Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Fevral 2022 00:24
UEFA Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunlarına start verilib.
Sonxeber.net "Report"a istinadən bildirir ki, nəzərdə tutulan 8 qarşılaşmadan dördü artıq başa çatıb.
Gecənin maraqla gözlənilən oyunlarından biri Türkiyədə keçirilib. Ölkənin turnirdəki yeganə təmsilçisi "Fənərbağça" Çexiyanın "Slaviya" (Praqa) komandasını qəbul edib. Qarşılaşma meydan sahiblərinin 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb.
Oyunda hesabı qonaqlar açıblar. İlk hissənin sonuncu dəqiqəsində İbrahima Traore fərqlənib. 58-ci dəqiqədə "Fənərbağça"nın heyətində Dimitris Pelkas tarazlığı bərpa edib. Lakin 62-ci dəqiqədə Praqa təmsilçisi yenidən önə keçib. Bu dəfə Oskar Dorli adını tabloya yazdırıb. Cəmi 2 dəqiqə sonra Ondrjey Linqr 3-cü topu "sarı-lacivərdlilər"in qapısından keçirib. Oyunda son nöqtəni isə 83-cü dəqiqədə Fərdi Kadıoğlu qoyub. Maraqlıdır ki, bu qolun ötürməsini 75-ci dəqiqədə meydana daxil olan 16 yaşlı yarımmüdafiəçi Arda Güler edib.
Digər 3 görüşdə isə PSV Niderlandda İsrailin "Makkabi" (Təl-Əviv), "Midtüllan" Danimarkada Yunanıstanın PAOK, Vyana "Rapid"i Niderlandın "Vitess" klubunu məğlub edib.
UEFA Konfrans Liqası, pley-off mərhələsi
İlk oyunlar
17 fevral
21:45. PSV (Niderland) - "Makkabi" (Təl-Əviv, İsrail) - 1:0
21:45. "Fənərbağça" (Türkiyə) - "Slaviya" (Praqa, Çexiya) - 2:3
21:45. "Midtüllan" (Danimarka) - PAOK (Yunanıstan) - 1:0
21:45. "Rapid" (Vyana, Avstriya) - "Vitess" (Niderland) - 2:1
00:00. "Marsel" (Fransa) - "Qarabağ" (Azərbaycan)
00:00. "Lester" (İngiltərə) - "Randers" (Danimarka)
00:00. "Seltik" (Şotlandiya) - "Budyo Qlimt" (Norveç)
00:00. "Sparta" (Praqa, Çexiya) - "Partizan" (Serbiya)
Qeyd edək ki, komandalar arasında cavab matçları fevralın 24-də olacaq.