Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Var gücümüzlə çalışacağıq bu qələbələr ardıcıl olsun - Orxan Məmmədov

Var gücümüzlə çalışacağıq bu qələbələr ardıcıl olsun - Orxan Məmmədov

Tarix: 14 Iyun 2022 18:06

Futbolçularımız öz halal zəhməti ilə kuboku Sizin qarşınıza gətiriblər. Biz doğrudan da çox şadıq və Sizi əmin etmək istəyirik ki, bundan sonra da var gücümüzlə çalışacağıq bu qələbələr ardıcıl olsun.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Minifutbol Federasiyasının fəxri prezidenti Orxan Məmmədov Prezident İlham Əliyevin qəbulunda olarkən bildirib.

Orxan Məmmədov bildirib:

"Möhtərəm cənab Prezident, diqqətinizə çatdırım ki, minifutbol qeyri-peşəkar idman növü olsa da, əhali arasında çox geniş yayılıb. Biz 2017-ci ildə qərara gəldik ki, federasiyanı yaradaq və 2018-ci ildə artıq həm Dünya Minifutbol Federasiyasına, həm də Avropa Minifutbol Federasiyasına üzv seçildik. 2018-ci ildə Ukraynada keçirilən Avropa çempionatına qatıldıq və orada iştirak etmək bizim üçün çox böyük təcrübə oldu. Bildiyiniz kimi, pandemiya dövründə qapanmalar oldu, amma biz məşqləri dayandırmadıq, xüsusilə bu çempionata hazırlaşırdıq. Bu çempionat başlayanda biz artıq tam hazır idik. Əlbəttə ki, bizim üçün iştirak əsas idi. Siz düzgün vurğuladınız, bu, futbolçularımız üçün böyük bir təcrübə idi. Amma hər oyunda qazandığımız qələbə bizim həvəsimizi artırırdı. Birinci oyunumuzu Avropa çempionlarına - Rumıniyaya qarşı uduzduq. Amma sonra İspaniyaya qarşı möhtəşəm qələbə qazandıq və biz başqa ölkələrin komandalarını üstələdik. Xüsusilə finalda yenə də rumınlarla üzləşdik. Əlbəttə ki, burada məşqçinin super taktiki gedişlərinin bəhrəsini gördük. Orada bunu rəqiblərimiz də vurğuladılar. Biz demək olar ki, səhv etmədən qələbə qazandıq.

Əlbəttə, cənab Prezident, bu gün danılmaz faktdır ki, Siz xüsusilə idmana və idmançılara böyük qayğı göstərirsiniz və onları həmişə qəbul edirsiniz. Hər oyunda qələbə qazandıqca inanırdıq və düşünürdük ki, bəlkə də cənab Prezident bizi qəbul edəcək. Biz Sizə çox minnətdarıq. Doğrudan da bizim üçün çox fəxredici bir gündür. Sizə çox təşəkkür edirik, cənab Prezident".

Milli.Az


Etiketlər:  Var gücümüzlə çalışacağıq bu qələbələr ardıcıl olsun Orxan Məmmədov


RƏYLƏR