Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Oyun “qırmızı xətt”ə çatır: Paşinyandan Rusiyaya qarşı sərt gediş – Müsahibə

Oyun “qırmızı xətt”ə çatır: Paşinyandan Rusiyaya qarşı sərt gediş – Müsahibə

Tarix: 19 May 2022 21:00

"Paşinyan özlüyündə həm siyasi, həm diplomatik etika, həm də intellekt baxımından çox geridəqalmış bir tipdir. Amma nə qədər paradoksal olsa da, hazırda Ermənistanın xilası bu yaramaz adamdır. Bu yaramaz adam devrilərsə, Ermənistan 45 il əvvələ qayıdacaq, daha da pis günə düşəcək. Söhbət artıq Ermənistanın dövlət kimi mövcudluğundan gedir, məsələ Azərbaycanda deyil. Böyük güclər İrəvana etdikləri "stavka"nın müqabilində 40-dan çox dövlətin ona qarşı koalisiya qurduğu, 600-dən çox sanksiyaya məruz qalan Rusiyanın bu ölkədəki qələbəsini Ermənistana bağışlamayacaqlar".

 

Jurnalist Elçin Alıoğlunun Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Ermənistan Baş naziri Nikol Paşinyan Moskvadan qayıtdıqdan sonra İrəvanda ona qarşı etiraz aksiyaları keçirən müxalifətə qarşı mübarizə sərtləşib. Artıq hərəkat liderlərinin həbsi başlayıb. Bunun Paşinyanın Moskva səfəri ilə əlaqəsi ola bilərmi?

- Ermənistan müxalifətinin etiraz aksiyaları çoxdan davam edir və bu partlayış çoxdan gözlənilirdi. Çünki Qarabağ müharibəsindən sonra - post-münaqişə dövründə Avropa İttifaqı təşəbbüsü ələ aldı. Avropa Şurası prezidenti Şarl Mişel və Fransa lideri Emmanuel Makronun iştirakı ilə keçirilən görüşlər onu göstərdi ki, Avropa İttifaqı Cənubi Qafqazda sülhün bərqərar olmasında aparıcı rol oynamaq niyyətindədir. Bu niyyətindən geri çəkilən deyil.

KTMT-nin Moskvada keçirilən son toplantısı çərçivəsində Vladimir Putinin ən sonda Paşinyanla görüşməsi onu göstərdi ki, Rusiya əvvəllər Ermənistan baş nazirinə "stavka" etmirdisə, indi isə ümumiyyətlə onun hakimiyyətindən narazıdır. İrəvan və Ermənistanın bəzi rayonlarının mərkəzlərində keçirilən etiraz aksiyalarının sifarişçisi, təşkilatçısı, ssenari müəllifi və maliyyə mənbəyi Rusiya hakimiyyətində təmsil olunan bəzi qüvvələrdir.

Bu qüvvələr istəmirlər ki, Ermənistan Rusiyanın təzyiq orbitindən çıxaraq, Avropa İttifaqına meyllənsin. Çünki Rusiya itirə-itirə gəlir. KTMT-nin sammiti də göstərdi ki, hətta guya Rusiyanın hərbi-siyasi müttəfiqi olan ölkələr belə, Belarus istisna olmaqla - heç biri Moskvanın Ukraynadakı əməliyyatlarını dəstəkləmir.

Rusiya Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Ukraynanı itirdi, əlində ancaq Belarus və Ermənistan qalır. Artıq Rusiya Belarusa qoşun yeridib və faktiki olaraq, bu ölkəni İttifaq Dövləti adıyla metapoliya halına salıb. Ermənistanda isə Rusiyanın çox zəif hərbi bazası var. Rusiyanın Gümrüdəki bu bazası haqda miflər uydurulub, "çox güclü" olması barədə təbliğat aparılır.

Amma 44 günlük Qarabağ müharibəsi və Ukraynada davam edən əməliyyatlar göstərdi ki, Rusiya müdafiə naziri hələ də XX əsrin əvvəllərindəki "Jukov strategiyası" ilə fəaliyyət göstərir. XXI əsrdə Rusiya ordusu və texnikasının nəyə qadir olduğunu gördük. Buna görə də, Paşinyanın əldən çıxması Rusiyanın maraqlarına cavab vermir.

Ermənistanın sabiq prezidentləri Robert Köçəryan və Serj Sərkisyanın rəhbərlik etdiyi siyasi təşkilatlar, habelə "Daşnaksütyun" bir araya gələrək hakimiyyəti ələ keçirmək istəyirlər. Amma onların fəaliyyət proqramları yoxdur. İstəkləri ancaq hakimiyyətə gəlməkdir, bunu edəndən sonra isə hədəfləri Rusiyanın təsir imkanlarını bərpa etməkdir, vəssalam. Yəni Ermənistan Qarabağ məsələsi ilə bağlı hansı addımları atacaq, sülh müqaviləsini hansı şərtlərlə imzalayacaq, nə olacaq - bunların heç biri ilə bağlı ehtimalları yoxdur.

Buna görə də, bu qüvvələrin Paşinyanı devirə biləcəklərinə qətiyyən inanmıram. Ən azı ona görə ki, onlar hakimiyyətə gəlmək üçün vaxtilə Paşinyanın istifadə etdiyi ssenarini yoxlayırlar, Paşinyan isə bu ssenarini əla bilir. Son günlərdə müxalifətə təzyiqlərin və həbslərin sayının artması onu göstərir ki, Avropa İttifaqı Paşinyana sərt siqnal verib: ya hakimiyyətini qorumaq üçün bütün vasitələrə əl atır, ya da Qərb Ermənistanda digər namizədi axtarmağa başlayır.

- Ermənistan Xarici işlər naziri Ararat Mirzoyan ötən günlərdə bir həftəyə yaxın ABŞ-da oldu. Erməni nazir bu dəfə Brüsselə gedir. Sizcə, Mirzoyanı Qərbə göndərən Paşinyan nə axtarışındadır?

- Paşinyan heç nə axtarmır. O, axtardığını çoxdan tapıb, indi sadəcə hesab verir ki, narahat olmayın, hakimiyyət mənim əlimdədir. Paşinyan Qərbə siqnal göndərir ki, Ermənistan verdiyi vədlərə əməl edəcək, Azərbaycanla sülh müqaviləsi, dəmir yolunun bərpası və nəqliyyat dəhlizi ilə bağlı anlaşmaları imzalayacaq. Sonda Azərbaycanın irəli sürdüyü 5 şərt əsasında danışıqlara başlayaraq, ilkin şərtlər olmadan yekun sülh müqaviləsinə imza atacaq, sərhədlərin delimitasiya və demarkasiyasını təmin etdikdən sonra diplomatik münasibətlərin bərpasına başlayacaq və kommunikasiyaların blokadadan çıxarılması üçün konkret addımlar atacaq.

Paşinyan özlüyündə həm siyasi, həm diplomatik etika, həm də intellekt baxımından çox geridəqalmış bir tipdir. Amma nə qədər paradoksal olsa da, hazırda Ermənistanın xilası bu yaramaz adamdır. Bu yaramaz adam devrilərsə, Ermənistan 45 il əvvələ qayıdacaq, daha da pis günə düşəcək. Söhbət artıq Ermənistanın dövlət kimi mövcudluğundan gedir, məsələ Azərbaycanda deyil. Böyük güclər İrəvana etdikləri "stavka"nın müqabilində 40-dan çox dövlətin ona qarşı koalisiya qurduğu, 600-dən çox sanksiyaya məruz qalan Rusiyanın bu ölkədəki qələbəsini Ermənistana bağışlamayacaqlar.

- Paşinyan tez-tez sülhdən danışır, hətta Qarabağın Azərbaycan ərazisi olduğunu deyir, Qarabağ və bu bölgənin rayonlarını Azərbaycanın tarixi toponimləri, yəni öz isimləri ilə adlandırır. Belədirsə, bəs niyə "sülh göyərçini" ola bilmir, ümumiyyətlə, o, həqiqətənmi "Qarabağ yükü"nü Ermənistanın çiyinlərindən atmaq istəyir?

- Ümumiyyətlə, Paşinyanı "sülh göyərçini" obrazında təsəvvür edə bilmirəm. Görünsə, bütün göyərçinlərə nifrət edərdim. Söhbət ondan gedir ki, Paşinyan mövcud reallıqlar çərçivəsində hərəkət etmək məcburiyyətindədir. Ermənistan əhalisinin tam əksəriyyəti yeni müharibə, Rusiyadan asılı olmaq istəmir. Çünki Rusiyadan asılı olmaq - forpost kimi qalmaq ən yaxşı halda Belarusun taleyinin təkrarlanması deməkdir. Yəni müstəqilliyinin 95 faizinin əlindən alınması, xarici və daxili siyasətdə bütünlüklə Moskvadan asılı olmaq anlamına gəlir. Bu, Ermənistan üçün dalandır. Ermənistanın mövcud siyasətinə baxdıqda, müxtəlif ölkələrdə yaşayan erməni icmalarını unutmayaq, onlarda Rusiyaya meyl yoxdur.

Aksiyalara gəldikdə, bu prosesin davam edəcəyini düşünürəm. Təxminən iyunun əvvəllərinə qədər küçələrin bağlanması, dövlət idarələrini ələ keçirmək və s. kimi cəhdlər olacaq. Amma Paşinyanın səbri tükənib. Çünki oyun artıq "qırmızı xətt"ə çatır. "Qırmızı xətt" isə Rusiyanın Ermənistanda geosiyasi mövcudluğuna imkan verməməkdir. Bu, artıq Paşinyanlıq deyil, Qərbin geosiyasi sifarişidir.

- Ermənistanın hərbi qüvvələri son günlərdə tez-tez Kəlbəcər istiqamətində təşkəsi pozur. Bəs bu nədən xəbər verir, gərginlik yeni fazaya keçir?

- Gərginlik daha aktiv fazaya keçməyəcək, bunlar Paşinyanın göstərişi ilə edilir. Sərhəddə ara-sıra atışmalar, kiçik toqquşmalar olacaq, təəssüf ki, bundan sonra da davam edəcək. Bu o vaxta qədər gedəcək ki, yekun sülh müqaviləsi imzalanacaq. Bu, Paşinyanın "daxili mətbəx"ə hesabladığı oyunudur. Paşinyan bununla onu göstərmək istəyir ki, guya Azərbaycanın qələbəsi ilə barışmır, guya dövlət sərhədini indiki formada tanımır, guya erməni ordusu yenə də güclüdür və guya erməni əsgəri yenə döyüşməyə hazırdır.

Vəziyyətin gərginlikdə qalması Rusiyanın da maraqlarına cavab verir. Çünki Ermənistan ordusunda iki düşərgə var: Paşinyana sadiq komandirlər və ona qarşı çıxanlar. Rusiya da bu atışmadan mənfəət götürənlərdən biridir. Çünki atışma olmasa, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Azərbaycan ərazilərindəki fəaliyyəti sual altında qalacaq. Yəni belə atışmalarda maraqlı olan iki tərəf var.

Milli.Az


Etiketlər:  Oyun qırmızı xəttə çatır Paşinyandan Rusiyaya qarşı sərt gediş Müsahibə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ