Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xanlar Fətiyev: Dövlətçiliyimizin qorunması üçün hər birimiz var gücümüzlə çalışmalıyıq

Xanlar Fətiyev: Dövlətçiliyimizin qorunması üçün hər birimiz var gücümüzlə çalışmalıyıq

Tarix: 12 Sentyabr 2019 11:45

Bakı. Elçin Mehdiyev - Trend:

İqtidar və müxalifət partiyalarının, vətəndaş cəmiyyətinin nümayəndələrinin və media qurumlarının rəhbərlərinin ölkəmizdə dövlətçilik prinsiplərinin daha da möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin olunması, taleyüklü məsələlərdə milli həmrəyliyimizin tam şəkildə bərqərar edilməsi, xalqımızın sosial rifah halının yaxşılaşdırılması, beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsi istiqamətində bir araya gəlməsi və birgə müzakirələr aparması çox müsbət haldır. Belə görüşlər demokratik cəmiyyətdə yarana biləcək hər hansı mənfi halların qarşısının alınmasında mühüm rol oynaya bilər. Hesab edirəm ki, bu kimi dialoqlar davam etdirilməlidir.

Bu fikirləri Trend-ə Yeni Azərbaycan Partiyasından olan millət vəkili Xanlar Fətiyev deyib.

Deputatın sözlərinə görə, Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması, xaricdən sabitliyimizin pozulmasına yönələ biləcək təsirlərin qarşısının alınması üçün hər bir ölkə vətəndaşı birlik nümayiş etdirməlidir: "Keçirilən dəyirmi masada qəbul olunan bəyanat onu göstərir ki, siyasi mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşın ordu quruculuğuna və silahlı qüvvələrimizə hərtərəfli və birmənalı dəstəyi zəruridir. Bundan başqa, tədbir iştirakçıları ölkədə həyata keçirilən və keçiriləcək islahatları dəstəkləyir, ardıcıl və davamlı olmasını vacib sayır, seçkilər zamanı bu prosesə beynəlxalq hüquqa zidd hər hansı xarici müdaxilənin yolverilməz olduğunu xüsusi vurğulayır və belə müdaxilə cəhdlərinə qarşı birgə fəaliyyəti zəruri sayırlar".

X.Fətiyev bildirib ki, böyük əziyyət və siyasi iradə sayəsində ümummilli lider Heydər Əliyevin qurub yaratdığı müstəqil Azərbaycanda sabitliyin təmin edilməsi və ölkəmizin dünyada iqtisadi gücə çevrilməsi üçün Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasəti dəstəkləyərək dövlətçiliyimizin qorunması üçün hər birimiz var gücümüzlə çalışmalıyıq: "Azərbaycan torpaqları işğal altında olan bir ölkədir. Ermənistan tərəfindən işğal edilmiş torpaqların qısa müddətdə işğaldan azad edilməsi istiqamətində, hərb yolu da daxil olmaqla, atılacaq addımları birmənalı şəkildə müdafiə etmək məqsədilə ölkənin siyasi partiyaları, vətəndaş cəmiyyəti və media qurumlarının nümayəndələri tərəfindən birgə bəyanat verilməsi çox mühüm addımdır".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Xanlar Fətiyev Dövlətçiliyimizin qorunması üçün hər birimiz gücümüzlə çalışmalıyıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ