Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Aprel 2022 15:02
Bakıda dələduzluq etməkdə ittiham olunan 1980-ci il təvəllüdlü Əfsun Əhmədlinin məhkəmə prosesi keçirilib.
Sonxeber.net Teleqraf.com-a istinadən bildirir ki, Əfsun Əhmədli 6 nəfərə qarşı dələduzluq edib.
O, biznes qurmaq adı ilə həmin şəxsləri aldadaraq dələduzluq əməli törədib.
İstintaq orqanı tərəfindən Əfsun Əhmədlinin barəsində Cinayət Məcəlləsinin 178.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək), 320.1-ci (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham elan edilib.
Əfsun Əhmədlinin barəsində olan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Samir Əliyevin sədrliyi ilə araşdırılıb.
"Torpaq sahəsini 1.100.000 manata və 7 ev müqabilində satdılar"
Təqsirləndirilən şəxs qismində ifadə verən Əfsun Əhmədli ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, 2017-ci ildə Namil adlı şəxsin restoranında adminstrator işləyib: "Namillə aramızda münasibətlər yarandıqdan sonra ondan ilk dəfə 10.000 ABŞ dolları aldım, ona 13.000 ABŞ dolları qaytardım. Daha sonra 20.000 dollar aldım, onu da qaytardım. Paytaxtın mərkəzində Namilin 19 sot torpaq sahəsi var idi, oranı satmaq istəyirdi. Mən də kömək məqsədilə ona müştəri tapdım. Həmin torpaq sahəsini 1.100.000 manata və 7 ev müqabilində satdılar. Namil mənə həmin mənzillərdən birini verdi.
Namildən təqribən 50 dəfəyə yaxın pul almışam. Bir dəfə Namildən limonad idxalı məqsədilə 37.000 dollar aldım, 2.500 dollar faizi ilə geri qaytardım. Ondan pulu adətən 7-10 faizlə götürürdüm, 20 gün-1 ay ərzində qaytarırdım.
Gülşən xanımla isə Namilin evində məclisdə tanış olmuşam və ona mənzillərinə müştəri tapmaqda kömək etmişəm. Gülşən xanım məndən Namillə olan münasibətlərimi soruşdu. Ondan 7-10 faizlə pul götürdüyümü bildirdim. Gülşən xanım isə Namilin bilməməsi şərtilə mənə əgər istəyərəmsə, 4 faizlə pul borc verə biləcəyini bildirdi".
"Məni öldürməklə hədələdilər"
Təqsirləndirilən şəxsin sözlərinə görə, buna görə də Gülşən adlı xanımdan faizlə pul borc götürməyə başlayıb: "Baş verənlərə Lətafət adlı xanım da şahid olub. Mənim Namilə 180.000 manat borcum var idi. Artıq məndən pul almadığına görə borcumun üzərinə əlavə faizlər hesablamağa başladı. Borcun müəyyən hissəsini ödədim və ona 39.000 manat borcum qaldı.
Bundan 3 ay sonra telefonuma xarici nömrədən zəng gəldi. Özünü "Tarzan" adı ilə təqdim edən şəxs Namilə guya 500.000 dollar borclu olduğumu dedi, borcu ödəməyi tapşırdı, əks halda məni öldürməklə hədələdi. Bir neçə şəxs bundan sonra da məni hədələməyə davam etdilər.
Bu halları təsdiq edən yazışma və videolar da var idi. Mənim əvvəllər polis işləmiş Xəqani adlı tanışım da bunlara şahid olub. Xəqani mənim xəbərim olmadan bu yazışmaları və videoları apararaq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə verdi".
"Namildən şikayət etmədim"
Əfsun deyib ki, həmin idarədən ona zəng olunaraq oraya dəvət olunub: "İdarədə baş verənləri danışdım. Lakin Namil barəsində şikayət etmədim. Bir neçə gün sonra eşitdim ki, Namil həbs olunub.
Yenə idarəyə getdim. Bildirdim ki, Namil barəsində heç bir şikayətim yoxdur. Bundan sonra Namili buraxdılar. Bir ay sonra isə Namil mənim barəmdə şikayət etdi. Məni 10 gün həmin idarədə saxladılar".
"Məni qorxutmaq istəyib"
Əfsunun sözlərinə görə, bu müddət ərzində Namilin şikayəti ilə əlaqədar araşdırma aparılıb və təqsirsiz olduğu sübuta yetirildiyinə görə onu buraxıblar:
"Bundan iki ay sonra bir şəxs zəng vurdu, özünü Robert adı ilə təqdim etdi və Bəylər Əyyubovun qardaşı oğlu olduğunu bildirdi. Həmin şəxs Namillə olan problemin həlli üçün görüşməli olduğumuzu və gələndə özümlə 50.000 dollar gətirməli olduğumu bildirdi. Mən də razılaşdım.
Sonra isə tanışım olan polis əməkdaşı Roma Əyyubova onun adından belə bir zəng olunduğunu bildirdi və nömrəni ona verdi. Məlum oldu ki, həmin şəxs onun adından istifadə edib, məni qorxutmaq istəyib".
"Pulumu qaytarmaqdan imtina etdi"
Əfsunun bildirdiyinə görə, daha sonra Roma və Pənahla birlikdə Botanika bağına gedib: "Orada Robert adlı şəxsə zəng vurub, Botanika bağına dəvət etdik. Pənah Romanın köməkçisi idi. Məni telefonda hədələyən şəxs oraya gəldi. Onunla söhbət zamanı adının Abbas olduğunu, Namilin sifarişi ilə mənə zəng vuraraq yalandan özünü bu formada təqdim etdiyini bildirdi.
Bu görüşdən sonra Roma və Pənahın köməkliyi ilə bu problemimi həll etdik. Namil mənə məxsus maşınımı da geri qaytardı.
İki gün sonra Pənah zəng edərək mənə kömək etmələrinin müqabilində onlara 50.000 manat pul verməyimi istədi. Mən də 20.000 manat verdim. Bundan sonra Pənahla görüşlərimiz oldu. O, məndən "İphone" markalı telefon almağımı istədi. Mən də Kamrandan telefonları aldım və Pənaha verdim. Hətta bir neçə dəfə Kamranın yanında verdim. Bundan sonra Pənah məndən yenə də iki ədəd telefon istədi. Əvvəlki qaydada yenə Kamrandan telefon alaraq ona verdim. Hətta Pənah otellərdə istirahət edərkən onların xərcini də ödəyirdim.
Otellərə ödəniş edərkən bir neçə dəfə İlhamə də yanımda olub. Artıq bu hallardan bezmişdim, Romanın yanına gedərək Pənahın onun adından istifadə etdiyini, məndən dəfələrlə pul aldığını bildirdim.
Roma Pənahın bu əməllərindən məlumatı olmadığını, Pənahın ona yalnız bir telefon verdiyini bildirdi. O, Pənaha zəng etdi, baş verənlər barəsində soruşdu. Pənah xəstələndiyini, müalicə ilə əlaqədar xarici ölkəyə getdiyini, məndən aldığı pulları qaytaracağını bildirdi. Pənah ölkəyə qayıtdıqdan sonra mənimlə görüşdü və mənə 500 manat verdi.
Pənahın mənə olan borcunun digər hissəsini ödəməyəcəyini bildiyim üçün pulu qəbul etmədim və ondan bütöv pulumu tələb etdim. O, müxtəlif bəhanələrlə pulumu qaytramaqdan imtina etdi".
Əfsun qeyd edib ki, daha sonra polis əməkdaşları onu saxlayıblar: "Saxlanıldığım müddətdə atamdan xahiş etdim ki, Pənahın borcu qaytarması üçün Romadan kömək istəsin. Lakin müəyyən səbəblərdən Pənah pulumu qaytarmadı. Atamın vəfatından sonra onlarla əlaqə saxlamadım. Nəticədə bəzi borc aldığım şəxslərin pulunu ödəyə bilmədim".
"Qazanc əlavə edilməklə qaytarmışam"
Əfsun bildirib ki, 2017-ci ildə Namildən uşaq oyuncaqları idxal edib, satmaq üçün 41.560 dollar almayıb: "Bu məqsədlə Namildən 17.000 dolları almışam və üzərinə qazanc əlavə edilməklə geri qaytarmışam.
2017-ci ildə İrandan şam ağacı idxal edərək satmaq üçün Namildən 23.000 dollar yox, 36.500 dollar almışam və onu üzərinə qazanc əlavə edilməklə Namilə qaytarmışam.
2018-ci ildə İrandan qoz ləpəsi idxal edib, satmaq üçün Namildən 26.000 dollar aldım. Onu 2.500-2.600 dollar qazancla geri qaytardım".
Təqsirləndirilən şəxsin sözlərinə görə, Namildən ət və toyuq məhsullarının satışını təşkil etmək üçün hissə-hissə 510.000 dollar almayıb: "Namildən heç vaxt 50.000 dollandan yüksək məbləğdə pul almamışam. Ət və toyuq məhsullarının satışı üçün Namildən dəfələrlə, xatırlamadığım miqdarlarda (30.000, 20.000, 8.000 dolları) pul almışam. Lakin bu 510.000 dollar məbləğində olmayıb.
Mobil telefonların idxalı üçün Namildən yalnız bir dəfə 26.000 dollar almışam və qaytarmışam. Siqaret idxalı ilə əlaqədar Namildən pul götürməmişəm".
"Müqavilədə məbləğ yazılmadı"
Təqsirləndirilən şəxs qeyd edib ki, 2018-ci ildə bir neçə dəfə Namilə qəbz verib: "Həmin qəbzlərdə 314.000 manat və 180.000 manat məbləğ kimi göstərilib. Namilə 385.000 dollar məbləğində qəbz verməmişəm.
Namil mənə faizlə pul verib. Onunla heç bir birgə fəaliyyətlərimiz olmayıb. Namildən aldığım və ona verdiyim pulları qeyd etdiyim dəftərçəni ibtidai istintaq orqanlarına güvənmədiyim üçün onlara təqdim etmədim. Namilə cəmi 39.000 manat borcum var.
Mən ət və digər malların satışı ilə məşğul olmuşam. Bu məqsədlə Namildən aldığım pulları üzərinə qazanc əlavə etməklə qaytarmışam. Aldığım və geri qaytardığım pulların hesabatını dəftərdə qeyd etmişım.
Bir dəfə Namil məni notariusa aparıb və orada müqavilə bağlamışıq. Müqavilədə məbləğ yox, sadəcə külli miqdarda ifadəsi yazıldı. Həmin vaxtlar mənim Namilə 180.000 manat borcum olduğu üçün müqavilədə külli miqdarda ifadəsinin yazılması ilə razılaşdım. Namilə ödəniş edəndə qəbzlər verdim".
"Borcumu 1 il idi ödəmirdim"
Namil deyib ki, Amaliya Mehdiyevadan pul almayıb. Onun sözlərinə görə, Kamrandan hər biri 2.500 manat olmaqla ümumilikdə, 12.500 manat dəyərində 5 ədəd "İphone X" markalı mobil telefon, 14.500 manat nağd pul, 1 ədəd 350 manat məbləğində qaz sobası alıb: "Ümumilikdə, Kamrana 27.350 manat borcum var və onu ödəməmişəm. Amma ödəyəcəkdim.
Kamrandan aldığım pullara dair 50.000 manat məbləğində qəbz imzalamışam. Həmin qəbzi Kamrana verdim ki, onun pulunu ödəyəcəm.
Kamrana 27.500 manat borcum olmasına baxmayaraq ona 50.000 manat məbləğində qəbz verməyimə səbəb o olub ki, Kamrana borcumu 1 il idi ödəmirdim. Kamranın atasının olmaması və digər halları nəzərə almaqla ona 50.000 manat pul qaytaracağıma söz verdim. Kamrana olan borcumu ödəməmişəm. Çünki Pənah pulumu qaytarmayıb".
"Pul almışam, qızıl isə almamışam"
Təqsirləndirilən şəxsin sözlərinə görə, İlhamədən təqribən 10.000 manat pul alıb, qızıl-zinət əşyaları isə almayıb: "Bunu onunla sübut edə bilərəm ki, saxlanılmadan əvvəl İlhamə mənim barəmdə polis bölməsinə şikayət edib bildirib ki, guya ona olan 20.000 manat borcumu ödəmirəm.
İndi isə bildirir ki, guya ona 57.000 manat borcum var. Bu məqamlar ziddiyətlidir. İlhamədən 57.000 manat almamışam. Ondan pulu faizlə borc götürmüşəm. Pənahın pulumu verməməsi, pandemiya və digər hallar nəticəsində borcumu qaytara bilməmişəm".
"Bildirdi ki, adam vurub, 13.500 manat istəyirlər"
Əfsunun dələduzluq etdiyi şəxslərdən biri də yaxın münasibətdə olduğu İlhamə olub. O, ifadəsində göstərib ki, Əfsunla 2019-cu ildə tanış olub və aralarında qeyri-rəsmi nikah münasibətləri yaranıb: "İlk dəfə Əfsun məndən 2019-cu ilin avqustunda 13.500 manat istədi. Bildirdi ki, avtomobillə piyadanı vurub, işi bağlamaq üçün ondan 13.500 manat istəyirlər.
Vəd etdi ki, pulumu qaytaracaq və məni inandırmaq üçün guya sahibi olduğu şirkətə 178.000 manat köçürülməsi barədə bank sənədi göstərdi. Buna görə özümə məxsus 2.000 manat dəyərində qızıl-zinət əşyalarımı, Kəmalə və Pərvanə adlı rəfiqələrimin qızıl-zinət əşyalarını və 4.000 manat nağd pulu Əfsuna verdim.
Əfsun qızıl-zinət əşyalarını lombardlara qoydu, ümumilikdə 13.500 manat kredit götürdü. Daha sonra həmin qızılları girovdan çıxarmaq üçün rəfiqəm Xatirənin qızıl-zinət əşyalarını lombarda girov qoydu, kreditə 3.800 manat götürdü. Həmin pulu Əfsuna verdim ki, Pərvanə və Kəmaləyə məxsus qızılları lombarddan çıxarsın. Sonra Əfsundan pulumu tələb etdim.
Əfsun guya şirkətinə köçürüləcək pula həbs qoyulduğunu, avtomobilini lizinqə qoyub, pulumu qaytaracağını dedi.
Əfsunun həmin ərəfədə "Land Rover" markalı avtomobili var idi. Bir müddət sonra bildirdi ki, avtomobili lizinqə qoymaq üçün bir sıra təmir işlərinin aparılmasına 600 manat lazımdır, daha sonra isə avtomobilin cərimələrini ödəmədən lizinqə qoymaq mümkün olmadığı üçün 650 manat cərimələrin də ödənməli olduğunu bildirdi".
"Məni şantaj etdi"
İlhamənin sözlərinə görə, Əfsundan pullarını tələb edib və ondan polisə şikayət edəcəyini bildirib: "Bundan sonra o məni şantaj etməyə başladı. Mənə intim münasibətlərimizi çəkdiyini, valideynlərimə göstərərək məni biabır edəcəyi ilə hədələdi. Mən isə əhəmiyyət verməyərək polisə müraciət etdim.
Bundan sonra Əfsunun atası bizi barışdırdı. Onunla münasibətlərimi bərpa etdim. Bir neçə aydan sonra Əfsun şirkətin hesabından həbsin götürüldüyünü, şirkətin işləməyə başlayacağını, məni 15.000 manata özünə şərik edəcəyini, ayda 20.000 manat qazancımız olacağını söylədi. Mən də inandım. Lakin o bu dəfə də məni aldatdı".
"Mənə fotolar göstərdi"
Zərərçəkmiş deyib ki, 2020-ci ilin iyununda Əfsun ona evini girov qoyub və 35.000 ABŞ dollar kredit alaraq borcunu qaytaracağını, lakin evin qiymətləndirilməsi üçün 2.000 manat lazım olduğunu deyib: "Pulumun qaytarılacağına inandım, tanışlarımdan borc alaraq Əfsuna verdim. Bu barədə danışıqlarımızın səsyazısını da aparmışam.
Bundan başqa Əfsun məni inandırmaq üçün lizinq müqaviləsinin fotoşəklini telefonuma göndərdi. Hətta şirkətdə olduğuna dair fotoşəkillər də yolladı. Bir müddət pulun hesabıma köçürülməsini gözlədim. Lakin pandemiyaya görə Əfsun pul verilmədiyini bildirdi".
"Biznesmen kimi təqdim ediblər"
İlhamənin sözlərinə görə, nəhayət, həmin şirkətə gedib: "Müdriyyət yoxlanış apardıqdan sonra mənə məlumat verdi ki, şirkətə belə şəxs yaxınlaşıb, lakin ona kredit ayrılmayıb. Əfsunun göndərdiyi müqavilənin fotoşəklini göstərəndə isə saxta olduğunu bildirdilər. Dəfələrlə Əfsuna pul verdikdən sonra onun pulları qaytarmaq üçün heç nə etmədiyini gördüm. Sonra məni aldatdığını başa düşdüm.
Əfsuna həmin pulları borc kimi vermişəm. Lakin bu barədə hər hansı borc müqavilələrimiz olmayıb. Çünki hər dəfə müəyyən bəhanələr gətirərək ona borc verdiyimi rəsmiləşdirməkdən boyun qaçırıb. Əfsunla məni tanış edənlər onu biznesmen kimi təqdim ediblər".
"Dəfələrlə intihara cəhd etmişəm"
İlhamənin sözlərinə görə, Əfsunla tanış olan ərəfədə gözəllik salonu işlədib. O bildirib ki, Əfsun onun 57.000 manat pulunu və tanışlarına məxsus qızıl-zinət əşyalarını alıb, yalnız 2.000 manatını geri qaytarıb.
İlhamə bildirib ki, digər tanışlarından da pul və qızıl-zinət əşyaları alaraq Əfsuna verib: "Buna görə də bəzi şəxslər elə düşündülər ki, Əfsunla əlbir olaraq onları aldatmışam. Hətta barəmdə polis orqanlarına şikayət olundu. Həmin adamlar dəfələrlə yaşadığım ünvana gəlib, səs-küy salırdılar. Bu səbəbdən bir neçə dəfə intihara da cəhd etmişəm. Sonda dözə bilməyərək öz evimi satdım, aldığım borcları ödədim".
Məhkəmənin hökmü ilə Əfsun 12 il müddətinə azadlıqdan məhrum edilib.