Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tarzən Ramiz Quliyevin təntənəli yubiley gecəsi keçirildi - FOTO

Tarzən Ramiz Quliyevin təntənəli yubiley gecəsi keçirildi - FOTO

Tarix: 8 May 2022 15:00

Beynəlxalq Muğam Mərkəzində Xalq artisti, Dövlət Mükafatı laureatı, "Şöhrət" və "Şərəf" ordenli tarzən Ramiz Quliyevin təntənəli yubiley gecəsi keçirildi.

6 may tarixində Beynəlxalq Muğam Mərkəzində Xalq artisti, Dövlət Mükafatı laureatı, "Şöhrət" və "Şərəf" ordenli tarzən Ramiz Quliyevin anadan olmasının 75 və elmi-pedaqoji fəaliyyətinin 55 illiyinə həsr olunmuş təntənəli gecə keçirildi. 

Tədbirdə ilk olaraq Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli çıxış edərək Ramiz Quliyevin musiqi sənətimizə verdiyi töhfələrdən söz açdı. Uzun illər müddətində yubilyarla birlikdə xarici ölkələrə qastrol səfərlərindən, yaddaqalan konsertlərdən bəhs etdi. Qeyd etdi ki, Ramiz Quliyevin ən yaddaqalan ifalarından biri Ağdamın Şelli kəndi istiqamətində əsgər kazarmasının önündəki çıxışı idi. 

Milli Məclisin Elm və təhsil komitəsinin sədri, millət vəkili Bəxtiyar Əliyev çıxış edərək tarzənin elmi fəaliyyətindən, gənc ifaçıların yetişməsində böyük zəhmətindən söhbət açdı. Akademik, millət vəkili Ziya Səmədzadə yubilyarı təbriki zamanı vurğuladı ki, Ramiz ifaçılıq fəaliyyətində hər zaman qarşısında duran ali məqsədin həyata keçirilməsinə - milli xarakterlərin və ruhun mümkün qədər düzgün, aydın və geniş təcəssüm etdirilməsinə, tarın bütün xəlqi və beynəlxalq keyfiyyətləri ilə tanıdılmasına yönəltdi.

Əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə, Xalq artisti Mənsum İbrahimov, Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalı yubilyarı təbrik etdilər. Çıxışlar zamanı qeyd edildi ki, ifaçılığa yenilik gətirmək, sənətdə özünəməxsus iz qoymaq və yeni yaradıcılıq yolları axtarıb tapmaq istəyi Ramizin böyük amalı, həyat kredosu olub. O, çalışır ki, ürəyinin başında əzizlədiyi sədəfli tarı həmişə orkestr kimi əzəmətlə səslənsin, qəlbləri riqqətə gətirsin. Ramizin muğamları və bəstəkar əsərlərini yüksək ustalıqla geniş dinləyici kütləsinə çatdırması hər bir dinləyicini heyran qoyur. Ramizin çıxışlarına dəfələrlə baxmaq, ecazkar çalğısına qulaq asmaq tamaşaçıların xatirində unudulmaz izlər salır. Yubilyarı təbrik üçün İsraildən Bakıya gələn yuqoslav musiqişünas Duşan Mixalek ilk dəfə Ramiz Quliyevin ifasını 1987-ci ildə Səmərqənddə dinlədiyini və həmin gündən də Azərbaycan tarına, Ramiz sənətinə vurğun olduğunu dedi. 

Tədbirdə tarzənin oğlu, Azərbaycan Dövlət Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist Əyyub Quliyev çıxış edərək tədbirin təşkilatçılarına təşəkkür edərək sənətə gəlməsində atasının əməyindən söz açdı. Çıxışlardan sonra tarzənin həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş olundu. Filmin nümayişindən sonra Xalq artisti çıxış edərək tədbirin təşkilatçılarına təşəkkür etdi. Bundan əvvəlki yubileylərini ana yurdu Ağdamsız keçirdiyini , bu gün isə həyatında ikiqat bayram olduğunu vurğulayan yubilyar Ali Baş Komandan İlham Əliyevə və Şanlı ordumuza minnətdarlığını ifadə etdi.

Milli.Az


Etiketlər:  Tarzən Ramiz Quliyevin təntənəli yubiley gecəsi keçirildi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ