Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Sentyabr 2019 13:56
Bakı. İlhamə İsabalayeva - Trend:
Ali məktəblərə qəbulda ixtisas qrupları üzrə qəbul planı ilə ərizələrin sayı arasında qeyri-tarazlıq var.
Trend-in məlumatına görə, bu, Dövlət İmtahan Mərkəzinin 2018-2019-cu tədris ili üçün tələbə qəbulu ilə bağlı elmi-statistik təhlilində yer alıb.
Təhlildəki məlumatlara əsasən, V qrupda ərizələrin, II qrupda isə plan yerlərinin nisbi çəkisi böyükdür:
“Ümumi qəbul planının II və IV ixtisas qrupları üçün ayrılmış hissəsi abituriyent ərizələrinin həmin ixtisas qruplarına düşən hissəsindən böyük, I, III və V ixtisas qruplarında isə əksinə, kiçikdir. II qrupda plan yerlərinin çox, ərizələrin sayının nisbətən az olması müsabiqə vəziyyətinə mənfi təsir göstərib. Nəticədə hazırlıq səviyyəsi o qədər də yüksək olmayan abituriyentlər ali təhsil almaq imkanı əldə etmişlər. Bu baxımdan gələcəkdə ali təhsil müəssisələrinə plan yerləri ayrılarkən mövcud reallıqlar nəzərə alınmalı, qəbul planında kəskin sıçrayışlar edilməməli, perspektivlər müəyyən olunmalı, bir sözlə, uğurlu qəbul planı siyasəti aparılmalıdır”.
DİM bildirir ki, 1992–2018-ci illərdə ali təhsil müəssisələrinin qəbul planı 2.66 dəfə, abituriyent ərizələrinin sayı isə 2.06 dəfə artıb. Təqdim olunacaq abituriyent ərizələrinin sayının əvvəlcədən proqnozlaşdırılmasına baxmayaraq, qəbul planları tərtib edilərkən heç də həmişə abituriyentlərin gözlənilən sayı nəzərə alınmayıb. Ali təhsil müəssisələri üçün plan yerləri ən çox 2018-ci ildə, ən az 1993-cü ildə ayrılıb. Abituriyent ərizələrinin sayı isə ən az 1992-ci ildə, ən çox 2008-ci ildə olub. Ötən illər ərzində ən aşağı müsabiqə vəziyyəti 2002-ci ilə təsadüf edir. Həmin il məktəb məzunlarının sayı 2 dəfəyədək azaldığı halda, plan yerləri, demək olar ki, əvvəlki ilin səviyyəsində saxlanılmışdı. Nəticədə, müsabiqə vəziyyətinin aşağı olması qəbulun keyfiyyətinə də mənfi təsir göstərmiş, ixtisaslar üzrə keçid balları xeyli aşağı düşmüşdü.
DİM qeyd edir ki, özəl ali təhsil müəssisələri, əsasən, humanitar və iqtisadiyyat ixtisasları üzrə mütəxəssis hazırlığı həyata keçirir. Abituriyentlər özəl ali təhsil müəssisələrinin ixtisaslarını ərizələrində axırıncı mövqelərdə göstərdiklərindən bu təhsil müəssisələrinin çoxunda müsabiqə vəziyyəti aşağı olur. Onlar ərizələrinin ilk mövqelərində, əsasən, dövlət ali təhsil müəssisələrinin ixtisaslarını kodlaşdırırlar. 2018-ci ildə sənəd verənlər arasında özəl ali təhsil müəssisələrinin ixtisas kodlarını ərizələrində birinci yerdə göstərənlər cəmi 9.65% olub (2017-ci ildə bu göstərici 9.07% olub). 2000-ci illərin birinci yarısında bu göstərici 0.67% olmuşdu:
“On beş ildən artıq vaxt keçməsinə baxmayaraq, bu sahədə irəliləyiş çox cüzidir. Bu baxımdan, hazırda da özəl ali təhsil müəssisələrinə qəbul olanlar, əsasən, dövlət ali təhsil müəssisələrinə qəbul ola bilməyənlərdir ki, onların da böyük əksəriyyətinin biliyi kafidən yuxarı deyil”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin