Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Sentyabr 2022 11:48
"Ermənistan rəhbərliyi aldığı ağır zərbələrdən dolayı çox çaşqın bir vəziyyətdədir. Paşinyan bildirmişdi ki, kimin imkanı var, getsin hərbi komissarlıqda növbəyə dayanıb silah alsın. Bu onu deməyə əsas verir ki, Paşinyan başını itirib".
Sonxeber.net xəbər verir ki, bunu musavat.com-a ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov deyib.
"Erməni tərəfi itkilərlə bağlı bu gün də yeni rəqəmlər açıqlayıb, vəziyyət daha da gərginləşəcək. Ona görə də biz öz işimizi bir az da möhkəm tutmalıyıq. Çünki onların ideoloji ataları, anaları onlara mənəvi qida verirlər. Azərbaycana, türk dünyasına son dərəcə nifrəti ilə tanınan ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi sabah İrəvana səfər edəcək. O, erməniləri həddindən artıq sevir. İnsanlar onun ermənilərlə hansı bağlılığının olduğunu yaxşı bilir. Bu gün Ermənistan oturub ciddi nəticələr çıxarmaq əvəzinə bəzi yetkililəri Azərbaycanla bağlı dezinformasiyalar yayırlar, hətta bu qədər itkidən sonra Ermənistan Müdafiə Nazirliyi Azərbaycan ordusunun əsgərlərini guya mühasirəyə aldığı barədə dezinformasiya paylaşır. Daxili auditoriyanı sakitləşdirmək üçün yersiz açıqlamalar verirlər. Bu, Ermənistanın rəzil durumda olmasının açıq göstəricisidir. Ermənistan vəziyyəti nə qədər gərginləşdirəcək, onunçün itkilərin sayı bir o qədər artacaq. Azərbaycan ordusu hazır vəziyyətdədir. Heç kimin şübhəsi olmasın ki, biz haqq uğrunda savaş aparırıq. Bizim kiminsə ərazisində heç vaxt gözümüz olmayıb və yoxdur. Bu gün Ermənistanın üzləşdiyi vəziyyət siyasi-hərbi rəhbərliyin başıboşluğuna, prosesləri düzgün qiymətləndirə bilməməsinə və verdiyi sözün üstündə heç vaxt sona qədər dayana bilməməsinə görədir. Ona görə də Ermənistan günahı özündə axtarmalıdır, 50 dəfə Təhlükəsizlik Şurasının iclasını çağırsa da, 100 dəfə hədələyici bəyanatlar səsləndirsə də mən hesab edirəm ki, Paşinyanın vəziyyəti get-gedə daha da pisləşəcək. Bu gün ona qarşı olan münasibət hətta 2020-ci ildə olan vəziyyətdən də ağırdır. Tanrı Azərbaycan ordusunu, əsgər və zabitlərimizi, xalqımızı qorusun. Bu gərgin dönəmi də geridə qoyaq!", - polkovnik bildirib.