Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Qayınatam dedi ki, bacarmıram, öldür, mənim üçün...” - Bakıdakı cinayətin təfərrüatı

“Qayınatam dedi ki, bacarmıram, öldür, mənim üçün...” - Bakıdakı cinayətin təfərrüatı

Tarix: 24 Mart 2022 14:46

Bakının Xəzər rayonunda arvadını qətlə yetirməkdə ittiham olunan Füzuli Qarayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Milli.Az Teleqraf.com-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə qətlə yetirilən Sevinc Qarayevanın atası Yalçın Məhərrəmov ifadə verib. O bildirib ki, qızı ailə qurandan sonra həmişə əri Füzuli Qarayevdən narazılıq edib:

"Ailə qurandan 3 ay sonra ailədə narazılıqlar başladı. Tez-tez mübahisə olurdu, qızımı döyürdü. Evləri şəraitsiz idi. Bu da söz-söhbətlər yaradırdı. Axırıncı dəfə Füzulinin işi polisə verilmişdi. Yəqin ona görə qızımı öldürüb. Qızım qətlə yetiriləndə rayonda idim, toya getmişdim. Zəng vurdular ki, qızını qətlə yetiriblər. Mən də gəldim".

Təqsirləndirilən şəxs Füzuli Qarayev isə bildirib ki, zərərçəkmişlər yalan danışır: "Mən yoldaşımı heç vaxt döyməmişəm. Ailə qurandan 4 ay sonra qaçıb getmişdi atasının evinə. Dedi, darıxıram. Bir müddət sonra qayıtdı. Amma yenə xəbərsiz evdən gedirdi. Bir neçə dəfə evdən qaçdı. Axtardım, tapmadım. Axırıncı dəfə də evdən qaçanda qayınatama zəng etdim, onu çağırdım. O da gəldi, axtardıq, tapa bilmədik. Qayınatam dedi ki, mən bacarmıram, artıq öldür, mənim üçün o qız ölüb. Mən də dedim mən niyə öldürürəm?"

Sevinc Qarayevanın anası Mətanət Məhərrəmova bildirib ki, qızı ailə qurandan problem yaşayıb:

"Həmişə evində qırğın-dava olurdu. Uşaqlarla qızımı qorxudurdu ki, gəlməsən, uşaqları öldürəcəm. Qızım qaçıb ya bizə gəlirdi, ya xalasıgilə. Deyirdi ki, kanalizasiya tutulduğuna görə məni döyüb. Mənə çox söz demirdi, bacıları ilə danışırdı, dərdini onlara deyirdi. Sığınacağa getməyini bilirdim. Axırıncı dəfə mart ayında pis döyülmüşdü.

Sevinc bizə gəldi, bədəni gömgöy idi. Bir neçə gün bizdə qaldı. Mən dedim apar uşaqları qaytar, özün getmə. Dedi yox, mən uşaqlara görə getməliyəm. Füzuli ona nə dedi, nə demədi, başını bişirdi, qız da getdi. Gedəndən 10 gün sonra da öldürüldü".

Mərhumun anası qızının feministlərə qoşulmasının normal hal olduğunu deyib: "Feministlər qızıma köməklik edirdilər. Onun ailə problemini həll etmək istəyirdilər. Qızım feministlərə qoşulub, pis yola getməyib ki? Onlar hamısı qadındılar, kişilər deyillər".

Füzuli Qarayev bildirib ki, onun həyat yoldaşını yoldan çıxarıblar: "Mənim həyat yoldaşımı xalası qızı yoldan çıxarıb, feministlərə qoşub. Qayınanam öz qızını oğurluğa vadar edib. Özü qızı ilə birlikdə Optimal marketdən oğurluq edib. Bunun tərbiyə verdiyi qız bundan artıq olmayacaq ki? Yoldaşım feministlərə qoşulduğudan məni saymırdı, qətlin səbəbi də budur".

İttihama görə, ötən ilin avqustun 3-də Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində 1997-ci il təvəllüdlü Sevinc Məhərrəmovanın əri tərəfindən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Müəyyən edilib ki, 1979-cu il təvəllüdlü Füzuli Qarayev arvadının aralarında yaranan mübahisədən sonra küsüb sığındığı qonşusu Röyal Hüseynovun evində olmasını bilib, oraya gələrkən küçədə Röyal Hüseynovu və sonuncunun yanında fəhlə işləyən Ramil Bəşirovu bıçaqlayıb, daha sonra evə daxil olaraq arvadı Sevinc Məhərrəmovaya çoxsaylı bıçaq xəsarətləri yetirərək onu öldürüb.

İstintaq orqanı tərəfindən Füzuli Qarayevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Milli.Az


Etiketlər:  Qayınatam dedi ki bacarmıram öldür mənim üçün Bakıdakı cinayətin təfərrüatı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ