Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kənddə məhəbbət dördbucağı və qətl: Arif, Yelena, Məmmədbağır və Sergey...

Kənddə məhəbbət dördbucağı və qətl: Arif, Yelena, Məmmədbağır və Sergey...

Tarix: 17 Mart 2022 21:18

Rusiyanın Rostov  vilayətində dostunun sevgilisini öldürməkdə, onun qızıllarını ələ keçirməkdə, cinayətin izini itirmək məqsədilə meyiti gizlətməkdə ittiham olunan 34 yaşlı Məmmədbağır Abdullayev Gəncə Ağır Cinayətlər Məhkəməsində mühakimə edilib. O, qətldə əli olmadığını, cinayəti dostunun özünün törətdiyini iddia edib, amma hakim Məmmədbağırın danışdıqlarına inanmayıb və Şerlok Holmsun detektivlərində olduğu kimi, məşhur "qatil kimdir" sualının cavabını istintaqın təqdim etdiyi sübutlar, dəlillər əsasında tapıb.

Sonxeber.net virtualaz.org-a istinadən bildirir ki, hadisə 2016-cı ilin noyabr ayının əvvəlində Rostov vilayəti, Belaya Kalitva rayonunun Koksovıy qəsəbəsində (yaxud kəndində)  baş verib. Qəsəbə sakini Yelena Boyeva ilə dostu Arifin vasitəsilə tanış olan "Maqa" ləqəbli Məmmədbağır Abdullayev bir neçə dəfə qadının evinə gedib-gəlib. Mənzildəki qızıl-zinət və digər qiymətli əşyalar onun diqqətindən yayınmayıb. Tamah hissi "Maqa"ya güc gəlib. Yelenanın evdə tək olmasından istifadə edərək mənzilin qapısını döyüb, qızılların yerini öyrəndikdən sonra ütünün naqilini kəsərək qadının boynuna dolayıb və var gücü ilə sıxıb. Ev sahibəsinin öldüyünə əmin olduqdan sonra ona məxsus olan, ümumi dəyəri 5480 manat təşkil edən zinət əşyalarını götürərək hadisə yerini tərk edib. "Maqa" qətl hadisəsindən 4 il sonra - 23 iyun 2020-ci ildə həbs edilib.

Lakin təqsirləndirilən Məmmədbağır Abdullayev ona qarşı irəli sürülən ittihamlarla özünü təqsirli bilməyib. İfadəsində 2016-cı ilin yay aylarında tanışı Arifin təklifi ilə Rusiyaya işləməyə getdiyini deyib.

"Ariflə Gəncədəki çayxanaların birində tanış olmuşduq. Mənə Rusiyada böyük tikinti obyektlərinə fəhlə tələb olunduğunu demişdi. İşləmək üçün Arifin yanına -Rostova getdim. Arif dayısı Yunusun evində qalırdı. İş məsələsi bir qədər uzandığından bir müddət mən də orada qalmağa məcbur oldum. Ariflə birgə qəsəbədəki kiçik tikintilərdə təmir işləri görürdüm", - o ifadəsində belə deyib.

 "Bir dəfə Yelena çox içmişdi..."

Məmmədbağırın ifadəsinə görə, həmin ərəfələrdə o, Arifin görüşdüyü, evinə gedib-gəldiyi Yelena adlı qadının olduğunu öyrənib. Yelena qeyri-rəsmi nikahda olsa da müxtəlif kişilərlə, o cümlədən Ariflə də yaxınlıq edirmiş. Hətta bir neçə dəfə onlar yaşayan evə də gəlib, birlikdə yeyib-içiblər: "Bir dəfə Yelena çox içmişdi. İçkili vəziyyətdə məni öpdü, onu itələdim, Arif bunun şahidi oldu. Məni Yelenaya qısqanaraq söz də atdı".

Qətl hadisəsindən bir neçə gün əvvəl məhkəmə miqrasiya qaydalarını pozduqları üçün Ariflə Məmmədbağırın Rusiyanı könüllü tərk etməli olduqları barədə  qərar çıxarıb. Məmmədbağır Azərbaycana qayıtmaq üçün qardaşına zəng vurub ona pul yollamasını xahiş edib.

"Qardaşım təxminən 10 min rubl göndərdi. Yola düşmək üçün çantamı yığdım. Günorta saatlarında Arif zəng vurub Yelenanın evinə yeyib-içməyə çağırdı. Dedi ki, buraya gəlməyin barədə evdə heç kimə heç nə demə. Yunusla və ailə üzvləri ilə sağollaşıb evdən çıxdım. Arifin tapşırığına əsasən onlara Yelenanın evinə gedəcəyim barədə heç nə demədim", - Məmmədbağır belə deyib.

 Məmmədbağırın versiyası: "Yelenanı Arifin əlindən alanda qadın artıq can verirdi..."

Təqsirləndirilən şəxs baş verənlərə dair öz hekayəsini davam etdirərək deyib ki,  həmin gün Ariflə birgə Yelenanın evində yeyib-içiblər. Başqa bir qızın Arifin telefonuna "Whatsapp"la  şəkil yollaması Yelena ilə onun mübahisəyə səbəb olub. Qadın səs-küy salaraq Arifi evdən qovmaq istəyib.

"Arif sakitləşmək bilmirdi. Yelenanı sillə ilə vurdu, onları birtəhər araladım. Hisə verilmiş balıq gətirmək, yeyib-içib hər şeyi yaddan çıxarmaq üçün çölə çıxdım. Çöldə olarkən Ariflə Yelenanın yenə də səsləri gəlirdi. Evə qayıdanda gördüm ki, Yelena yerdə uzanıb, Arif isə onun başının üstündə dayanıb şnurla qadını boğur. Yelenanı Arifin əlindən alanda qadın artıq can üstəydi. Arifdən niyə belə etdiyini soruşduqda "yaxşı eləyirəm, heç kimin məni təhqir etməyə haqqı yoxdur" dedi. Sonra Yelenanın əlindəki üzükləri çıxartdı. Əvvəl meyiti yandırmaq istədi, sonra fikrindən daşındı. Birlikdə meyiti divanın altına qoyduq. Çöldə dayanıb səhərin açılmasını gözlədim. Arif hər şeyi özü təmizləyib həll edəcəyini dedi və mənə iki ədəd qızıl sep verdi. Səhər tezdən avtobusla Rostova gəldim, Arifin verdiyi iki qızıl sepi 7 500 rubla satdım və Azərbaycana qayıtdım", - o bildirib.

M.Abdullayev ifadəsində Yelenanı öldürmədiyini, qətlin A. Əkbərov tərəfindən törədildiyini, sonuncunun ona yalnız iki ədəd qızıl sep verdiyini deməsi işin faktiki hallarına uyğun gəlməyib. Məhkəmə onun ifadəsini inandırıcı hesab etməyib və özünümüdafiə cəhdi kimi qiymətləndirib.

Yelenanın anası: "Evdən kəskin meyit qoxusu gəlirdi..."

Mərhumun anası istintaq zamanı dindirilərkən qızı ilə əlaqə saxlamağa çalışsa da, telefonuna zəng çatmadığını, Yelenanın yaşadığı evə gələrək nərdivanla həyətə düşdüyünü, mənzilin qapısının kilidli olduğunu görüb geri qayıtdığını deyib: "Pəncərələrdən baxdım, şübhəli heç nə görməyib Yelenanın  gəzməyə çıxdığını güman etdim. Amma onunla heç cür əlaqə saxlaya bilmədim. Yenidən evinə gəldim, qapı bağlı idi. Bu dəfə Fövqəladə Hallar Nazirliyinə zəng vurdum. Onlar qapını açdılar. Evdən kəskin meyit qoxusu gəlirdi. Yelenanın meyitini divanın altından aşkar etdilər".  

Zərərçəkmiş Sergey Bondarev isə ifadəsində bildirib ki, 2010-cu ildən Yelena ilə birlikdə yaşadığı yerdə, aralarında dava-dalaş olmurdu, mehriban dolanırdılar: "Yelena heç kimlə münaqişə yaradan qadın deyildi. Bəzən spirtli içki içərdi. Son iki il ərzində heç yerdə işləmirdi. Özünə iş axtarırdı. Onu maddi cəhətdən mən təmin edirdim. Yelenanın tanışları və ünsiyyət qurduğu  şəxslərlə bağlı məlumatım olmayıb. İş növbəsindən qayıdanda Yelena mənimlə birgə vaxt keçirirdi. Noyabrın 3-də dəfələrlə zəng vurdum, cavab vermədi. Həmin ərəfədə Moskvada işdə idim. Anası ilə telefon əlaqəsi saxladım. Dedi ki, qapı bağlıdır, evin işıqları da yanmır. Bir həftə xəbər tuta bilmədik. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları qapını açdıqdan sonra Yelenanın öldürüldüyü məlum oldu. Xəbəri eşidən kimi təcili evə qayıtdım. Yelenanın kifayət qədər qızıl-zinət əşyaları var idi. Həmin qızılların heç birinin evdə olmadığını gördüm".

"Dostumun sevgilimdən xoşu gəldiyini bilirdim..."

Şahid qismində dindirilən Arif Ələkbərov ifadəsində Rostovda tikinti sahəsində işlədiyini, tanışı "Maqa" ya Moskvada işə düzələnə kimi onunla birlikdə əmisinin evində qalmağı təklif etdiyini deyib.

"Sevgilim Yelena ilə "Maqa"nı mən tanış etmişdim. "Maqa"nın ondan xoşu gəldiyini bilirdim. Amma Yelena ona rədd cavabı vermişdi. Noyabrın 1-də "Maqa" dedi ki, atam insult keçirib, beş gün ömrü qalıb, Gəncəyə getməliyəm. "Maqa" gedəndən sonra öyrəndim ki, məndən xəbərsiz Yelenanın evinə gedibmiş. Ona "niyə mənim sevgilimin yanına gedirsən, səni görsəm yaxşı olmayacaq" tipli mesaj yazdım. Ondan sonra "Maqa" ilə əlaqəm olmayıb. Yelenaya dəfələrlə zəng vurdum, telefonuna zəng çatmadı. Evinə getdim, giriş qapısı bağlı, küçə işığı isə sönülü idi. Fikirləşdim ki, yəqin harasa gedib. Çünki küçə işığı həmişə yanılı olurdu. Tez-tez gedib baxırdım görüm gəlib, ya yox. Sonradan Yelenanın meyitinin mənzildən tapıldığını eşitdim", - Arif Ələkbərov ifadəsində bildirib.

Məhkəmənin hökmü ilə Məmmədbağır Abdullayev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 12 il müddətinə azadlıqdan məhrum edilib.


Etiketlər:  Kənddə məhəbbət dördbucağı qətl Arif Yelena Məmmədbağır Sergey


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ