Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Sentyabr 2022 12:25
"İnsanları güldürmək çətindir, ağlatmağa nə var ki?! Əslində mən dram və kino aktyorluğu fakültəsində oxumuşam. İndiyə qədər yadımdadır ki, 2002-ci ildə səhnədə ilk dəfə dram tamaşasında oynadım. Tamaşa qurtaran kimi hər kəsin ağladığının şahidi oldum. Bəzən öz-özümə sual verirəm ki, mən dramı yaxşı oynayıram yoxsa komediyanı?!"
Sonxeber.net xəbər verir ki, bunu moderator.az-a açıqlamasında tanınmış aktyor Müşfiq Şahverdiyev deyib. O daha sonra filmlərə çəkilməyindən danışıb.
"Rejissorlar bəzən elə qiymət təklif edirlər ki, adam aktyor işlədiyi üçün bu sənətə nifrət edir. Aktyor sənətini ucuzlaşdırmaq olmaz. Təbii ki, bunun günahkarı həm rejissorlar, həm də aktyorlardır. Şəxsən mən bazarlıq etməyi sevmirəm. Çünki bazarlıq aktyor sənətini ucuzlaşdırır. Dediyim qiymətə çəkilirəm. İstəyirsən çək, istəmirsən çəkmə" deyə sənətçi bildirib.
"Sosial şəbəkələrdən pul qazana bilirsiniz?" sualına isə aktyor belə cavab verib.
"Sosial şəbəkələrdən pul qazanmaq üçün onunla ciddi məşğul olmaq lazımdır. Biz də iş-güc adamıyıq, bütün günü çəkilişlərdə oluruq. Canlı yayımlar açmaq lazımdır, insanları dəvət etmək lazımdır. Yutubda layihə edəndə ordan az da olsa qazanıram. Bilirsiniz ki, baxış sayı çox olmalıdır. İnsanların baxması üçün də onları təəccübləndirmək lazımdır. Bu gün isə insanları təəccübləndirmək çətindir, hətta müşkül məsələyə çevrilib" deyə aktyor bildirib.