Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 May 2022 23:02
İnsan oğlunun hər zaman ehtiyac duyduğu münasibətin adı ədalətdir.
Ədalət çox geniş anlayışdır, sadəcə hər kəsə əməyinin qarşılığını vermək deyil, həm də hər kəsi layiq olduğu qədər sevmək, hər kəsə layiq olduğu qədər kin bəsləmək, hər kəsi layiq olduğu məsafədə tutmaqdır. Hələ bunlarla da tükənmir, ədalət həm də hər şeyi öz yerinə oturtmaqdır, hər kəsin haqqına riayət etməkdir. Əgər sən bir nəfərə: "Hər şeyim sənə fəda olsun!" - deyirsənsə, Allah qarşısında ədalətsiz davranmış olursan, çünki səndə əmanət olan, amma sənin özününkü hesab elədiyin hər şeyin sahibi sən deyilsən, Allahdır.
Bəzi insanların sevgidən və ya nifrətdən bayıldıqlarına şahid oluruq. Halbuki, ədalətli insan sevgisində də, nifrətində də ədaləti unutmamalıdır. Sevgidən başlayaq. Bir ərəb şairinin Sevimli Peyğəmbərimizə həsr elədiyi şeiri var. Qısa məzmunu belədir ki, "Ey Muhamməd, əgər Adəm babamız bilsəydi ki, o ağacın meyvəsindən yeməklə cənnətdən çıxarılıb yer üzünə endiriləcək və soyundan sənin kimi mübarək bir zat gələcək, onda o ağacın nəinki meyvəsini, kökünü, qol-budağını belə yeyərdi." Burada incə bir məqam var. Rəsulullah sevgisi insanı Allah sevgisinə götürür. Yəni elə ola bilməz ki, bir adam Rəsulullahı sevə, amma Allahı sevməyə. Amma burada bir incə məqam da var ki, Allahın əmri hər şeyin üstündədir, Yəni Allah-Təala bir şeyi yasaq elədisə, demək məsələ bitdi. İndi şair qardaşımız da sevgidən bayılıb. Amma həm ümid, həm də dua edək ki, hamımızın Rəbbi, Xaliqi olan Allah-Zül-Cəlal Həzrətləri o qardaşımızın, eləcə də bizim xətalarımızı, günahlarımızı cahilliyimizə bağışlasın.
Bir nəfərin sevdiyi bir insana: "Sən mənim hər şeyimsən" deməsi boş və mənasız bir yalandan başqa bir şey deyil. Sən Allahdan savayı heç kəsə "Sən mənim hər şeyimsən" demək haqqına sahib deyilsən. Əgər biz anamızı, həyat yoldaşımızı, övladımızı... hər birini sevməli olduğumuz qədər sevə bilsək, artıq yalan uydurmağa heç bir ehtiyac qalmaz. Bəzən birinə o qədər bağlanırsan, o qədər güvənirsən ki, ondan gələn bir xəta, kiçik bir xəyanətlə yıxılırsan, sarsılırsan, onun şəxsində bütün insanlardan üz döndərirsən. Ona görə də, sevgidə ədalət çox mühüm məsələdir. Kiminsə uydurduğu "İnsan çiy süd əmib" sözü mənim üçün son dərəcə axmaq və mənasız deyimdən başqa bir şey deyil, amma onu da unutmamalısan ki, sarsılmaz örnək, əmin olduğun güc qaynağı Allahdır və Onun Rəsulunun həyatında sənin üçün ən gözəl nümunələr var.
İndi də bir qədər kindən, nifrətdən danışaq. Çoxlarımız şahid olub ki, ani bir dönüşlə illər uzunu özümüzə yad, bəlkə də ögey bildiyimiz adamda yeni keyfiyyətlər kəşf edir və ona münasibətimizdə yüz səksən dərəcə dönüş edirik. Dünənə qədər kölgəsini qılıncladığımız birisi birdən-birə bizim üçün ən yaxın, səmimi insana çevrilir. Qarşı tərəfi tanımaq, insanı bütün müsbət və mənfi tərəfləri ilə qəbul etmək ədalətdir. Sevimli Peyğəmbərimiz buyurur ki, birini sevəndə həddi aşma, ola bilsin ki, sabah münasibətləriniz pozular və o, sənə düşmən oa bilər; biri ilə ədavət saxlayanda da həddi aşma, ola bilər ki, sabah o, sənə dost olar və sən onun haqqında elədiklərin üçün peşman olarsan. Yəni mütləq olaraq yaxşı və ya pis insan axtarmaq doğru deyil. Yaxşı insanın xoşagəlməyən tərəfləri olduğu kimi, pis hesab elədiklərimizin də yaxşı tərəfləri ola bilər.
Bu gün dünyamızın ən çox ehtiyac hiss elədiyi tolerantlıq da ədalətdir, ədalətin bir görüntüsüdür. Dinindən, irqindən, dilindən, rəngindən asılı olmayaraq, Allah-Təalanın yaşamaq haqqı verdiyi insanı Allahın əsəri kimi qəbul etmək, onun zərəri üçün deyil, xeyiri üçün çalışmaq insanlığın gərəyi, ən başlıcası isə dinimizin tələbidir. İslamı yaşayan, həyatını Allah-Təalanın əmləri üzrə quran birisi heç zaman başqalarına qarşı hqsız davrana bilməz. Bu mövzuda kifayət qədər ayəni misal göstərmək olar, amma Sevimli Peyğəmbərimizin (s.ə.s.) söylədiyi bir həqiqət, elə düşünürük ki, bu mövzuda həm o ayələrin məalı, həm də hər kəsin asanlıqla anlayacağı bir həqiqət kimi səslənir: "Həqiqi mömin o kəsdir ki, insanlar onun əlindən və dilindən hər hansı haqsızlıq gəlməyəcəyindən əmindirlər." Nə qədər də gözəl ifadə olunub, nə qədər də parlaq bir portret təsvir olunub. Daha bu sözün üstünə nə əlavə etmək olar ki?
Hər kəsin eşidib bildiyi "sirat körpüsü" və ya "sirati-müstəqim" anlayışı İslami düşüncə sistemində bir qayda olaraq üç hissdə - şəhvət, qəzəb və hər hansı mövzu ilə bağlı fikir yürütməkdə tarazlığın, ədalətin qorunub saxlanması kimi izah edilmişdir. Bunlarla yanaşı, rəqabət, niyyət, yanaşma və s. məsələləri də bu çərçivədə qiymətləndirmək mümkündür. Daha doğrusu, insan təbiətində mövcud olan yaxşı-pis hər bir duyğu və düşüncənin sirati-müstəqim çərçivəsi var.
Məsələn, əşya və hadisələrin mahiyyətinə varma, təhlil edib nəticə çıxarmaq məqsədilə baxışımızın özünə nəzər yetirsək, nikbinlik onun ifrat, bədbinlik isə təfrid halıdır, obyektiv, həqiqi baxış isə bu ikisinin ortasıdır. Bildiyiniz kimi, nikbin pisliyi, çirkinliyi görməyən, hər şeyin ancaq gözəl yönlərini axtaran, bədbin isə hər şeyi pis və qaranlıq görən insan deməkdir. Obyektiv, dürüst adam isə hər şeyi olduğu kimi, mahiyyəti və keyfiyyətinə uyğun görməyə çalışan insandır. Böyük bir alim bu mövzuda deyir: "Gözəl görən gözəl düşünər, gözəl düşünən həyatından ləzzət alar". Hətta gözəl olmayan şeylər haqqında belə yaxşı düşünməli, müsbət fikirləşməliyik. Ancaq bu, reallığa göz yummaq, xəyallar aləmində yaşamaq demək deyil. Elə isə əsas məsələ həqiqətlərdən qaçmamaq, reallıqlara göz yummamaq, eyni zamanda bədbinliyə, ümidsizliyə düşmədən hər şeyi olduğu kimi görməkdir ki, "yanaşmada tarazlıq" da elə budur.
İnsan sirati-müstəqim cizgisindən kənara çıxmazsa, onun mahiyyətinə yerləşdirilmiş və zahirən şər kimi görünən nəfs belə onun üçün xeyirli hala gələ bilər. Hətta "pis şeyləri yaxşı göstərərək" insanların ağlını başından alıb yoldan azdıran şeytanın yaradılış hikmətini və mahiyyətini düzgün anlasaq, bu bilgi bizim hər zaman Cənabi-Allaha yönəlməyimizə və Ona sığınmağımıza səbəb ola bilər. Ancaq, Allah göstərməsin, əgər onu müstəqil bir güc, qüvvə və iqtidar kimi görsək, işıq və zülmətdə güc axtaranlar kimi, özümüzü zəlalətin qoynuna atmış olarıq.
İnsanı həlaka sürükləyən mənfi şeylərdə tarazlığı qorumaq mühüm olduğu qədər, müsbət istiqamətdə, xeyir işlərdə də mötədillik, yəni hər şeyi ölçüsündə tuta bilmək çox vacibdir. Yəni şərə açıq olan müəyyən duyğuları xeyrə yönəltməkdə tarazlığı qorumaq zəruri olduğu kimi, iman, ibadət, əxlaq və s. kimi qəlbə və bədənə aid əməllərdə də ifrat və təfritə yol verməməli, sirati-müstəqimdən, ədalət ölçüsündən kənara addım atmamalıyıq.
Haqq-hüquq gözləmək, nəinki insanlara, bizi əhatə edən heyvanlara və bitkilərə qarşı ədalətli davranmaq bizim insanlıq borcumuzdur. Bilə-bilə tapdadığın qarışqanın, görə-görə əzdiyin bir fidanın belə hesabını verməli olduğun qaçılmaz həqiqətdir. Dinimiz bizə ədaləti öyrədir, canlı olsun, cansız olsun, hər kəsə, hər şeyə ədalətli davranmağı təlim edir. Əslinə qalanda hər kəsin necə müsəlman olduğu da onun ədalətindən bəlli olur. Ədalətsizin müsəlmançılığından nə çıxar, insanlığından kim bir xeyir görər?! Vəssalam.