İbrahimqızı parlamentin bu gün keçirilən plenar iclasında vitse-spiker Fəzail İbrahim ilə aralarında yaranmış mübahisəyə aydınlıq gətirib.
Bu barədə Modern.az-a açıqlama verən deputat bildirib ki, Milli Məclisdə hər bir deputatın fərqli fikirdə olması təbii haldır:
"Əslində mən buna insident deməzdim. Çünki parlament mübahisə, müzakirə, polemika, debat və ya Türkiyə türkcəsi ilə desək, tartışma məkanıdır. Parlamentdə hər kəsin fərqli fikirlərinin olması təbiidir. Əlbəttə, belə müzakirələr çox vaxt doğruları ortaya çıxarır. Çox təəssüf ki, bəzi media təmsilçiləri bunu başqa yerə yozmağa cəhd edirlər.
Ümumiyyətlə, bir neçə ildir ki, seçicilərimin də qaldırdığı, onları narahat edən qadın mollalarının xüsusi təkmilləşdirmə kursundan keçmələri haqqında problem qaldırıram. Bilirsiniz, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin gərgin əməyi və zəhməti nəticəsində Azərbaycan bütün sahələrdə əldə olunan inkişafa görə dünyanın inkişaf etmiş ölkələri cərgəsindədir. Respublikamızın bütün bölgələri bir-birindən gözəldir. Bütün sahələrdə əsalı və uğurlu islahatlar həyata keçirilir. Xüsusi qeyd etmək lazımdır ki, işğaldan azad olunmuş bölgələrdə həyata keçirilən əzəmətli layihələr beynəlxalq aləmin də diqqətindədir. Yəni bu layihələr həm də heç bir maliyyə institutlarından, təşkilatlardan və xarici dövlətlərdən yardım almadan həyata keçirilir. Bütün sahələri əhatə edən bu möhtəşəm layihələr həm də dini abidələri, inanc yerlərinini əhatə edir. Ölkəmizdə bütün dini ibadət yerləri - sinaqoqlar, kilsələr, məscidlər yenidən inşa edilir və ya bərpa olunur. Son günlərdə möhtərəm Prezidentimizin Ağdama səfəri zamanı çıxışlarında qeyd edildi ki, hazırda təkcə Qarabağda 9 məscid inşa edilir. Şuşada 4 məscid inşa olunur. Dini etiqad və inanc yerlərinin ən gözəl infrastrukturu yaradılır. Bütün bunlar Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın şəxsən diqqətilə icra olunur. Qürurvericidir ki, bu işləri Heydər Əliyev Fondu öz vəsaiti hesabına edir. Yüksək səviyyədə qurulan bu müqəddəs yerlərdə, xüsusən də məscidlərimizdə çalışan kişi və qadın ilahiyyətçilər savadlı olmalıdır. İslam dini dünyəvi, müasir dindir və islam dini elmdir. Sözsüz ki, bu problemlər qanuni yolla tənzimlənməlidir. Biz təhsili olmayan, diplomu olmayan həkimə necə gedib öz sağlamlığımızı etibar edə bilərik? Və ya diplomu olmayan müəllimə uşaqlarımızı necə etibar edə bilərik?".
Parlamentari qeyd edib ki, XXI əsrin üçüncü minilliyində dinimizin gözəlliyini, elmiliyini təbliğ etməliyik:
"Yüz il bundan öncə Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir kimi ziyalılarımızın mübarizə apardığı cahillik, xurafat və mövhumata qarşı biz də mübarizə aparmalıyıq. Hesab edirəm ki, tibb və təhsil işçiləri üçün təkmilləşdirmə kursları, sertifikasiya təşkil olunduğu kimi, dini ibadət yerlərində çalışan ilahiyyətçilər də xüsusi imtahandan keçirilməlidir. Yekun olaraq, demək istərdim ki, parlamentdəki mübahisə də elə bu problemlə bağlı idi. Hörmətli vitse-spiker Fəzail İbrahimli də çıxışında bu problemin aktuallığını fərqli aspektdən qeyd edirdi. Mübahisəyə səbəb məhz bu fərqli yanaşma oldu.
Bildiyimiz kimi, Milli Məclis öz fəaliyyətində həm də cəmiyyəti düşündürən problemlər ətrafında vaxtaşırı dinləmələr təşkil edir. Əminəm ki, hörmətli vitse-spiker Fəzail İbrahimlinin rəhbərlik etdiyi komitə müvafiq qurumların və QHT-lərin iştirakı ilə cəmiyyəti düşündürən bu vacib problemə həsr edilmiş dinləmə təşkil edəcəkdir".
Qeyd edək ki, bu gün Milli Məclisdə "Dini etiqad haqqında" qanuna dəyişikliklərin ikinci oxunuşda müzakirəsi zamanı deputat Məlahət İbrahimqızı ilə parlament sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli arasında mübahisə düşüb.