Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Mart 2022 12:39
ABŞ-ın Nümayəndələr Palatası Ukraynaya 13.6 milyard dollarlıq təcili yardımı təsdiqləyib. Bunun 6.5 milyardını Pentaqon Ukraynaya hərbi yardım kimi ayıracaq, qalanı humanitar və iqtisadi yardıma, o cümlədən 1.5 milyonluq qaçqının dəstəklənməsinə xərclənəcək.
Sonxeber.net "Radio Liberty"yə istinadən bildirir ki, qanun layihəsinin yaxın günlərdə Senatda təsdiqlənəcəyi gözlənir.
Dinc sakinlər atəş altında
BBC Sumi vilayətinin Axtırka şəhərinin ötən gecə atəşə tutulması nəticəsində üç dinc sakinin həlak olduğunu bildirir. Onlardan ikisi qadın, biri 13 yaşlı yeniyetmədir.
Sumi vilayətinin başçısı Dmitri Jivitski martın 10-na keçən gecə Sumi ətrafında yaşayış məhəllələrinin atəşə tutulduğunu deyib. Onun sözlərinə görə, bir mərmi qaz xəttinə düşüb.
Mariupoldakı doğum evinə aviazərbələrdən sonra BMT-nin Baş katibi Antonio Quterres qan axıdılmasını təcili dayandırmağa çağırıb.
Donetsk vilayətində böyük şəhər olan Mariupol bir həftədən çoxdur mühasirədədir, şəhərdə işıq, istilik, yemək yoxdur. Martın 9-da şəhər xəstəxanasına güclü aviazərbə endirilib, xəstəxananın doğum şöbəsinə ziyan dəyib. 17 yaralının olduğu bildirilir.
"Mariupolda doğum və uşaq şöbələrinin yerləşdiyi xəstəxanalara hücum dəhşətlidir. Dinc sakinlər onlara heç dəxli olmayan müharibəyə görə ən ağır bədəli ödəyirlər. Bu mənasız zorakılıq dayandırılmalıdır. Qan axıdılmasını indi dayandırın", - Quterres bildirib.
Leninqradın blokadası
ABŞ-ın Dövlət katibi Entoni Quterres isə Mariupolun mühasirəsini Leninqradın blokadası ilə müqayisə edib.
"Hər bir rus Böyük Vətən Müharibəsi vaxtı Leninqradın blokadasından xəbərdardır. Təəssüf ki, tarix təkrarlanır. İndi Rusiya hökuməti Ukrayna şəhərini aclıqla məhv edir", - o, tvitində yazıb.
Artıq Rusiyanın Ukraynaya qarşı müharibəsinin başlanmasından bəri 516 dinc sakin öldürülüb, 908 nəfər yaralanıb. Məlumatı BMT-nin İsan Haqları üzrə Ali Komissarlığı açıqlayıb.
Ən çox ölən Donetsk və Luqansk vilayətlərindədir: 111 ölü, 462 yaralı.
Faktiki itki sayının daha böyük olduğu bildirilir. Çünki intensiv döyüş gedən ərazilərdən informasiya gec əldə edilir.
Ukrayna Çernobıl AES-də atəşkəs tələb edir
Ukraynanın Xarici işlər naziri Dmitro Kuleba Rusiyanı hazırda istifadəsiz olan Çernobıl atom-elektrok stansiyasında təmir üçün atəşkəsə çağırıb. Vaxtilə ən ağır nüvə qəzasının baş verdiyi Çernobıl elektrik şəbəkəsindən tam ayrıldığından radiasiya riski yüksəlib.
Ukrenergo dövlət enerji şirkəti martın 9-da bildirib ki, Çernobıl zavodunu Kiyevdə elektrik təchizatçısı ilə birləşdirən xətt kəsilib. Zavodda 20 tonluq tullantı daim soyudulmalıdır, əks halda sızma riski var, "Ukrayna, Belarus, Rusiya və Avropaya" təhlükə yarana bilər.
"Çernobıl nüvə enerjisi zavodunun və onun Rusiya ordusunun nəzarətində olan bütün nüvə obyektlərinin elektrik xətti zədələnib", - Kuleba Twitter-də yazıb.
Nazir dizel generatorlarının zavodu 48 saat ərzində elektriklə təmin edəcəyini vurğulayıb. Bundan sonra soyutma sistemləri dayanacaq, "radiasiya sızması qaçılmaz" olacaq.
BAEA-ya data axını kəsilib
Rusiya fevralın 24-də Ukraynaya hücuma başlayandan sonra Kiyevin 100 kilometrliyində yerləşən Çernobıl zavodunu Rusiya qüvvələri tutub. O vaxtdan 210 ukraynalı zavodda işini davam etdirir, onlar yeni işçilərlə növbələşmir.
Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) martın 8-də bildirib ki, Ukrayna nüvə zavodu əməkdaşlarının təcili rotasiyasının gərəkməsi haqda məlumat verib.
1986-cı ilin aprelində Çernobılda dördüncü reaktor partlayıb, Avropanın böyük hissəsinə radiasiya buludları yayılıb.
Martın 4-də Rusiya qüvvələri Ukraynanın cənub-şərqindəki Zaporojye nüvə enerjisi zavodunu da tutublar.
BAEA martın 9-da bəyan edib ki, Zaporojye AES-dəki monitorinq avadanlığı ilə əlaqəsi itib. Agentliyin başçısı Rafael Qrossi iki obyektdən əldə olunan data axınının qəfil kəsilməsindən narahatlığını bildirib.