Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Sentyabr 2022 20:06
Günlərdir sosial şəbəkələrdə paylaşılan, hətta türk məşhurların belə biganə qalmadığı azərbaycanlı gənc ifaçılardan biri Fuad Əlizadə OLAY-a açıqlama verib.
Sonxeber.net olay-a istinadən xəbər verir ki,Fuad türk komediya aktyoru Cem Yılmazın onun ifasını paylaşdığını görəndə necə sevindiyindən bəhs edib:
"Cem Yılmazın bizimlə bağlı paylaşımını görüb qürur hissi keçirdim. Həmin videonu dostum çəkib. TikTok-da videolarımız çoxdur, ancaq bu ifamız insanlar tərəfindən daha çox sevildi. Səbəbini özüm də bilmirəm, bəlkə də o mahnını bizim tərzdə oxuyan olmamışdı deyə...".
"Tək gəlir yerim səsimdir" deyən F. Əlizadə bu istedadının ona irsən keçdiyini vurğulayıb:
"Küçədə, müxtəlif məkanlarda mahnı oxuyub pul qazanıram. Skripka təhsili almışam. Əslən qarabağlıyam, mərhum xanəndə Səxavət Məmmədovla qohumuq. Səsim də genlə gələn istedadımdır. Əgər əlimdən tutub dəstək olan olsaydı, musiqi təhsili almağı çox istəyərdim, təhsil önəmlidir. Əməkdar artist Cabir Abdullayevdən dərs almaq isə böyük arzumdur".
Fuad yerli məşhurlarımızdan da incidiyini gizlətməyib:
"Türk məşhurlar bizi paylaşana qədər bizimkilər harada idilər? Niyə bizi görmürdülər? İndi anlayırlar ki, bizə dəstək lazımdır. Maddi dəstək bir yana, heç olmasa mənəvi dəstək olardılar...".
Gənc ifaçı küçədə mahnı ifa edən zaman ətrafdakı insanların ona reaksiyasından da söz açıb:
"Yanımızdan ötüb keçən insanların əksəriyyəti ifalarımızı bəyərənərək alqış edirdi. Bəziləri isə sərt reaksiya verib, qulaqlarını tutaraq oradan uzaqlaşırdılar. Amma yenə də insanların əhatəsində olub, mahnı oxumaq mənə zövq verir".
Qeyd edək ki, Fuadın dostu ilə birlikdə səsləndirdiyi "Bilir o beni" ifasının türkiyəli məşhurlar Cem Yılmaz, Demet Özdemir və İlayda Alişan sosial şəbəkə hesablarında paylaşaraq dəstək olublar.