Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyun 2022 10:57
Ermənistan Təhlükəsizlik Şöbəsinin katibi Armen Qriqoryan bəyan edib ki, Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi onun statusunu müəyyən edəcək. Qriqoryan qeyd edib ki, İrəvan Qarabağda yaşayan ermənilərin hüquqlarının və təhlükəsizliyinin əhəmiyyətini vurğulamağa davam edir. Onun sözlərinə görə, İrəvanın seçdiyi bu yol nəticələr əldə etməyə kömək edəcək: "Əminik ki, statusu məhz hüquqlar və təhlükəsizlik müəyyən edəcək. Biz bu istiqamətdə işi davam etdirəcəyik".
Rəsmi İrəvan "status" tələbinin aşağı salınmasına dair beynəlxalq tələbdən sonra indi də "hüquq və təhlükəsizlik" məsələsini önə sürüb. Bu, prinsip etibarilə Bakının əvvəldən sərgilədiyi mövqe ilə üst-üstə düşür. Azərbaycan Qarabağdakı erməniləri öz vətəndaşı hesab edir və bütün vətəndaşları kimi onların da hüquq və təhlükəsizliyinə zəmanət verir. Sonuncu Brüssel görüşündə "Qarabağdakı etnik ermənilər"dən bəhs olunması da artıq bu istiqamətdə müəyyən razılaşmalarından xəbər verir.
Bütün hallarda, Qriqoryanın bəyanatını İrəvanın Bakının Qarabağın Azərbaycanın tərkibində statusa malik olmaması, regionun erməni əhalisinin isə bütün hüquqlarına zəmanət verilməsi tələbi ilə razılaşmağa hazırlığı kimi qiymətləndirmək olarmı?
"Biz kimisə ərazilərimizdə zorla yaşamağa məcbur etmirik"
Bunu Bakı Xəbər-ə açıqlamasında siyasi ekspert Elşad Həsənov deyib.
Məsələyə münasibət bildirən siyasi ekspert Elşad Həsənovun sözlərinə görə, Qriqoryanın səsləndirdiyi fikirlər sonuncu Brüssel görüşündə əksini tapan məqamları özündə ehtiva edir:
"Məsələ ondadır ki, Şarl Mişelin bəyanatında əhalinin davamlı sülhə hazırlanması üçün hər iki tərəfin iş aparması öz əksini tapıb. Qriqoryanın fikirləri də buna müvafiqdir. Qarabağda Araik kimi separatçılar prosesə mane olmağa çalışsalar da, müvafiq addımlar atılacaq. Kim Azərbaycan qanunlarını qəbul etməyəcəksə, o zaman Qarabağı tərk etməlidir. Biz kimisə ərazilərimizdə zorla yaşamağa məcbur etmirik. Zatən ermənilər nəinki Qarabağı, Ermənistanı belə tərk etməkdədilər. O üzdən, Ermənistan danışıqlarda ciddi kompromislərə getməsə, ciddi problemlərlə üzləşəcək. Çünki Ermənistanın sözünə baxıb kimsə Azərbaycan ərazisini dəyişə bilməz. Erməni mediasının yaydığı məlumata görə, Paşinyanla Araikin görüşü olub, amma bununla bağlı mətbuata açıqlama verilməyib. Məhz bundan Qarabağdakı separatçılar bərk narahat olmağa başlayıblar. Guman edilir ki, Paşinyan Araiki Azərbaycanla sülh sazişi imzalamağa razı salmaq istəyir. Nəzərə almalıyıq ki, Paşinyan parlamentdə çıxışında Qarabağ məsələsinin ərazi yox, hüquqi məsələ olduğunu dedi. Bu səbəbdən Qriqoryan bəyanatında hüquq və təhlükəsizliyə xüsusi önəm verir. Eyni zamanda, buna zəmanət istəyir. Şarl Mişel açıqlamasında etnik ermənilər sözünü işlətdi. Azərbaycanda da etnik xalqlar çoxdur. Bu baxımdan Qarabağdakı etnik ermənilərə müstəsna status verilə bilməz. Bu baxımdan hesab edirəm ki, Qriqoryanın açıqlamasını sülh sazişinə çağırış kimi qiymətləndirmək olar. O üzdən, bütün bu prosesləri biz tam nəzarətdə saxlamalıyıq. Revanşistlərin pozucu təxribatlarına alət olmaq olmaz. Çünki revanşistlər həm sülhə qarşıdılar, həm də Zəngəzur dəhlizinə qarşı. Bunlar həm də Ermənistan-Türkiyə münasibətlərinə qarşıdılar".
Bir sözlə, siyasi ekspert hesab edir ki, mövcud Ermənistan hakimiyyəti sülh sazişi ilə bağlı davamlı və praktiki addımlar atmalıdır.