Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

KİV: Çində koronavirusun sürətlə yayılması “stels-omikron” ştamı ilə bağlıdır

KİV: Çində koronavirusun sürətlə yayılması “stels-omikron” ştamı ilə bağlıdır

Tarix: 14 Mart 2022 21:20

Çində pandemiyanın əvvəlindən bəri koronavirusa yoluxma hallarında kəskin sıçrayış qeydə alınır. Bu, orijinal "omikron" variantından daha sürətli yayılan "stels-omikron" ştamı ilə bağlıdır.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Associated Press agentliyi məlumat yayıb. Bazar ertəsi günü Çinin hakimiyyət orqanları ölkənin onlarla şəhərində 1436 yoluxma faktının aşkarlandığını bildirib. Ən çox yoluxma Tszilin əyalətində qeydə alınıb - 895 nəfər. Bazar günü tam qapanma tətbiq edilən Şençjen şəhərində 75 nəfər, Şanxayda isə 41 nəfər koronavirusa yoluxub.

Məlumata görə, ölkədə COVID-19 infeksiyasına yoluxma halları martın əvvəlindən artmağa başlayıb. Burada daha çox BA.2 ştamı kimi tanınan "stels-omikron" variantı dominantlıq edir.

Çin dünyada koronavirusa qarşı ən sərt tədbirlər görülən azsaylı ölkələrdən biridir. Qısa müddət ərzində bütün dünyaya yayılan COVID-19 infeksiyasının ilk dəfə bu ölkədə qeydə alınmasına baxmayaraq, Pekin indiyə qədər koronavirusa yoluxma hallarının nəzarət altına alınması üzrə uğurlu karantin siyasəti aparıb. Belə ki, pandemiyanın əvvəlindən bu yana ölkədə koronavirusa yoluxanların sayı 116 min 902 nəfər, ölənlərin sayı 4 min 636 təşkil edib, 103 min 735 nəfər sağalıb, müalicəsi davam edən 8 min 531 nəfərdən cəmi səkkizinin vəziyyəti ağır qiymətləndirilir.

Çində, həmçinin vaksinasiya kampaniyası da uğurla həyata keçirilir. Martın 12-nə olan məlumata görə, ölkədə yaşayan 1 milyard 439 milyon nəfərdən 1 milyard 269 milyonu (88,19 faiz) koronavirus əleyhinə ən azı bir doza, 1 milyard 234 milyonu (85,77 faiz) iki doza, 554 milyonu isə buster dozası ilə peyvənd olunub.

Xatırladaq ki, 2020-ci il mart ayının 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirusun yayılmasını pandemiya elan edib.


Etiketlər:  KİV Çində koronavirusun sürətlə yayılması stels omikron ştamı ilə bağlıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ