Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Sentyabr 2019 18:00
Bakı. Trend:
Sentyabrın 23-24-də Berlində Beynəlxalq Avrasiya Mətbuat Fondu və Avropa Birliyinin dəstəyi ilə Beynəlxalq Sülh Bürosu və Asiya-Avropa Xalq Forumu (AAXF), AsienHaus, Rosa Luksemburq Fondu tərəfindən təşkil olunan "Avrasiyada ortaq təhlükəsizlik siyasətinə çağırışlar" adlı seminar keçirilib.
Trend-in məlumatına görə, tədbir Asiya və Avropadakı ən aktual təhlükəsizlik problemlərini, o cümlədən mövcud münaqişələr və miqrasiya məsələlərini müzakirə etmək məqsədi daşıyıb.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev və politoloq, Fondun prezidentinin köməkçisi Anastasiya Lavrina seminarda iştirak edərək, bölgənin hərbiləşdirilməsinin səbəblərindən birinə çevrilən Ermənistanın Azərbaycana qarşı işğalı ilə bağlı bəyanat veriblər.
Anastasiya Lavrina öz çıxışında Beynəlxalq Avrasiya Mətbuat Fondunun bəyanatını təqdim edib və Ermənistanın Azərbaycana qarşı təcavüzkar işğalçı fəaliyyətinin dayandırılmasının zəruri olduğunu bildirib.
“Çox güman ki, Sovet İttifaqının dağılmasından sonra yaranan ilk münaqişələr, vaxtında həll edilməsi üçün beynəlxalq ictimaiyyətin diqqətini cəlb etsəydi, bir çox yeni münaqişələrin yaranmasının qarşısını ala bilərdik. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, təxminən 30 il əvvəl, Dağlıq Qarabağ və ətraf 7 rayon da daxil olmaqla, Azərbaycan ərazilərinin 20 faizinin işğalına səbəb oldu. Lakin Ermənistanın beynəlxalq norma və standartlara riayət etməməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli və müvafiq olaraq bölgənin gələcək davamlı inkişafı üçün əsas sayılan BMT Təhlükəsizlik Şurasının bütün qətnamələrini qulaqardına vurması vəziyyəti gərginləşdirir, bölgənin hərbiləşdirilməsinə səbəb olur".
A.Lavrina, eyni zamanda, Azərbaycan Respublikasının Avrasiyada çox vacib tranzit və logistika mərkəzinə çevrildiyini, bölgədə sülhün və sabitliyin qorunmasında mühüm rol oynadığını bildirib.
“Sovet İttifaqının dağılmasından sonra ilk olaraq qonşu təcavüzkar ölkənin işğalçılıq siyasəti qarşısında Azərbaycan daimi diplomatik əlaqələr olmadan güclü iqtisadiyyatı və inkişaf etmiş enerji siyasəti ilə müstəqil bir dövlət ola bildi. Azərbaycanın güclü ordusu var və hərbi gücünü işğal olunmuş torpaqları geri qaytarmaq üçün istifadə etmək hüququna malikdir. Lakin təcavüzkar və gözlənilməz siyasət yürütməyə çalışan Ermənistandan fərqli olaraq münaqişənin sülh yolu ilə həllini dəstəkləyir”.
Çıxışdan dərhal sonra salonda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu tərəfindən hazırlanmış “Güllələnmiş məzar daşları” filmi nümayiş olunub. Filmdə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndindəki dağıdılmış evlər, abidələr, habelə güllələnmiş qəbiristanlıq kimi Ermənistanın törətdiyi həqiqi vandalizm aktları göstərilib. Filmdə XX əsrin sonlarında Azərbaycanda və 20-ci əsrin əvvəllərində Fransada törədilmiş vandalizm arasında paralel aparılır.
Filmin müəllifi, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev özünün yaşadığı kədərli anlardan bəhs edib.
Film izləyicilərdə güclü təəssürat yaradıb və heç kəsi biganə qoymayıb.
Film və A. Lavrinanın təqdimatı Beynəlxalq Sülh Bürosunun rəsmi saytında yerləşdirilib.
Beynəlxalq Sülh Bürosu (IPB) dünyanın ən qədim beynəlxalq federasiyalarından biridir. O 1891-ci ildə yaradılıb və 1910-cu ildə "müxtəlif ölkələrin cəmiyyətləri arasında əlaqə" rolunda çıxış etdiyinə görə Nobel Sülh Mükafatına layiq görülüb. 13 məşhur Nobel Sülh Mükafatçısı Beynəlxalq Sülh Bürosunun üzvü oldu. Bu gün Beynəlxalq Sülh Bürosu müharibəsiz dünya ideyasına həsr olunmuşdur.
Beynəlxalq Avrasiaya Mətbuat Fondu 2001-ci ildən bəri Beynəlxalq Sülh Bürosunun üzvüdür, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev isə 2013-cü ildən Baş Şuranın üzvü və Qərbi Asiyanın 18 ölkəsində Büronun nümayəndəsidir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin