Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyul 2022 19:50
Azərbaycan Mətbuat Şurası əməkdar jurnalist Mais Məmmədovun vəfatı ilə bağlı nekroloq yayıb.
Şuradan verilən məlumata görə, nekroloqda deyilir:
"Azərbaycanın müasir dövr söz sənətinin görkəmli nümayəndəsi, məhşur telejurnalist, respublikanın əməkdar jurnalisti Mais Məmmədov vəfat edib. Mərhumun doğmalarına, əzizlərinə dərin hüznlə başsağlığı veririk.
1938-ci ildə Bakıda anadan olmuş Mais Məmmədov uzun və mənalı ömür yaşayıb. Qətiyyətlə söyləmək mümkündür ki, bu, jurnalistikanın məziyyətlərinə qatlaşaraq doğma yurd, Vətən təəssübünü çəkən peşəkarlıq örnəyinə çevrilmiş əsl fədakarın ömrü idi.
Uzun illər sabiq SSRİ Mərkəzi Televiziyasının Azərbaycan üzrə müxbiri kimi çalışmış M.Məmmədovun sənət nümunələri respublikamıza sevgi, rəğbət formalaşdırması ilə yadda qalıb. Jurnalist bunu işinə xüsusi rəng qatmaqla reallaşdırıb, hörmət, ehtiram və nüfuz qazanıb. O, respublikamızın ötən əsrin 90-cı illərində üzləşdiyi informasiya blokadasının yarılmasında müstəsna rol oynayıb.
Mais müəllim eyni zamanda artıq tarixə qovuşmuş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əsl həqiqətlərin post sovet məkanında, bütövlükdə dünyada yayılmasına müstəsna əmək sərf edib, Xocalı faciəsinin dəhşətlərini xarici tamaşaçılara çatdırmaqda prinsipiallıq göstərib. Birinci Qarabağ müharibəsi dövründə cəbhənin ən təhlükəli nöqtələrindən reportajlar hazırlayıb, bir çox hallarda gördüyü işlərlə həyatını təhlükəyə atmaqdan belə çəkinməyib.
Mais Məmmədov jurnalistikamıza kübarlıq gətirmiş obrazdır. Bu obraz illər ərzində əxz etdiyi bilik və təcrübəni ANS telekanalında yeni jurnalist nəslinin yetişməsinə sərf edib. Bu telekanalda 1998-ci ildən 2016-cı ilədək müxtəlif rəhbər vəzifələrdə çalışıb, ANS Müstəqil Yayım və Media Şirkətinin fəxri sədri olub.
Telejurnalistikamızın nəhəng siması, vətənpərvərliyi peşəkar dəst-xətlə sübuta yetirməyin bariz nümunəsi Mais Məmmədovun yoxluğu jurnalistikamız üçün son dərəcə böyük itkidir. Bir daha mərhumun doğmalarına, əzizlərinə, çoxsaylı həmkarlarına dərin hüznlə başsağlığı verir, kədərlərini və üzüntülərini bölüşürük.
Allah rəhmət eləsin!"