Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyun 2022 17:51
Braziliya Federativ Respublikasının ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri Manuel Monteneqro Beynəlxalq Muğam Mərkəzini ziyarət edib. Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynov səfirə mərkəzin fəaliyyəti haqqında məlumat verib, mərkəzin beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirdiyi layihələr və konsertlərdən söz açıb. Görüşdə səfirlik və BMM arasında mədəni sahədə əlaqələr və əməkdaşlığın gələcək perspektivləri, həmçinin reallaşa biləcək layihələr ətrafında müzakirələr aparılıb.
Qonaq M.Monteneqro qəbula görə təşəkkür edərək, mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə birgə konsert fəaliyyəti və ümumi maraq kəsb edəcək tədbir və layihələrlə bağlı təkliflərini bildirib.
Görüş zamanı BMM və Braziliyanın ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə iyun ayının 27-də BMM-də Braziliyanın populyar "Choronas" instrumental musiqi qrupunun konsertinin keçirilməsi ilə bağlı razılıq əldə edilib.
Qeyd edək ki, 1994-cü ildə San-Paulu musiqiçiləri tərəfindən yaradılan ansambl bu günə kimi dünyanın bir çox səhnələrində konsert proqramı ilə çıxışlar edib.