Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ-dan sığınacaq alan ər, SSRİ-yə qayıdan arvad - balet ustalarının qalmaqallı ayrılığı

ABŞ-dan sığınacaq alan ər, SSRİ-yə qayıdan arvad - balet ustalarının qalmaqallı ayrılığı

Tarix: 24 Avqust 2022 15:54

24 avqust 1979-cu il... Nyu-Yorkun Kennedi adına beynəlxalq hava limanından Nyu-York-Moskva reysini icra edən "Aeroflot"a məxsus "İl-62M" təyyarəsinə minik başa çatdıqdan sonra təyyarə terminaldan uçuş zolağına istiqamət alır. Ancaq pilotlar mühərrikləri tam işə salmaq istəyəndə polis maşınları hava gəmisini mühasirəyə alırlar. Dispetçer pilotlara təyyarənin terminala qayıtması göstərişini verir.

Sərnişinlər uçuşun dayanmasını hansısa bir texniki nasazlıq səbəbindən olduğunu düşünürlər, hətta salonda əyləşənlər arasında təşvişə düşənlər də olur. Reysin təxirə salınmasının əsl səbəbini isə 11 heyət üzvü və 112 sərnişin arasında yalnız bir nəfər bilir - Lyudmila Vlasova...

Maraqlıdır, beynəlxalq reysin ABŞ xüsusi xidmət orqanlarının müdaxiləsi ilə təxirə salınmasına səbəb nə olub?

Milli.Az musavat.com-a istinadən bildirir ki,1979-cu ilin avqust ayının 1-dən Böyük Teatrın truppasının ABŞ-da uzun müddətli qastrol turnesi başlayıb. Həmin truppaya dövrün tanınmış balet ustaları, rəsmi nikahda olan Aleksandr Qodunov və Lyudmila Vlasova da daxil edilib. Sovet incəsənət ustalarının tamaşaları Amerikada maraqla qarşılanıb. Cütlüyün bütün çıxışları sürəkli alqışlarla müşayiət olunub. Lyudmila bu alqışlardan sevinsə də, qürur hissi keçirsə də, həyat yoldaşı Amerika qastrolunda çox fikirli görünüb. Nəhayət, qastrol günlərinin birində cütlüyün yaşadığı oteldə Qodunov həyat yoldaşına öz planlarını açıqlayıb, bildirib ki, o, ABŞ-dan sığınacaq istəyəcək və bir daha SSRİ-yə dönməyəcək. Lyudmila üçün bu plan gözlənilməz olub, belə ki, onların arasında heç vaxt bu mövzuda söhbət getməyib. Aktrisa ərinin planına düşünmədən cavab verib:

- Bu sənin öz seçimindir və şəxsi işindir, amma mən Amerikada qalmaq haqqında düşünmürəm. Mən geri qayıdacam.

Artıq avqustun 23-də ABŞ rəsmiləri Qodunovun siyasi sığınacaq arzusuna müsbət cavab veriblər və dövlət hesabına ona tanınmış vəkillərdən biri də təhkim olunub. Günlər ərzində qəbul olumuş qərarlar SSRİ tərəfini ciddi narahat edib. Məsələyə ABŞ-dakı sovet səfirliyi və SSRİ-nin bu ölkədə fəaliyyət göstərdiyi xüsusi xidmət orqanlarının əməkdaşları müdaxilə ediblər.

Qodunov vəkilinə bildirib ki, həyat yoldaşına təzyiqlər olacaq, onu qastrol sona çatmamış Moskvaya qaytaracaqlar. Təcrübəli vəkil rəsmi qurumların vasitəsi ilə səkkiz saat ərzində SSRİ-nin ABŞ-dakı səfirliyinə məktub ünvanlayıb. Məktubda qeyd edilib ki, Lyudmila Vlasova iki sutka ərzində ABŞ-ı tərk edə bilməz. Yalnız ABŞ-ın rəsmi dövlət qurumları ilə görüşündən sonra aktrisanın geri qayıdıb-qayıtmayacağı aydın olacaq. Səfirliyin nümayəndəsi Aleksandr Bessmertnıx məktub-göstərişə müsbət cavab verərək razılığını bildirib.

Diplomatlar öz aralarında müəyyən anlaşma əldə etsələr də, sovet DTK-sı fərqli bir əməliyyat keçirməyə qərar verib. Avqustun 24-də sovet xüsusi xidmət orqanları əməkdaşları Lyudmila Vlasovanı yaşadığı otelin ehtiyat çıxışından çıxararaq Kennedi adına beynəlxalq hava limanına aparıblar. Amerikalılar belə bir variantı əvvəlcədən ehtimal edərək hava limanındakı sərnişinlərin qeydiyyat şöbəsinə xüsus göstəriş veriblər: Lyudmila Vlasova sərnişin kimi qeydiyyata düşəcəyi təqdirdə dərhal müvafiq qurumlara məlumat verilsin. Sözsüz ki, sovet çekistləri də belə bir göstərişin olacağını yaxşı biliblər. Buna görə də onlar özlərini hava limanına daha tez çatdırıblar. Qeydiyyat şöbəsi Lyudmila Vlasova qeydiyyatdan keçdikdən 40 dəqiqə sonra onunla bağlı göstərişi alıblar. Həmin vaxt isə Vlasova artıq təyyarənin salonunda əyləşib. Lakin rusların bu çevikliyi heç bir nəticə verməyib. Təyyarəyə minik başa çatsa da, aktrisa sovet çekistlərinə əl etsə də, "İl-62M"-in uçuşu təxirə salınıb.

Reysin icrası dayandırıldıqdan sonra Amerika və sovet diplomatları arasında danışıqlar başlanılıb. Bu danışıqlar nə az, nə çox, düz üç gün davam edib. Amerikalılar SSRİ tərəfini Vlasovanı məcburi Moskvaya aparmaqda ittiham ediblər, SSRİ tərəfi isə ABŞ-ı sovet vətəndaşlarını öz ölkələrinə qarşı çıxmağa məcbur etməkdə günahlandırıb.

Təyyarədə başqa ölkələrdən olan 44 sərnişin yaxınlıqdakı mehmanxanaya yerləşdirilib. Bir qrup sərnişin biletlərini başqa reyslərə dəyişdirib. Təyyarədə 68 sərnişin qalıb ki, onlardan 25 qadın, 13-ü uşaq olub. O cümlədən Lyudmila Vlasova da salonun ön sıralarındakı oturacaqlardan birində əyləşib. Onu DTK əməkdaşları nəzarətdə saxlayıblar. Bir sutkadan sonra sərnişinlər hava limanının hesabına qida ilə təmin ediliblər.

Üç gün ərzində hava limanında və təyyarənin salonunda jurnalistlər üçün bir neçə dəfə mətbuat konfransı keçirilib. Jurnalistlərlə sonuncu görüşdə Lyudmila Vlasova bəyanatla çıxış edib:

"...Mən həyat yoldaşını çox sevirəm. Amma bu sevgi məni Amerikada saxlaya bilməz, məni SSRİ-yə, öz vətənimə xəyanət etməyə məcbur edə bilməz. Diqqətinizə çatdırıram ki, mənim ABŞ-da qalmaq fikrim yoxdur, heç kim məni heç nəyə məcbur etmir. Mən SSRİ-yə öz istəyimlə gedirəm və mənim seçimimin diplomatik şouya çevrilməsini də mənasız sayıram. Ümid edirəm ki, mənim yenə də Amerikaya qastrol səfərlərim olacaq, mən amerikalı tamaşaçılarımla yenə də görüşəcəyəm, amma bu görüşlərin, bu səfərlərin heç bir siyasi motivi olmayacaq. Mən bu fikirlərimi əvvəlcədən də həyat yoldaşıma çatdırmışdım..."

Beləliklə, üç günlük danışıqlar, görüşlər, anlaşmalardan sonra Nyu-York-Moskva reysini icra edən "İl-62M" avqustun 27-də saat 17-00-da səmaya qalxıb. Lyudmila Vlasova bu dəfə təkcə sovet çekistlərinə deyil, həm də amerikalı diplomatlara əl yelləyib.

Moskvaya qayıtdıqdan sonra Vlasova Qodunovla nikahının pozulması üçün rəsmi orqanlara müraciət edib. İki illik yazışmalardan sonra onlar səfirliklər vasitəsilə boşanıblar. Nikahın pozulması ilə bağlı şəhadətnaməni aldığı gün Vlasova Böyük Teatrın solisti Yuri Statniklə ailə həyatı qurub.

Aleksandr Qodunovu isə Amerika Balet Teatrı öz kollaktivinə qəbul edib. Daha sonra o, Nyu-Yorkda öz truppasını yaradıb.

Qodunovun Moskva ilə bütün əlaqələri kəsilib. Anası və qardaşları da Riqaya köçüb. 1995-ci ilin aprel ayında uzun illərdən sonra o, Riqaya səfər edib, doğmaları ilə görüşüb. Bu, onun son səfəri və son görüşü olub. Qodunov 18 may 1995-ci ildə vəfat edib. Alkoqolizmdən əziyyət çəkən aktyorun ölüm səbəbi hepatit xəstəliyi olub.

Milli.Az


Etiketlər:  ABŞ dan sığınacaq alan ər SSRİ qayıdan arvad balet ustalarının qalmaqallı ayrılığı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ