Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Iyul 2022 11:57
Qarşıdakı illərdə Azərbaycanda ərzaqla özünütəminetmə səviyyəsi daha da yaxşılaşacaqdır.
Bu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirovun "Prezident İlham Əliyev - zamanı qabaqlayan lider" sərlövhəli analitik məqaləsində yer alıb.
N.Əmirov qeyd edib ki, Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən biri ərzaq təhlükəsizliyinin təmin edilməsidir:
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2003-cü il noyabrın 24-də imzaladığı "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" Fərmanı aqrar sektorda islahatların ikinci mərhələsinin başlanmasına start vermiş, eyni zamanda, ərzaq təhlükəsizliyinin dayanıqlılığının təmin olunmasına və əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə xidmət etmişdir. Aqrar sektorda islahatların ikinci mərhələsinə başlamaqla, kənd təsərrüfatının inkişafında ən müasir, mütərəqqi metodlar tətbiq olunmuşdur. Görülən tədbirlər nəticəsində yerli istehsal potensialı güclənmiş və ərzaq məhsullarının rəqabətqabiliyyətliliyi yüksəlmişdir. Nəticədə ölkəmizin ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsi də əsaslı şəkildə yaxşılaşmışdır. Belə ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi vaxt ət və süd məhsulları ilə ölkənin özünütəminetmə səviyyəsi 30-35 faiz təşkil edirdisə, 2020-ci ildə bu məhsullar üzrə özünütəminetmə səviyyəsi müvafiq olaraq 84,5 və 83,5 faizə qədər artmışdır. Həmin dövrdə ölkənin kartofa olan tələbatının ödənilməsində idxal mühüm paya sahib idisə, 2020-ci ildə kartofla özünütəminetmə səviyyəsi 90,6 faiz olmuşdur. Bütün növ tərəvəz ilə özünütəminetmə səviyyəsi 110,4 faiz, meyvə və giləmeyvə üzrə isə 116,3 faiz təşkil etmişdir. Qarşıdakı illərdə ərzaqla özünütəminetmə səviyyəsi daha da yaxşılaşacaqdır. Şübhəsiz ki, uzun illər ərzində işğal altında qalan torpaqların azad olunması ölkənin ərzaqla özünütəminetmə səviyyəsinin artırılmasına töhfə verəcəkdir. Azərbaycanın ərzaq təhlükəsizliyi sahəsindəki nailiyyətləri nüfuzlu beynəlxalq qurumların hesabatlarında da əksini tapır və son illər ərzində ölkəmizin ərzaq təhlükəsizliyi göstəricisi əsaslı şəkildə yüksəlib. Belə ki, Qlobal Ərzaq Təhlükəsizliyi İndeksi (The Global Food Security Index) üzrə hesabata əsasən Azərbaycanın ümumi ərzaq təhlükəsizliyi indeksində ardıcıl olaraq yüksəlmə müşahidə olunur. Hazırda da ərzaq təhlükəsizliyinin dayanıqlılığının gücləndirilməsi üçün yeni institusional mexanizmlər yaradılır. 2021-ci ildə ölkədə strateji əhəmiyyətli mallar üzrə daha effektiv təchizat zəncirinin formalaşdırılması, bu sahədə qabaqcıl tənzimləmə və idarəetmə təcrübəsinin tətbiqi, eləcə də daxili bazarın qısamüddətli mənfi təsirlərə davamlılığının artırılması üçün Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi yaradılmışdır. Azərbaycan Respublikasının Prezidentinin 2022-ci il 19 iyul tarixli "Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında" Fərmanına əsasən isə ölkənin ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi, habelə ərzaqlıq buğda istehsalının təşkili məqsədilə yeni mexanizmlər yaradılmışdır".