Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Aprel 2022 11:18
Türkiyə Prezidenti Ərdoğan Rusiya və Ukrayna arasında sülh təşəbbüslərini nə qədər artırsa da, savaşın davam etməsində maraqlı olan Qərb koalisiyası, xüsusən də ABŞ-İngiltərə tandemi hər şey edir ki, barış atmosferi yaranmasın və Putin-Zelenski görüşü tezliklə baş tutmasın.
Elə nümayəndə heyətləri arasında 29 martda İstanbulda keçirilən görüşdən sonra yaşananları xatırlayın: bütün dünya danışıqların münasibətlərin yumşalması istiqamətindəki detallarına diqqət çəkib sevindiyi saatlarda, ABŞ Prezidenti Bayden və Britaniya Baş naziri Consondan savaşı davam etdirmək üçün Ukraynaya hərbi dəstəyin artırılması vədləri verilirdi. Hətta Baydenlə Zelenskinin bəyanatları da, təxminən, eyni cümlələrlə bitirdi...
İndi də Buçada mülki əhalinin kütləvi şəkildə qətlə yetirildiyini göstərən kadrlar və ardınca da dərhal Bayden başda olmaqla Qərb ölkələrinin rəhbərlərinin kəskin reaksiyaları Türkiyənin barış təşəbbüslərini və indiyədək əldə olunmuş nəticələri xeyli çətinə salır. Açıqca görünür ki, Qərb Zelenskinin Putinlə anlaşmasını və bu anlaşmanın da məhz Ərdoğanın vasitəçiliyi ilə baş tutmasını istəmir.
Səbəb aydındır: Bayden Türkiyənin vasitəçiliyi ilə baş tutacaq Putin-Zelenski görüşünün 2023-də yeni prezidentini seçməyə hazırlaşan Türkiyədə Ərdoğanın seçki reytinqinə həlledici təsir göstərdiyini bildiyindən, onun qarşısını indidən kəsməyə çalışır. Axı, dəfələrlə vurğuladığımız kimi, Baydenin hədəfində təkcə Putin yox, həm də Ərdoğandır və ötən ilin 9-10 dekabrında ABŞ prezidentinin təşəbbüsüylə keçirilən "Demokratiya sammiti"ndə Bayden bu niyyətini açıq şəkildə ortaya qoymuşdu. Sammitə dəvət almayan ölkə rəhbərləri, faktiki olaraq, qeyri-legitim dövlət başçıları elan edilərək, onların yeni "rəngli inqilablar", çevrilişlər yoluyla hakimiyyətdən salınmaları prosesinə "yaşıl işıq" yandırılmışdı!
Baxın, Baydenin sammitə çağırmadığı və yıxmağa çalışdığı NATO üzvü olan ölkə başçılarından biri fəaliyyəti müddətində Çin və Rusiya ilə əlaqələrini qoruyub saxlamağa çalışan Macarıstan Baş naziri Viktor Orban idi ki, amerikalıların bütün müxalifəti ona qarşı səfərbər etmək cəhdlərinə baxmayaraq, aprelin 3-də keçirilən parlament seçkilərində Orban yenidən qalib gəldi və ona qarşı cəbhədə yer alanları da "Sorosun muzdluları" adlandırdı...
Sözügedən sammitə dəvət olunsa da, tədbirə qatılmaqdan imtina edən Pakistanı isə ABŞ-ın qarışdırmaq cəhdləri hələ baş tutmur: Bayden Pakistanın Baş naziri İmran Xanı Çin və Rusiya ilə əlaqələrini kəsməyə və ərazisində ABŞ bazalarını yerləşdirməyə çağırsa da, İmran Xan bundan nümayişkaranə şəkildə imtina edib. Üstəlik, İmran Xan onun istefasını tələb edən parlamentin buraxılmasına və yeni seçkilərə gedilməsinə də nail olub. Beləliklə, qoca Baydeni qarşıdakı aylarda Pakistanda da Çin-Rusiya-Türkiyə-İran ittifaqının namizədiylə gərgin günlər gözləyir...
Şübhəsiz ki, Bayden üçün bir nömrəli hədəf Rusiya Prezidenti Putindir və Putin hakimiyyətdən salınmaq təhdidi, təzyiqi altında saxlanıldıqca, bu, amerikalıların təkcə Rusiyada yox, maraq göstərdikləri bütün digər ölkələrdə də onların daha rahat hərəkətini təmin etmiş olur. Bu səbəbdən, amerikalılar Ukraynada savaşın müddətinin uzanmasına və Rusiya-Ukrayna münasibətlərinin yenidən bərpa olunmayacaq, əvvəlki məcraya heç vaxt qayıtmayacaq bir duruma salınmasına, onilliklər boyu unudulmayacaq qan düşmənçiliyinə çevrilməsinə çox can atırlar.
Ərdoğanın müharibəni dayandırmaq, tərəfləri barışdırmaq və sülhə nail olmaq çağırışları isə savaş təbilçisi Baydenin önündə səddə çevrilib. Bayden hesab edir ki, Ərdoğanın yerinə qərbyönümlü başqa bir şəxs olsa, bu, Türkiyənin ətrafında birləşmiş və Rusiyanın da ciddi təsir dairəsində olan Türk Dövlətləri Təşkilatına daxil olan respublikalar üzərindən də Rusiyaya qarşı yeni bir cəbhənin açılmasına və Putinin tam təcridinə gətirib çıxar bilər.
Odur ki, biz yaxın vaxtlarda Ərdoğanın ABŞ tərəfindən daha böyük basqıya məruz qalacağını, onun əleyhinə Türkiyənin içərisində qurulmuş siyasi bloka dəstəyin artırılacağını, eyni zamanda, Rusiya ilə Türkiyənin ortaq maraq və mənafelərinin olduğu bölgələrdə, xüsusən də Azərbaycanda və Orta Asiyada onların münasiətlərinin pozulmasına yönəlik yeni irimiqyaslı təxribatlara əl atılacağını daha çox gözləyə bilərik.
Xatırladaq ki, 2016-cı ildə Suriya probleminin həlli məqsədiylə Rusiya, Türkiyə və İran ABŞ-ı bir kənara qoyaraq, öz aralarında razılığa gəldikləri və "Astana prosesi"ni başladıqları zaman Qərb xüsusi xidmət qurumları bu münasibətləri pozmaq üçün hətta Rusiyanın Türkiyədəki səfiri Karlovu öldürməkdən belə çəkinmədilər. Eyni ssenarilərin bu dəfə daha sərt formada işə düşməsi ehtimalı xeyli böyükdür.
Şübhəsiz, ətrafındakı çəmbərin necə daraldığını, zamanın artıq əleyhinə işlədiyini Putin də yaxşı görür və böyük ehtimalla, Ukraynanın cənub cinahını tam şəkildə nəzarətə almağa, xüsusən də "Azov batalyonu"nun qalası sayılan Mariupolun təslim olmasına nail olan kimi, Zelenski ilə görüş və sülh masasının məhz Türkiyədə, ya da həm Türkiyənin, həm də Rusiyanın müttəfiqi Azərbaycanda qurulmasına razılıq verəcək.
Çünki indi Ərdoğanı eşitmək, Baydendən qorumaq və onun Türkiyədə yenidən qələbəsini təmin etmək Putin üçün həm də özünü və Rusiyanı xilas etmək deməkdir.
Ərdoğan artıq Putini aşırmaq yolunda Bayden üçün "Çin səddi"nə çevrilib.
Elxan Şükürlü