Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

KTMT Paşinyana “yox ”dedi - Sərhəddə təxribatların davam etməsinin səbəbi nədir?

KTMT Paşinyana “yox ”dedi - Sərhəddə təxribatların davam etməsinin səbəbi nədir?

Tarix: 16 Sentyabr 2022 12:51

Azərbaycan üzv olmadığı təşkilatda belə, söz sahibi kimi çıxış edir, Ermənistansa rəhbərlik etdiyi qurumda "köhnə əski" statusundadır; Paşinyan hakimiyyəti delimitasiya və demarkasiya prosesindən yayınmaqla intihar kəndirini öz boğazına keçirmiş oldu; siyasi şərhçidən mühüm xatırlatma: "KTMT-nin ən azı iki mühüm gücü Azərbaycanla həm də hərbi müttəfiqdir"

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) missiyası Ermənistan sərhədində monitorinq aparmaq qərarı versə də, atəşkəslə bağlı razılıq əldə olunsa da, sərhəddə gərginlik səngimir. KTMT dövlət başçılarının fövqəladə videotoplantısında verilmiş qərara görə, qurumun baş katibi belaruslu general Stanislav Zasın rəhbərlik etdiyi qrup Ermənistan və Azərbaycan sərhədində (hələ müəyyən olunmamış sərhəddə-E.P.) monitorinq aparmalı və vəziyyətlə bağlı dövlət başçılarına hesabat təqdim edilməlidir.

Bundan əlavə, vəziyyəti təhlil etmək üçün yaradılan işçi qrupa KTMT-nin katibliyinin əməkdaşları və müştərək qərargahın hərbi qulluqçularının daxil olması razılaşdırılıb. Zası KTMT-nin Birləşmiş Qərargah rəisi, general-polkovnik Anatoli Sidorov və təşkilata üzv dövlətlərin nümayəndələri də müşayiət edəcək. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkə parlamentində çıxışı zamanı KTMT müşahidə missiyasının sentyabrın 15-də Ermənistana gələcəyini bildirmişdi. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının nümayəndə heyətinin gələn həftə İrəvana gedəcəyi dəqiqləşib. KTMT-nin Birləşmiş Qərargahının rəhbəri Anatoli Sidorov deyib ki, Ermənistanla Azərbaycan sərhədində güc tətbiqi müzakirə mövzusu deyil. "Təşkilat münaqişənin sülh yolu ilə həllinə ümid edir", - deyə Sidorov vurğulayıb. Onun sözlərinə görə, missiyanın göndərilməsi təklifi Putin tərəfindən irəli sürülüb və təşkilata üzv olan bütün dövlətlər tərəfindən dəstəklənib. Hələlik Ermənistana KTMT sülhməramlı kontingentinin göndərilməsindən söhbət getmir.

Missiya regiondakı vəziyyətlə bağlı hesabat hazırlayacaq və yaranmış gərginliyin azaldılması variantlarını təklif edəcək. Hesabat isə KTMT-nin payızda İrəvanda keçirilməsi planlaşdırılan növbəti sessiyasında dövlət başçılarına təqdim olunacaq. Qeyd edək ki, iyunun 6-da İrəvanda KTMT Parlament Assambleyası Şurasının iclası keçirilib. Bu ilin mayında isə KTMT-nin Moskvada keçirilən yubiley toplantısı bəzi narazılıqlarla yadda qalmışdı. Həmin iclasda Ermənistanın baş naziri Nikol Paşinyanın təmsil olunduğu hərbi ittifaqdan narazılıq etməsi, Ermənistana qarşı "ikili standart" yürüdülməsi kimi fikirlər səsləndirməsi qurum üzvü olan ölkələrin etirazına səbəb olmuşdu. Hətta Rusiya prezidenti Vladimir Putin də quruma keçici sədrlik edən Paşinyanın fikirləri ilə razılaşmamışdı, replikası ilə erməni baş naziri pərt etmişdi. Bundan başqa, Rusiya Ukrayna problemi ilə əlaqədar qurumun tam dəstəyini əldə etmədiyini önə sürmüşdü.

Yada salaq ki, Ermənistanın baş naziri ötən ilin yayında da hay-küy yaradaraq Azərbaycan-Ermənistan sərhədlərinə monitorinq missiyası göndərmək üçün KTMT-yə  müraciət etmişdi. Paşinyan demişdi ki, Azərbaycan da öz növbəsində Ermənistanı təxribatlarda ittiham edir və bunlara aydınlıq gətirmək üçün KTMT-ni bölgəyə monitorinq missiyası göndərməyə çağırmışdı. Paşinyan hətta üz olduğu qurumu  şantaj edərək, "əgər KTMT-nin monitorinq missiyası göndərməsi mümkün deyilsə, Ermənistan mövcud beynəlxalq təşkilatlar səviyyəsində ayrı bir formatı da qəbul edə bilər. Bizim üçün ATƏT-in Minsk Qrupu da qəbulediləndir", - deyə Paşinyan əlavə etmişdi. Lakin KTMT Ermənistanın çağırışlarına reaksiya vermədi.

Ermənistan KTMT-yə müraciətinin 4-cü maddəyə əsaslandığını iddia edir. KTMT nizamnaməsinin 4-cü maddəsinə əsasən, alyans üzvlərindən birinə hücum zamanı digər üzvlər ona yardım etməlidirlər. Belə görünür ki, Paşinyan bu dəfə də KTMT-ni münaqişə edən tərəfə çevirə bilmədiyini yaxşı anlayır. Qeyd edək ki, Paşinyan missiya göndərilməsi qərarından narazı qaldığını gizlətməyib, bunu "minimal addım" hesab etdiyini deyib. Amma indi əlinə düşən bu minimal fürsətdən də yararlanmağa çalışır. Sərhəddə gərginliyin səngiməməsi, Ermənistan tərəfdən təxribatların davam etməsi də bunu göstərir. Paşinyan ordunun verdiyi itkilərə görə ölkə daxilində az qala linç edilir, daxili gərginlik artır. Baş nazir "islanmışın yağışdan nə qorxusu" məntiqi ilə yanaşır və sərhədə "komissiya gələnədək" təxribatların davam etməsində maraqlıdır. Mümkündür ki, Paşinyan Putinlə telefon danışığında KTMT-dən çıxa biləcəyi, ya da yenə Minsk Qrupunun digər üzvlərinə müraciət etməklə şantaj etsin. Putinə isə indilikdə bu məsələdə gərginlik sərf etmir və Ermənistanı sakitləşdirmək üçün belə bir missiya göndərilib...

Azərbaycan hökuməti dəfələrlə və aydın şəkildə bəyan edib ki, üçtərəfli sazişin tələblərinin yerinə yetirilməsinin alternativi yoxdur. Söhbət ilk növbədə Zəngəzur dəhlizinin açılmasından, Ermənistan ərazisindəki Azərbaycan anklavlarının işğaldan azad edilməsindən, separatçı ordunun tərk-silah edilməsindən, sərhədin delimitasiyasından gedir. Qarabağ məsələsinə gəlincə, Azərbaycan erməni icması ilə problemlərin həllini müstəsna olaraq özünün daxili işi hesab edir. Və  Paşinyan hökumətinin erməni icmasının gələcək taleyini iki dövlət arasında aparılan danışıqlarla əlaqələndirmək cəhdlərini rədd edir. Azərbaycan həmsərhəd bölgənin hərbiləşdirilməsinə deyil, iqtisadiyyatın və sosial həyatın daha da çiçəklənməsinə töhfə verən sülh müqaviləsinin tezliklə bağlanmasının tərəfdarıdır.

Elə məhz bunun bariz nümunəsidir ki, rəsmi Bakı birtərəfli qaydada humanitar atəşkəsə çağırış etdi və son döyüşlərdə məhv edilmiş 100 hərbçinin meyitini Ermənistana təhvil verməyə hazır olduğunu bəyanladı. Yalnız bundan bir neçə saat sonra növbəti dəfə "burnu ovulmuş" Ermənistan atəşkəsə razılaşdığını elan etdi. KTMT ölkələrindən Qazaxıstan və Qırğızıstanın bölgəyə hərbi qüvvələr göndərilməsi təşəbbüsünə veto qoyması da rəsmi Bakının uğurlu siyasətinin nəticəsidir. Görünən budur ki, Azərbaycan Ermənistanın nəinki üzvü olduğu, hətta rəhbərliyində təmsil olunduğu təşkilatda belə hətta qat-qat üstün söz sahibidir. Ermənistan isə rəhbərlik etdiyi qurumda da "köhnə əski" statusundadır. Bu mənada simvolik məna kəsb edən KTMT "komissarları"nın - "müfəttişlərin" - bölgəyə gəlişi də heç nəyi dəyişməyəcək. Ən azı ona görə ki, faktiki olaraq iki ölkə arasında dəqiqləşmiş sərhəd xətti mövcud deyil. Ermənistan hakimiyyəti aylardır ki, sərhədlərin delimitasiya-demarkasiyasında irəliyə addım atmağa maraq göstərmir, bununla da əslində intihar kəndirini öz boğazına keçirmiş olub. Məntiqlə, əgər sərhədlər dəqiqləşdirilsəydi, o halda İrəvanın KTMT-yə hərbi yardım müraciətinin də hansısa əsaslarından danışmaq olardı bəlkə də. İndiki halda isə KTMT-nin proseslərə müdaxilə imkanları mövcud deyil. İrəvanın davranışları Azərbaycanın ərazi bütövlüyünün tanınmaması mənasını verir ki, dövlət başçımız da dəfələrlə bəyan edib: əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımayacaqsa, Azərbaycan da Ermənistanın ərazi bütövlüyünü tanımayacaq! Bu mənada Azərbaycan əsgərinin Göyçə gölünün sahilində bayrağımızı sancmasında belə, qeyri-adi nə isə axtarmağa dəyməz.

Milli.Az xəbər verir ki, siyasi şərhçi Elçin Mirzəbəyli "Yeni Müsavat"a açıqlamasında bildirdi ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının apardığı araşdırma formal xarakter daşıyır və hazırlanacaq hesabat təşkilata üzv dövlətlərin siyasi qərarları baxımından, xüsusilə də indiki şəraitdə hər hansı bir əhəmiyyətə malik deyil: "Bununla yanaşı, nəzərə almaq lazımdır ki, KTMT üzvü olan ölkələrdən ikisi - Rusiya və Qazaxıstan Azərbaycanın strateji müttəfiqləri, Qırğızıstan, Belarus və Tacikistan isə strateji tərəfdarlarıdır. Sözügedən təsisatın dominant gücü Rusiyadır və bu ölkə ilə Azərbaycan arasında imzalanmış müttəfiqlik bəyannaməsinin 11-ci maddəsində qeyd olunur ki, Rusiya Federasiyası və Azərbaycan Respublikası öz ərazilərində təşkilatların və şəxslərin digər tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını qətiyyətli surətdə alırlar. 16-cı maddədə isə bildirilir: "Təhlükəsizliyin təmin edilməsi, sülhün və sabitliyin qorunub-saxlanması məqsədilə Rusiya Federasiyası və Azərbaycan Respublikası bir-birinə BMT Nizamnaməsi, ayrı-ayrı beynəlxalq müqavilələr əsasında və Tərəflərdən hər birinin beynəlxalq-hüquqi öhdəliklərini nəzərə almaqla hərbi yardım göstərilməsi imkanını nəzərdən keçirə bilərlər". Mahiyyət etibarilə eyni prinsiplər, Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamədə yer alır. Bu isə o deməkdir ki, KTMT-nin ən azı iki mühüm gücü Azərbaycanla həm də hərbi müttəfiqdir". E.Mirzəbəyli qeyd etdi ki, bu baxımdan, Ermənistanın nə istəməsindən asılı olmayaraq, bu ölkədən başqa KTMT-nin bütün üzvləri, xüsusilə də Rusiya və Qazaxıstan Azərbaycanın hərbi-siyasi müttəfiqləri olduqları üçün dövlətimizə qarşı yönəlmiş təhdidlərə qarşı dəstəklərini əsirgəməmək kimi bir öhdəlikləri var: "Həmçinin nəzərə almaq lazımdır ki, artıq Qazaxıstan Azərbaycan-Ermənistan sərhədləri delimitasiya olunmadığı üçün dolayısı ilə rəsmi İrəvanın iddialarının əsassız olduğunu bildirib və hesab edirəm ki, bu, həm də Rusiyanın mövqeyidir. İndiki şəraitdə Ermənistanın öz öhdəliklərini yerinə yetirməkdən başqa seçimi yoxdur. BMT Təhlükəsizlik Şurasının Fransanın istəyi ilə çağırılmış toplantısında Rusiya təmsilçisinin mətbuat üçün açıqlanacaq sənəddə 10 noyabr 2020-ci il və digər razılaşmaların tələblərinin yerinə yetirilməsinin zəruriliyi barədə məqamın yer almasını tələb etməsi mövcud reallıqlara aydınlıq gətirmək üçün yetərlidir".

N.Paşinyanın sentyabrın 15-16-da Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olan dövlət başçılarının assosiasiyanın genişləndirilməsi ilə bağlı bir sıra qərarların qəbul ediləcəyi sammitdə iştirakdan son anda imtina etməsi də Ermənistanın aqoniya vəziyyətində olmasının və özünü dalana soxmasının məntiqi nəticəsi sayıla bilər. Təxribatçı, revanşçı əməlləri ilə özünü "dəlioğlanlığa" vuran terrorçu ölkənin rəhbəri nəinki etimadı, üstəlik, faktiki olaraq başını itirib. Həm də, görünür, növbəti məğlubiyyət acısından sonra Azərbaycan Prezidenti ilə qarşılaşmaq istəməyib. Həm də KTMT-də sözü eşidilməyən ölkənin rəhbəri ŞƏT-də niyə görünsün ki?..

Milli.Az


Etiketlər:  KTMT Paşinyana yox dedi Sərhəddə təxribatların davam etməsinin səbəbi nədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ