Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xankəndidəki təxribata rusların “loyallığı” - Volş

Xankəndidəki təxribata rusların “loyallığı” - Volş

Tarix: 2 Iyun 2022 17:30

Milli.Az xəbər verir ki, irlandiyalı siyasi ekspert, analitik, tarixçi Patrik Volşun Cənubi Qafqazdakı son hadisələrlə bağlı axar.az-a müsahibəsi:

- Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında olan Azərbaycanın Xankəndi şəhərində Ermənistandakı revanşistlər Azərbaycana qarşı təxribatçı aksiyası keçirdi. Sizcə, sülhməramlılar bu cür aksiyaların keçirilməsinə niyə icazə verirlər? Belə qanunsuz aksiyaların qarşısı niyə alınmır?

- Ukraynada qaynar bölgələrdə xidmət etmək yerinə Xankəndidə sakit həyat sürən rus sülhməramlılarını anlamaq o qədər də çətin deyil. Rusların bir çoxu onsuz da müəyyən tarixi və sosial əlaqələrə görə ermənilərə rəğbət bəsləyirdi. Düşünürəm ki, Moskvanın siyasəti Qarabağda vəziyyəti sadəcə idarə etməkdən ibarətdir, çünki başqa yerlərdə daha ciddi problemləri var.

- Danışıqların perspektivini necə görürsünüz? Brüssel görüşündən sonra sərhədin müəyyənləşməsi ilə bağlı komissiya yaradıldı, ilk görüş də keçirildi. Sizcə, onlardan gözlənilən faydanı ala biləcəyik?

- Məncə, delimitasiya və demarkasiya məsələlərinin həlli ciddi problemə səbəb olmayacaq. Hazırda bir neçə nöqtədə sərhəd problemi var, amma bunlar asanlıqla həll edilə bilər. Sərhədlərin müəyyən edilməsi məsələsi həm də ərazi bütövlüyünün tanınması ilə əlaqəlidir ki, bu, İrəvan üçün məsələni çətinləşir. Ermənilər sərhədlərin qarşılıqlı tanınması ilə bağlı bəyanatın Qarabağın Azərbaycanın ayrılmaz hissəsi kimi təsdiqini nəzərdə tutduğunu inkar etməyə çalışacaq, Bakı isə bunda israr etməyə davam edəcək. Əsas problem aradakı boşluğa körpü salmaq üçün lazımi sözlərin diplomatik formasını tapmaqla bağlıdır. Paşinyan yaxşı bilir ki, opponentləri onu satqın kimi qələmə vermək üçün fürsət axtarırlar.

- Komissiyanın növbəti görüşü Rusiyada baş tutacaq. Görüşün məhz Rusiyada keçirilməsinin səbəbi nədən ibarətdir?

- Təbii ki, Moskva üçtərəfli bəyanatın əsas təminatçısıdır və müharibədən sonrakı prosesin də təşkilatçısı olub. Mənim mülahizəmə görə, Kreml Ukrayna münaqişəsi ilə bağlı yaranmış gərginlik şəraitində belə prosesə nəzarəti davam etdirdiyini göstərmək istəyir. İstər Ermənistan, istərsə də Azərbaycan hadisələri diqqətlə izləyir və bunun müharibədən sonra regionda qüvvələr balansı üçün nə məna kəsb edəcəyini anlamağa çalışır.

Hökumətlər də eyni zamanda bir-birini diqqətlə izləyərək, gələcəkdə regiona marağının artma ehtimalı olan Qərblə bağlı nələri edə biləcəyini ölçüb-biçəcək. Ümumiləşdirməli olsaq, ehtimallarıma görə, nəticədə Moskvada ciddi nigaranlıqla müşayiət olunan "narahat" bir ab-hava yaranacaq.

- Son günlər Ermənistanı davamlı aksiyalar keçirilir. Bu etirazlar hadisələrin gələcək inkişafına necəsə təsir göstərə bilərmi?

- Ermənistandakı mitinqlər hər zaman Paşinyanın ayağına dolaşacaq. Əgər mitinqlərin miqyası bir az da böyüsə, o, həlledici məsələlərdə bir qədər cəsarətsiz olacaq. Ukrayna münaqişəsi isə Putinin Paşinyana təzyiq imkanlarını azaldır.

- Cənub Qaz Dəhlizi, onun Azərbaycan üçün perspektivləri və faydaları: bu barədə fikirlərinizi bölüşərdiniz.

- Qaz və neft Avropada böyük problemə çevrilib və tədarüklə bağlı paradiqma dəyişikliyi baş verib.

Qısamüddətli dövrdə fosil yanacağa böyük tələbat yaranacaq, nəticədə qiymətlər qaçılmaz surətdə qalxacaq, bu da öz növbəsində gəlirləri artıracaq. AB bunu Rusiya nefti və qazı olmadan etmək niyyətini açıqlayıb. Beləliklə, Rusiyanın tədarükçü kimi Qərb bazarından çıxarılması ilə yaxın və ortamüddətli perspektivdə Cənub Dəhlizi getdikcə böyük önəm daşımağa başlayacaq. Uzunmüddətli perspektivdə Avropa həm neftdən, həm də qazdan asılılığı azaltmağa, nüvə də daxil olmaqla, özünün "yaşıl enerji" texnologiyalarını inkişaf etdirməyə çalışacaq. Təxminlərimə görə, qarşıdakı bir neçə onillikdə Azərbaycanın enerji təchizatına Avropada böyük tələbat yaranacaq və bu, şübhəsiz, ölkəyə geosiyasi və iqtisadi baxımdan fayda gətirəcək.

Milli.Az


Etiketlər:  Xankəndidəki təxribata rusların loyallığı Volş


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR