Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Düşmənə sirr verməyin adı nədir?

Düşmənə sirr verməyin adı nədir?

Tarix: 28 Iyul 2022 10:42

Dövlət sirri sayıla biləcək və ya sayılan informasiyanı sosial şəbəkələrdə yaymaq olarmı?

Adekvat cavab təbii ki, "qətiyyən, olmaz"dır.

Bəs ordumuzun hərbi hissələrinin və birliklərinin yerləşdikləri məkanların, mövqelərin koordinatlarını, mövcud əməliyyat şəraiti ilə bağlə məlumatları paylaşmaq olarmı?

Və yaxud ölkənin milli təhlükəsizliyinə, vətəndaşlarımızın güvənliyinə təhlükə yarada biləcək məlumatları sosial şəbəkələrdə yazmaq olarmı?

Yenə də "yox", çünki özünü dövlət adlandıran sosial formasiyaların heç biri belə "azadlıq"la razılaşmaz.

Azərbaycan istisna deyil.

Lakin...

İkinci Qarabağ Savaşı cəmi 44 gün davam etsə də, mediamız üçün rentgen müayinəsinə çevrildi. Bəlli oldu ki, ölkənin kütləvi informasiya vasitələri ümumən ağır durumdadır. Jurnalistlər arasında qeyri-peşəkarlıq, media strukturlarına rəhbərlik edən şəxslərin müasir dövrün tələblərindən bixəbərliyi, mənasız və ürək bulandıran pafosçuluğun gerçək vətənpərvərliyi üstələdiyi yazılar, sistemsizlik, ən başlıcası isə media strukturlarının rəhbərlərinin tam əksəriyyətinin sosial şəbəkələrdə işin nə demək olduğunu əsla anlamamamaları bəlli oldu.

Ermənistanın və dünya ermənilərinin, habelə Azərbaycana düşmən kəsilmiş ölkələrin güclü, nüfuzlu KİV-lərinin bizə qarşı informasiya savaşı apardığı, Azərbaycanı hədəfə aldığı savaş günlərində mediamız toplam olaraq hibrid savaşın tələblərinə cavab vermədiyini göstərdi.

Əslində, vəziyyət onsuz da məlum və aşkardı, lakin savaş günləri kütləvi informasiya vasitələri sahəsindəki problemlərin ağırlığını və miqyasını dəqiq göstərdi.

Xüsusilə də internet-mediasıdakı anarxiya, tam xaos və özbaşınalıq, "reket" adlandırlan və əslində dilənçiliklə, şantajla məşğul olan jurnalistlərin sayının azalmaq əvəzinə, daha da artması kimi olaylar mediamızdakı eybəcər durumu ortaya qoydu.

Problemlər çoxdur, lakin onları həll etmək, indiki vəziyyətdən qurtulmaq və inkişaf etmək üçün emosional dəyərləndirmələrlə yanaşı, analitik təhlilə və ələlxüsus da qanunverici bazaya zərurət var.

... Son günlər bəzi sosial media istifadəçiləri tərəfindən Azərbaycan Ordusunun işgüzar nüfuzuna xələl gətirmək, vətəndaşlar arasında süni ajiotaj yaratmaq, eləcə də dövlətin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi istiqamətində görülən işlərə kölgə salmaq məqsədilə həqiqətə uyğun olmayan informasiyalar tirajlanıb.

İctimai-siyasi sabitliyin, insan və vətəndaş hüquq və azadlıqlarının pozulmasına yönələn halların qarşısının alınması üçün bu cür hərəkətlərə yol verən şəxslər Baş prokurorluğa dəvət olunub, onların barələrində prokuror təsir tədbirləri görülüb.

Belə ki, sosial media istifadəçiləri "jamaz.info" saytının rəhbəri İbişbəyli Fikrət Fərəməz oğlu, "miq.az" saytının rəhbəri Alışov Aqil Balabəy oğlu, Şirvan şəhər sakini İsmayıl Elçin Xankərəm oğlu, Lənkəran rayon sakini Cabbarlı Əli Allahverdi oğlu və Xaçmaz rayon sakini Fətəliyeva Nuranə Etibar qızına "Prokurorluq haqqında" Qanunun 22-ci maddəsinə əsasən gələcəkdə bu kimi neqativ hallara yol verməmələri ilə bağlı xəbərdarlıq edilib.

Bundan başqa, "Facebook" sosial şəbəkəsində özünə məxsus olan səhifədə qanunla yayılması qadağan edilən informasiyanı yerləşdirdiyinə görə "Prokurorluq haqqında" Qanunun 24-cü maddəsi rəhbər tutulmaqla Şahmuradov Tofiq Təhmuraz oğlunun barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün Bakı şəhəri, Nizami rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə Tofiq Şahmuradov barəsində 1 ay müddətinə inzibati həbs tənbehi seçilib.

Azərbaycan Respublikasının Baş Prokurorluğu media subyektləri və sosial şəbəkə istifadəçilərinə müraciət edərək bildirir ki, dövlət qurumları ilə hər hansı dəqiqləşdirmə aparmadan yoxlanılmamış məlumatların yayılması yolverilməz olmaqla qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

Bu arada dövlət başçısının imzaladığı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında" sərəncamını xatırlatmaq istərdik.

Sərəncamın 4-cü bəndində vurğulanır: "kütləvi informasiya vasitələrində və internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə cəbhəboyu zonadakı vəziyyətlə bağlı verilən məlumatların mütəmadi monitorinqini təmin etsin və "Dövlət sirri haqqında" Azərbaycan Respublikasının Qanununa görə dövlət sirri təşkil edən məlumatları yayan şəxsləri müəyyən edib onların qanunla müəyyən edilmiş məsuliyyətə cəlb olunmasını təşkil etsin".

Sənəddə daha sonra deyilir: "Azərbaycan Mətbuat Şurasına tövsiyə olunsun ki, hərbi sahədə Azərbaycan Respublikasının milli təhlükəsizliyinə xələl gətirə bilən məlumatların kütləvi informasiya vasitələrində və internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə yayılmasının qarşısının alınması məqsədi ilə kütləvi informasiya vasitələri və əhali arasında təbliğat-izahat işini təşkil etsin".

Yetərincə səlis, aydın və konkret məqamlardır.

Doğrudur, 9 il əvvəl, 2013-cü ildə Cinayət Məcəlləsinə əlavə və dəyişikliklər edilib. Sosial şəbəkələrdə təhqir və böhtana yol verənlərlə bağlı məsuliyyət yaranıb. Əlavə olaraq, 2016-cı ildə qanunvericiliyə dəyişiklik edilərkən saxta profillərin yaradılmasına görə məsuliyyət nəzərdə tutulub. Sonra informasiya, informasiyalaşdırma və informasiya mühafizəsi haqqında qanunda müəyyən çərçivələr müəyyənləşdirildi. Bunlar müxtəlif qanunlarda ayrı-ayrı detallar üzrə nəzərdə tutulub. Hiss olunur ki, artıq ayrı-ayrı, səpələnmiş şəkildə olan bu tənzimləyici maddələr, ümumilikdə, problemi aradan qaldırmaq üçün kifayət deyil.

Nəzərə alsaq ki, İkinci Qarabağ Müharibəsindəki qələbəmizi gözdən salmaq üçün, Vətən Müharibəsini zəfərlə başa vurmuş xalqımızda təşviş yaratmaq üçün təşkilatlanmış şəkildə feyk xəbərlər yayılır, yalanlar tirajlanır.

Bu dezinformasiyaların qarşısının alınması üçün təcili tədbirlər görülməlidir.


Etiketlər:  Düşmənə sirr verməyin adı nədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ