Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İrəvanın Zəngəzur kələyi - Bakının budəfəki cəzası daha ağır olacaq

İrəvanın Zəngəzur kələyi - Bakının budəfəki cəzası daha ağır olacaq

Tarix: 25 Avqust 2022 12:02

Ermənistan həm Azərbaycan və Türkiyəni, həm də Rusiyanı narazı salmağa davam edir; Paşinyan eyni vaxtda Putinin də qəzəbinə gələ bilər...

Bu günlərdə Ermənistan Təhlükəsizlik Xidməti adından Azərbaycanın materik hissəsini Naxçıvanla birləşdirəcək yolda üç yoxlama-buraxılış postunun qurula biləcəyi haqda anons verildi. Bunlar Sotk-Kəlbəcər, Yerasx-Sədərək və Karaunc-Eyvazlıdır. Halbuki 10 noyabr üçtərəfli sazişin 9-cu bəndinə əsasən, erməni tərəfinin Zəngəzur dəhlizində, yoxlama postları qurmağa ixtiyarı yoxdur - nə girişdə, nə də çıxışda. 

Kapitulyasiya aktının həmin bəndini bir daha xatırladırıq: "Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə MANEƏSİZ (seçdirmə bizimdir - red.) hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək".

Göründüyü kimi, Azərbaycanın materik hissəsi ilə Naxçıvanı birləşdirən yollarda nəqliyyat vasitələrimizə, yüklərimizə, vətəndaşlarımıza Ermənistan maneə yarada, Zəngəzur koridorunda buraxılış məntəqəsi, post-zad qurula bilməz. Dəhliz məntiqi də elə budur. İrəvan isə, belə görünür, "dəvəquşu siyasəti"ni davam etdirir, bizə yenə kələk gəlmək istəyir. Demək, qarşılığına da hazır olmalıdır.

"Azərbaycanın Naxçıvanla əlaqə saxlamaq üçün Sotk (Kəlbəcər), Yerəşx (Sədərək), Karaunc (Eyvazlı) keçid məntəqələrindən istifadə edilməsi təklifi rəsmən elan olunarsa, Bakı bunu 10 noyabr 2020-ci il üçtərəfli bəyanatda nəzərdə tutulan maneəsiz və təhlükəsiz giriş öhdəliyindən İrəvanın faktiki imtinası kimi qiymətləndirəcək".

Milli.Az "yeni müsavat"a istinadən xəbər verir ki, bu barədə politoloq Rasim Musabəyov öz Facebook səhifəsində yazıb.

Politoloqun sözlərinə görə, İrəvan yəqin ondan çıxış edir ki, Bakı erməniləri Laçın dəhlizinin yerinin dəyişməsi olayı faktı qarşısında qoyduğu üçün, onlar da analoji hərəkət edə bilərlər. "Ancaq bu, əsla uzaqgörənlik deyil. Mehridən keçən dəmir yolu bərpa olunacaq, çünki bu, təkcə Azərbaycanın deyil, Rusiya və İranın maraqlarına uyğundur. Avtomobil yoluna gəlincə, Bakının Naxçıvanla əlaqəsi üçün Arazın İran sahili boyunca qısa marşrut olacaq. Yəni Naxçıvanla əlaqə problemini biz bu və ya digər formada həll edəcəyik. Ermənistan hakimiyyətinin qeyri-konstruktiv davranışı isə cəzasız qalmayacaq. Bakının əlində bunun üçün çoxlu rıçaqları var və həmin rıçaqlar işə düşəndə ermənilərin bütün dünyada qaldıracaqları vay-şivən onlara kömək etməyəcək. Əgər sərt oyun oynamaq istəyirsizsə, buyursunlar. O zaman artıqlaması ilə cavabını alacaqlar", - deyə o, Paşinyan iqtidarını xəbərdar edib.

Qardaş Türkiyədən də İrəvanın ünvanına xəbərdarlıqlar gəlməyə davam edir.

"Ermənistan öz üzərinə düşən öhdəlikləri yerinə yetirmir".

Bunu srağagün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Haber Global" telekanalına müsahibəsində deyib.

Türkiyənin XİN başçısı vurğulayıb ki, Cənubi Qafqazda sabitlik yalnız Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsindən sonra mümkün ola bilər.

"Azərbaycan artıq bu istiqamətdə təkliflə çıxış edib. Azərbaycan və Ermənistan XİN başçılarının Brüssel görüşü zamanı sözügedən istiqamətdə fəaliyyətin qurulmasına dair danışıqlar aparıldı. İki ölkə arasında sərhəd komissiyaları yaradıldı. Ermənistan öz üzərinə düşən öhdəlikləri yerinə yetirməyib. Bilirsiniz, Zəngəzur dəhlizi məsələsi var. Bunları səsləndirdikdə Ermənistan tərəfi narahat olmağa başlayır. Bütün bu məsələlər sənin özünün imza atdığın üçtərəfli bəyanatda əksini tapıb. Sən bölgədə, həqiqətən, sülh və əməkdaşlıq istəyirsənmi? Üstəlik, anlaşmaya görə, Rusiya sülhməramlı kontingentinin bölgəyə daxil olması ilə bərabər, Ermənistan hərbçiləri oranı tərk etməli idilər. Amma 2 il keçib və hələ də orada erməni əsgərlər var".

Məsələ ondadır ki, Ermənistan rəhbərliyi öz ikili sülh oyunları ilə Azərbaycan və Türkiyəni bezdirməklə yanaşı, paralel surətdə erməni cəmiyyətində altdan-altdan anti-Rusiya isterikasını körükləməklə yeganə xilaskarı Rusiyanı da təngə gətirib. Ötən həftə Moskvanın ilk dəfə olaraq Ermənistana etiraz notası göndərməsi ən əvvəl bunun təzahürü sayılmalıdır.

Başqa sözlə, Rusiya da Paşinyan iqtidarından narazıdır. Diqqətçəkici olan isə həm də bu narazılığın İlham Əliyevlə Nikol Paşinyan arasında gözlənilən növbəti görüş ərəfəsində pik nöqtəyə çatmasıdır.   

"Kreml Nikol Paşinyanı son hadisələrə görə yenidən cəzalandıracaq. Bu, konkret olaraq Azərbaycan lideri İlham Əliyevlə görüş öncəsi baş tutacaq. Moskvanın bir neçə gün öncə İrəvana ünvanladığı notanı yada salın".

Bu sözləri Ermənistan telekanalının efirində yayımlanan "İcmal" verlişi zamanı tanınmış rusiyalı politoloq Aleksey Malaşenko deyib (Axar.az).

"Gözlənilən danışıqlar bir sıra siyasi addımlardan sonra baş tutacaq. Birincisi, Moskvanın bu günlərdə İrəvana göndərdiyi notanın fəsadları. Bu, ciddi bir faktdır və ikitərəfli münasibətlərdə müəyyən atmosfer, həmçinin bu səviyyədə danışıqlardan əvvəl müəyyən əhval-ruhiyyə yaradır. Bunun fəsadlarını Nikol Paşinyan görüşdən öncə hiss edəcək. İkincisi, bundan əvvəlki görüşlər və bəzi istiqamətlər üzrə irəliləyiş konkret olaraq Brüsseldə baş vermişdi. Moskva prosesi köklü dəyişmək niyyətindədir. Görüşün gündəliyində hansı məsələləri müzakirə edəcəyini söyləmək çətindir, çünki ciddi proseslər gedir. Üçüncü və ən vacib məsələ isə sülhməramlıların Qarabağdan çıxarılmasıdır. Göründüyü kimi, Brüssel Bakı və İrəvan arasında gərginliyin azalmasına nail ola bilir, Kreml isə tam olaraq Ukraynaya diqqətini yönəldib. Beləliklə, sülhməramlıların Qarabağdan çıxarılması mövzusu hər zamankından daha real görünür", - deyə rusiyalı politoloq vurğulayıb.

Beləcə, regionun açar ölkələri olan Azərbaycan və Türkiyə, eləcə də kapitulyant ölkənin şəriksiz yiyəsi Rusiya hazırda Ermənistandan ciddi şəkildə narazıdır. Demək, Paşinyan eyni vaxtda Putinin də qəzəbinə tuş gələ bilər. Proseslərin hara getdiyini düzgün hesablamaq isə ən əvvəl Nikol Paşinyn rejiminin problemidir...

P.S. Yazı hazırlanarkən məlum oldu ki, V.Putin və N.Paşinyan növbəti dəfə 10 noyabr üçtərəfli bəyanatlarının icrasını müzakirə ediblər. "Sputnik Armenia"nın yaydığı xəbərə əsasən, tərəflər arasında telefon danışığı rəsmi İrəvanın təşəbbüsü ilə baş tutub. "Putinlə Paşinyan Qarabağdakı durumu müzakirə ediblər. Eyni zamanda, 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrasının vacibliyi vurğulanıb. Bundan başqa, tərəflər regionda sabitliyin qorunması üçün Rusiya sülhməramlılarının fəaliyyəti barədə fikir mübadiləsi aparıblar", - məlumatda bildirilir.

Milli.Az


Etiketlər:  İrəvanın Zəngəzur kələyi Bakının budəfəki cəzası daha ağır olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ