Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Adı Qarabağ torpağında əbədiləşdiriləcək Kurmanqazı kimdir?

Adı Qarabağ torpağında əbədiləşdiriləcək Kurmanqazı kimdir?

Tarix: 25 Avqust 2022 09:54

Sonxeber.net "yeni müsavat"da dərc olunan məqaləni təqdim edir.

Avqustun 24-də Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev qardaş ölkənin "Bİ-Group" Holdinqi tərəfindən Füzuli şəhərində uşaqlar üçün inşa ediləcək Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin layihəsi ilə tanış olub.

Füzuli şəhərində Yaradıcılıq Mərkəzinin tikintisi layihəsi Qazaxıstan Prezidentin şəxsi tapşırığı əsasında qısa müddət içində hazırlanıb. Artıq 2 ha ərazidə məkan müəyyən edilib. Orada çağdaş memarlığa və Füzuli şəhərinin baş planına uyğun binalar, amfiteatr inşa ediləcək. Mərkəzdə uşaqların yaradıcılığını üzə çıxarmaq və inkişaf etdirmək üçün hər cür ortam olacaq.

Gəlin Qazax bavurlarımızın klassik bəstəkarı, instrumentalist və ulu el sənətkarı Kurmanqazını yaxından tanıyaq:

Kurmanqazı Sağırbayulı (Kurmangazy Sagyrbayuly; 1818 (və ya 1823)-1896) -

Bökey Ordasında (indiki Qazaxıstan Respublikasının Günbatar Qazaxıstan vilayətinin Bökeyorda rayonunda) kasıb Sağırbayın ailəsində anadan olub. Qazax xalqını təşkil edən üç jüzdən "Kiçik jüz"ün Bayulı nəslinin Qızılqurd tirəsindəndir. O, hələ uşaq yaşlarındaykən dombra çalmağa başlayıb. Kurmanqazıda erkən yaşlarından musiqiyə qarşı duyulan böyük həvəs və vurğunluq atası tərəfindən birmənalı qarşılanmasa da, anası sevimli oğluna dəstək durub.  - Parlaq şəxsiyyət və güclü iradə sahibi olan Alka xanım, oğlunun musiqiyə olan sevgisini düzgün dəyərləndirib, ona inanıb.

Kurmanqazının uşaqlığı çətin ortamlarda keçib (Ağır yoxsulluğun təsiri altında o, bir müddət (4 il) çobanlıq etməli olub). Bununla belə, Kurmanqazı doğma auluna gələn küyşiləri (musiqiçiləri) həvəslə dinləyirdi. O, qoşasimli dombranın səsinə aşiqdi; o, böyük çölün parlaq musiqiçisi Sokir Eszhanı dinləməkdən doymur, onun dombrasının "dil"ini, "din"ini anlayır, ona dərin vurğunluq içində, öz xəyallarını qururdu. Kurmanqazının doğma auluna gələn küyşilər sırasında ünlü küyşi Uzak özəlliklə seçilirdi və məhz o, gənc Kurmanqazının musiqiyə böyük marağını fərq edir, onun gələcəkdə parlaq sənətkar ola biləcəyinə inanır. Beləliklə, Kurmanqazı 18 yaşında doğma aulunu tərk edərək, (necə deyərlər, bir növ) dərvişanə yaşama - köçəri küyşinin "sərsəri həyat"ına başlayır. O, Bayjuma, Balamaysan, Baybaktı, Yesjan və Şerkeş kimi (o dövrün) ünlü dombraçılardan dərs alaraq, ustalığını inkişaf etdirməyə davam edir. Kurmanqazı ustadı Uzak ilə yaxın-uzaq ellərdəki müxtəlif sənət yarışlarında iştirak edir və görkəmli dombraçılar sırasına yüksəlməyi bacarır.

Kurmanqazının "Kişkentay" ("Кішкентай" - "Kiçik") adlı ilk küylərindən (bəstələrindən) biri xalq üsyanına həsr olunub. O, xalqdan qopuq yaşayan, xeyirxahlıq damarı olmayan varlıları açıq tənqid etdiyi üçün təqib olunurdu. Haqsevər sənətkar bir neçə dəfə həbsə atılsa da, təslim olmayıb. O, Uralsk, Orenburq (və bəzi qaynaqlara görə İrkutsk) şəhərlərinin qazamatlarında tutulub (Onu da vurğulayaq ki, adıkeçən şəhərlərdə o vaxtlar qazaxlar və digər türk xalqları üstünlük təşkil edirdi. Qazaxıstan respublika olaraq qurulanda ilk paytaxtı Orenburq olub). Öz sənətkar həyatı boyunca, özəlliklə gənclik illərində təhqir və təqiblər görmüş Kurmanqazı bəstələdiyi "Alatau" və "Sarıarka" küylərində (mahılarında) xalqın azadlıq düşüncələrini, qazax ellərinə dərin məhəbbətini təcalla etdirib.

Kurmanqazı Sağırbayulının davamçısı - Urallı jurnalist və şair Nikita Saviçev "Uralskiye voyskovıye vedomosti" qəzetində yazırdı: "Sağırbayulı nadir musiqi ruhuna sahibdir və əgər o, Avropa təhsili alsaydı, musiqi dünyasının bir saylı ulduzu olardı"...

Kurmanqazı 1862-ci ildə həmyerlisi - başqa bir böyük kuyşi Dəuletkerey ilə görüşüb, tanış olur. Hər iki dombra improvizəçisi bir-birini nəzərəçarpacaq dərəcədə təsirləndirib. Təsadüfi deyil ki, Kurmanqazı Dəuletkereyin "Bülbül" bəstəsini öz repertuarına daxil edib.

"Sınıracam", "Sabah gedəcəm", "Kisən akkan", "Həbsxanadan qaçıb", "Araba vurdu" və b. mahnılar Kurmanqazının ünlü əsərlərindəndir...

***

Kurmanqazının beşinci babası (çox güman ki), Baltabaylar nəslindən olan sənətkar olub. Onun yeddinci babası Ərşi isə odlu-alovlu danışığı,  bəlağəti, natiqliyi ilə seçilən bir insan kimi tanınıb. O, Beriş tirəsi ilə də sıx qohumluq bağlarına malik olub. (Qazax elinə qıraqdan basqılar zamanı igidliyi ilə seçilən Ağatay Batırın adı Beriş tirəsinin şüarı sayılıb; o vaxtdan Ötəmiş bi, Mahambet Ötemisulu, İsatay Taymanulı təkcə Beriş tirəsinin deyil, bütövlükdə qazaxların şərəfli oğulları olaraq sevilib).

Sənətkar fiziki ömrünün son illərini də şagirdlər tərbiyə etməyə və habelə ovçuluğa həsr edib. O, indiki Həştərxan vilayəti, Volodar qəzasının Altınjar şəhərində vəfat edib. Ruhu şad olsun!

Sənətkarın doğulduğu rayon hazırda onun şərəfinə Kurmanqazı adlanır. Qardaş Qazaxıstanın böyük oğlunun adı, onun vəfatından 126 il sonra Türk dünyasının, başqa bir böyük sənətkarı - Şərqin qüdrətli söz ustadı Füzulinin adını daşıyan rayonda da əbədiləşdirilir. Qazaxıstanın Qafqazdakı bavuru Azərbaycanın Füzuli şəhəri 44 günlük Vətən müharibəsinin gedişində (17 oktyabr 2020) azad olunan ikinci şəhərimizdir.

Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzində Füzulinin gələcək şən sakinləri, yetənəkli balalarımız dörd istiqamətə yararlana biləcək:

musiqi - vokal və xor oxuma;

çağdaş texnologiyalar;

sənət və yaradıcılıq (dulusçuluq, heykəltaraşlıq) və

idman, xoreoqrafiya...

Qardaşlığımıza xeyirli-uğurlu olsun! Belə bir düşüncəyə gəlmək, fikir hasil etmək, layihələndirmə aparmaq və gerçəkləşdirmək özlüyündə xeyirdir, uğurdur.

Paralellər

Kurmanqazının həyatı çox mürəkkəb idi, o, yeniyetmə və gənc yaşlarındaykən doğru ilə yanlışı ayırmağa, həyatda fəal mövqe tutmağa çalışırdı. Onun yeniyetməlik, gənclik illəri Çar Rusiyasının həyata keçirdiyi müstəmləkəçilik siyasətinin tüğyan etdiyi, qanlar axıdıldığı illərə düşmüşdü.

O, taleyin sərt üzünə sənətin gücü ilə çıxırdı.

Kurmanqazının həyat eşqi tükənməzdi və bu tükənməzliyi tərənnüm edirdi.

Kurmanqazının sənətkar şəxsiyyəti onun konseptual musiqiçi olması ilə səciyyələnir. Yalnız öz dövrünə qapanıb qalmamaq, nəsillərin taleyinə təsir edən  hadisələri, tarixi, çağdaşlığı və gələcəyin üfüqlərini öz yaradıcılığında təcalla etdirmək Kurmanqazının mənəvi təlabatına, sənətçi təbiətinə xas özəllik idi.

Kurmanqazının sənətkarlığı, onun malik olduğu sənətkar hünəri, ülvi ruhu yalnız özünü ifadə etmir, onu yetirən mühiti, mənsub olduğu xalqın mənəvi zənginliyini göstərir. Kurmanqazı təkcə öz sənəti ilə deyil, həm də Ömrü ilə doğma xalqının bütün keyfiyyətlərini, keşməkeşli dönəmlərdə xalqı diri tutan ruhu, xəlqi cəsarəti təcəssüm etdirir. Onun haqqında belə deyilir: şeirdə Məhəmbət (M.Ötəmişulu) kimi, elmdə Şokan (Ş.Vəlixan) kimi, döyüş meydanında Kenesarı (K.Kasımulı; xan) kimi şan-şöhrətə, var-dövlətə aldanmadan mərd yaşadı...

Füzili şəhərinin, Qarabağın, Azərbaycanın da taleyi keşməkeşli olub. Bəzən bir insanın ömrü bir şəhərin, ölkənin taleyinə oxşaya bilər. (Türk dünyası bir bütövdür, bizim ortaq keçmişimiz olduğu kimi ortaq gələcəyimizi düşünməyimiz, belə düşüncələrimizi gerçəkləşdirmək haqqımız var)! Şəhərlərin, ölkələrin və qardaşlığın (!) ömrü şəxsiyyətlərin, sənətkarların ömrü ilə zənginləşir, üfüqötəsinə uzanır... Sənətkarlarımız, aydınlarımız kimi, şəhərlərimiz, Qarabağımız, Azərbaycanımız da çətin günlər yaşayıb amma sınmayıb, dirəniş göstərib, hünər göstərib və Zəfər qazanıb. Qardaş Qazax xalqının mübariz sənətkar oğlunun adı Füzuli şəhərindəki yeni mədəniyyət ocağına çox yaraşacaq! Orada yetişən, qanadlanan yeniyetmə və gənclər Füzulinin, Qarabağın, Azərbaycanın gözəlliklərini bütün Türk dünyasına yayacaqdır!

Heç nə təsadüfi deyil! Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Qazaxıstanın ən yüksək dövlət təltifi "Altın kıran" ("Qızıl qartal") ordeni ilə təltif olunması da özündə rəmzlər və dərin məna daşıyır. Qardaş ölkənin ən yüksək ordenini dövlət başçımıza təqdim edərkən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu qürurverici tarixi sözləri dedi: "Qazaxıstanda Sizi görkəmli dövlət xadimi, bütün dünyada Azərbaycanı tarixi Zəfərə, Təhlükəsizlik Şurasının qətnamələrinə tam müvafiq olaraq ərazi bütövlüyünün bərpa edilməsinə gətirib çıxarmış şəxsiyyət kimi tanıyır, ehtiram bəsləyir, hörmət edirlər. Bu münasibətlə Sizi bu gün şəxsi görüşümüz zamanı təbrik etmişəm. Siz dövlətlərimiz arasında çoxtərəfli, çoxşaxəli əməkdaşlığın inkişafına böyük töhfə verirsiniz. Bütün qazax xalqı adından ehtiram əlaməti olaraq bu gün Sizə "Altın kıran" ordenini təqdim etmək istərdim".

Dövlətlərimiz, dövlət başçılarımız var olsun!

Altın kıranın - Qızıl qartalın qanadlandığı göy üzü heç vaxt qaralmasın,

üfüqü heç vaxt daralmasın!

Füzulinin və Kurmanqazının ruhu şad olsun!


Etiketlər:  Adı Qarabağ torpağında əbədiləşdiriləcək Kurmanqazı kimdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ