Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 May 2022 18:08
"Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Etibar Abbasov Azərbaycanda köhnə və yararsız nəqliyyat vasitələrinin utilizasiyası (təkrar emalı) ilə bağlı layihənin hazır olduğunu bildirib.
Onun sözlərinə görə, utilizasiya proqramı könüllülük əsasında tətbiq olunacaq və stimullaşdırıcı tədbirlər həyata keçiriləcək.
Lakin sürücülərin bu məsələyə münasibəti heç də birmənalı deyil. Belə ki, əksəriyyət avtomobillərini təkrar emala göndərməyə heç də isti yanaşmadığını sosial şəbəkələrdə büruzə verib.
Sonxeber.net xəbər verir ki, mövzuyla bağlı bizim.media ilə fikirlərini bölüşən nəqliyyat eksperti Eldəniz Cəfərovun sözlərinə görə, ölkəmizin avtomobil bazarının köhnəlməsi hər kəsə məlumdur:
"Milyon yarım avtomobilin yarıdan çoxu ömrünü başa vurub. Bir qisminə isə, ümumiyyətlə, avtomobil demək olmaz, onlar sadəcə "metallom"dur. Belə olan halda, belə minik vasitələrinin utilizasiyaya ehtiyacı var".
Ekspert utilizasiyanın könüllü olmasını da müsbət qiymətləndirib:
"Lakin bugün biz utilizasiyaya gedə bilmərik. Çünki ilk növbədə bir sıra addımlar atılmalıdır. Onlardan biri də vətəndaşların yeni avtomobillərə əlçatanlığını təmin etməkdir. Artıq bu istiqamətdə işlər də görülür. Ölkəyə gətirilən ekoloji təmiz avtomobillər 2022-ci il yanvarın 1-dən etibarən ƏDV-dən azad olunub. Bu ilin sonuna qaədər müəyyən addımların atılacağına da ümid edirik. Digər bir addım isə idxal olunan yeni avtomobillər üçün kredit şərtlərinin sadələşdirilməsi ola bilər ki, vətəndaşlar bu cür maşınlara daha asan əldə edə bilsinlər. Bu istiqamətdə növbəti tədbir mühərrik həcmi kiçik avtomobillər üçün güzəştlərin tətbiq edilməsi ola bilər".
Eldəniz Cəfərov qeyd edib ki, yalnız müvafiq addımların atılmasından sonra utilizasiya proqramını reallaşdırmaq mümkün olacaq:
"Təkrar emala marağı artırmaq üçün, stimullaşdırıcı tədbirlərin görülməsi zəruridir. Bunlardan ən yaxşısı həmin vətəndaşın yeni avtomobil alması üçün güzəştli şərtlərin olmasıdır. Müəyyən rüsumların ləğvi və güzəştli kreditlərin verilməsi bu istiqamətdə vacib addımlar ola bilər. Belə şərait olarsa, hər bir vətəndaş köhnə avtomobillə vidalaşıb, yeni maşına sahib olmağı istəyəcək".
Ekspert artıq "metallom"a çevrilmiş nəqliyyat vasitələri üçün daha radikal addımların atılmalı olduğunu da vurğulayıb:
"Ölkəmizdə çoxlu sayda adı avtomobil olan "metallom" var ki, onlar həyətlərdən, küçələrdən, qarajlardan yığışdırılmalıdır. Burada biz artıq könüllülük haqqında düşünə bilmərik. "Metallom"lar qaldıqca ətraf mühitə və sağlamlığımıza zərər verirlər. Ona görə də, istifadədə olan köhnə nəqliyyat vasitələrinin könüllü, tamamilə yararsızların isə müəyyən məcburetmə tədbirləri ilə utilizasiyaya cəlb olunması daha məqsədəuyğun olardı".