Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qlaukomanın əsas əlaməti

Qlaukomanın əsas əlaməti

Tarix: 6 Mart 2022 23:21

Göz almacığında olan maye gözün qidalanması üçün olduqca əhəmiyyətlidir. Həmin maye müntəzəm olaraq xaric olunur. Onun rahat ifraz oluna bilməməsi isə "qlaukoma", el arasında isə "qara su" xəstəliyi adlanır.

Sonxeber.net xəbər verir ki, həkim-oftalmoloq Gülnar Əliyevanın dediyinə görə, göz təzyiqinin yüksəlməsi zamanı qabaqlayıcı tədbirlər görülmədiyi halda görmə qabiliyyətində ağır fəsadlar yarana bilər: "Qlaukomanın əsas əlaməti ilk növbədə gözdaxili təzyiqin yüksəlməsidir. Digər tərəfdən görmə sahəsi daralır, xəstələrdə müayinə zamanı görmə itiliyinin aşağı düşməsi, buynuz qişanın ödemli olduğu müşahidə edilir. Uzun müddət ağrıkəsicilərdən istifadə edən xəstələr müraciət edəndə gec olur və görmənin itirilən hissəsini geri qaytarmaq olmur".

Qlaukoma xəstəliyi inkişafın ilk mərhələlərində özünü büruzə vermir. Göz damarlarında torun əmələ gəlməsi, görmədə dumanlıq, uzaq və yaxın məsafəyə fokuslanma, gözlərdə yorğunluq dərəcəsinin artması kimi əlamətlərə qədər qlaukoma gizli gedişata malik olur. 40 yaşdan yuxarı olanlar isə risk qrupuna daxildir: "Xəstəliyin əmələ gəlməsi əsasən genetik faktorla əlaqədardır. Lakin travmalar, həkim məsləhəti olmadan uzun müddət istifadə edilən dərmanların qəbulu nəticəsində də gözdaxili təzyiq əmələ gəlir. Onun əmələ gəlməsi bəzən əməliyyatlardan sonra da yarana bilər. Onların hər birinin müalicə üsulu da fərqlidir. Xəstəlik nə qədər tez aşkarlansa, müalicənin səmərəli olması üçün o qədər yaxşıdır. Müalicə prosesi cərrahi yolla, nisbətən yüngül hallarda isə konservativ yolla aparılır", - deyə həkim-oftalmoloq bildirib.

Görmə qabiliyyətinin qaneedici olması gözdə heç bir problemin olmaması demək deyil. Ona görə də vaxtaşırı həkim-oftalmoloqun müayinəsindən keçmək tövsiyə olunur.


Etiketlər:  Qlaukomanın əsas əlaməti


RƏYLƏR